İnsanlara hürriyət, millətlərə istiqlal!

Xankəndidəkilər bizim ayağımıza gəlirlər, ey qrantcanlılar! 

891 20.09.2023 21:26 Siyasət A A

“Oturub düşünür və görürəm: cəmi 24 saatda Azərbaycan elə bir reallıq yaratdı ki, bu, uzun zaman böyük fəxrlə xatırlanacaq. Əziz soydaşlarım, başında “Nəyi, necə, nə vaxt etmək lazımdır - bunu mən bilirəm” deyən, müdrik olduğu qədər də qətiyyətli bir liderin durduğu dövlətimiz 44 günlük savaşdakından da üstün bir bacarıq ortaya qoymaqla yanaşı, bütün dünyaya XXI əsrin bliskriqi nə deməkdir, onu göstərdi, fərqindəsinizmi?”

Musavat.com xəbər verir ki, bu fikirlər deputat Sahib Alıyevə məxsusdur.

Millət vəkili qeyd edib ki, söhbət Nikol Paşinyan kimi Qarabağ məsələsini təkcə geosiyasi alver predmetinə yox, həm də iç siyasətin elementinə çevirməyə çalışan ABŞ-dakı bəlli çevrələrdən gedir:

“Qarşılıqlı asılılıq prinsipi əsasında işbirliyində olduqları hay diasporuna indi deyə bilərlər ki, guya bunlar hərəkətə keçməsəydilər, antiterror tədbiri davam edəcəkdi və soydaşları daha böyük fəlakətlə üzləşəcəkdilər. Qoy desinlər, amma əsas odur ki, biz nə qədər mümkündür, o qədər az şəhid verməklə, mülki adamlara böyük xətər yetirməməklə hətta bliskriq üçün də çox qısa görünən bir vaxtda istəyimizə çatdıq. Cüdodakı kimi düşmənlərin gücündən onların özlərinə qarşı faydalandıq. Bəzi yırtıcı dövlətləri maneçilik törətməmələri üçün neytrallaşdırdıq, bəzilərinə regiona hərbi kontingent göndərəndə güddükləri niyyəti unutdurmasaq da, uddurduq, son zamanlar haylardan çox haylıq etməyə çalışan, bizi lokal antiterror tədbirini dərhal dayandırmağa çağıranlara isə istəyimizə uyğun davranmaqdan başqa ayrı yol buraxmadıq. Yəni biz onların yox, onlar bizim diktəmizə boyun əyərək qarşı tərəfdəkilərə anlatdılar ki, təslim olmaqdan başqa çıxış yolları yoxdur”.

Sahib Alıyev ermənipərəst dairələrin sakit oturacağını güman etmir:

“Əlbəttə, buna görə ölkəmizə bundan sonra daha bərk diş qıcayacaqlar. Baxın, Azərbaycanda qrantla bəslədikləri bəzi ünsürlər, antiterror tədbirinə qarşı çıxanlar artıq əl-ayağa düşərək əldə edilən yeni qələbəni gözdən salmağa çalışır, indi də “Niyə Xankəndiyə girmədik”, - deyirlər. Xankəndidəkilər bizim ayağımıza gəlirlər, ey qrantcanlılar! Onlar Yevlaxa ona görə gəlirlər ki, Azərbaycan vətəndaşı kimi Qarabağda yaşayıb-yaşaya bilməyəcəklərini dəqiqləşdirsinlər. Necə deyərlər, bu, ikinci dərəcəli məsələdir, əsas müqəddəs Bayrağımızın Xankəndidə, Xocalıda, Ağdərədə və indiyə kimi ona həsrət digər yerlərdə dalğalanmasıdır ki, onu da bu gün-sabah görəcəyik”.

Deputat yekunda ürək sözlərini bölüşüb, təbriklərini çatdırıb: “Əziz xalqım, səninlə fəxr edirəm, şanlı ordum, gücün heç zaman tükənməsin, Müzəffər Ali Baş Komandanımız, Siz vətəninə, dövlətinə, kökünə bağlı hər bir azərbaycanlının döyünən ürəyisiniz, Tanrı yar və yardımçınız olsun!”

Elşad,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR