İnsanlara hürriyət, millətlərə istiqlal!

Xankəndidəki “antiböhran şurası” Moskvadan görüş tələb edir

1349 17.05.2023 10:20 Gündəm A A

Qondarma rejimdə özünə iş tapan Paşinyanın adamı Petrosyan general Lentsovla görüşüb və Rusiya ilə 10 noyabr sənədini danışmaq istəyir; separatçılar indi də onu ortaya atıb... 

Qarabağda səfeh işlərlə məşğul olan separatçıların baş qulduru Araik Arutyunyan bu ilin aprelində “prezident yanında antiböhran şurası” yaradıb. “Yeni Müsavat” xatırladır ki, “şuranın nizamnaməsi” də təsdiq edilib, Tiqran Petrosyan adlı yaramaz terrorçu isə ora rəhbər təyin edilib. 


Qondarma nizamnaməyə əsasən, “yeni struktur dövlət hakimiyyəti ilə ictimai dairələr arasında yaranmış böhranlı vəziyyətlərin aradan qaldırılması məqsədilə formalaşdırılıb”. Xatırladaq ki, QHT sektorunun tanınmış üzvü, Soros qanadının Qarabağdakı nümayəndəsi sayılan Tiqran hələ ötən aylardan belə bir “şuranın” yaradılmasını tələb edirdi. Məlumata görə, Petrosyan həmin “şuraya” Ermənistanın baş naziri Nikol Paşinyanın təkidi ilə daxil edilib. Araikin onu separatçılar sırasına daxil etməsinə isə “Daşnaksütyun” partiyasının Qarabağ bölməsinin “parlament”dəki fraksiyasının etirazına səbəb olmuşdu. 

Laçında sərhəd-buraxılış postunun qoyulması ilə bağlı çağırdığı qondarma “təhlükəsizlik şurası”nın iclasına Tiqran Petrosyanın dəvəti isə aranı daha da qarışdırıb. Araikdən T.Petrosyanın həmin iclasda hansı statusa və hüquqa malik olması ilə bağlı izahat tələb edilib. Bu səbəbdən Petrosyan qondarma iclasda iştirakdan imtina edib. Amma Petrosyan indi Xankəndidə Araikin əsas adamı kimi açıq fəaliyyətə keçib. Belə ki, mayın 13-də Petrosyan və “antiböhran şurasının” üzvləri “10 noyabr sənədinin bəndlərinin yerinə yetirilməsini tələb etmək üçün” Rusiya sülhməramlılarının komandanı Lentsovla görüşüblər. 

Rusiya sülhməramlılarının komandanı deyib ki, onun siyasi məsələlərlə bağlı qərar vermək səlahiyyəti yoxdur və bu cür məsələləri başqa sahədə müzakirə etmək düzgün olardı. “Bununla əlaqədar olaraq antiböhran şurası Rusiyanın dövlət və siyasi sferasının nümayəndələri ilə görüş təşkil etmək, bu böhrandan çıxış yollarını müzakirə etmək və həll yollarını tapmaq üçün addımlar atır. "Artsax" siyasi obyektdən siyasi subyektə çevrilməlidir”, - deyə Petrosyan öz sosial şəbəkə hesabından yazıb. Belə görünür ki, separatçılar indi də Petrosyanı ortaya ataraq Moskva ilə növbəti oyun hazırlığındadır. Lentsovun belə bir adamla görüşməsi və müzakirə üçün Bakını deyil, başqa paytaxta yönəldilməsi haqlı suallar doğurur. 

Ermənistanın “Hraparak” qəzeti Xankəndidəki mənbədən əldə etdiyi məlumata görə, Paşinyan hakimiyyəti Brüsseldə Azərbaycanın ərazi bütövlüyünü tanıyandan sonra separatçı rejimin ləğv edilməsi istiqamətində proses sürətlənib. “Jamanak” qəzeti isə bununla əlaqədar yazır ki, guya Paşinyan Babayanı ona görə Xankəndinə göndərib ki, Qarabağın Azərbaycana verilməsi prosesində sonuncu aktı həyata keçirsin. “Onlar artıq müxtəlif sennariləri də müzakirə edirlər. Birincisi, Samvel Babayan "dövlət naziri" olduqdan sonra Laçında quraşdırılmış sərhəd buraxılış məntəqəsinin ləğvini həyata keçirəcək. Azərbaycan tərəfi məntəqəni açacaq, lakin çox sayda erməni Qarabağı tərk edəcək. Bununla da Babayanın nüfuzu artacaq. Ardından isə onun dəstəyi ilə Qarabağdakı rus hərbçilərinin çıxarılmasını tələb edəcək. İddia da bu olacaq ki, ruslar onların təhlükəsizliyini qorumaq gücündə deyil". 

Lakin erməni nəşri “plan”ın bununla bitməyəcəyini də iddia edib. Qəzet yazır ki, bu proseslərə paralel olaraq Qarabağdakı mədənlərin istismarı Azərbaycana həvalə ediləcək. “Oradan alınan pulların isə Qarabağın büdcəsinə köçürüldüyünü bildirəcək. Azərbaycanlılar isə Qarabağda mülkədar hüququ ilə yaşayacaq”. Araikin “müşaviri” olan David Babayan isə deyib ki, hazırda iki yolları qalıb: “Ya müharibə edəcəyik, ya da Azərbaycanın tərkibində yaşamamaq üçün Qarabağı tərk edəcəyik”.

Qulamhüseyn Əlibəyli — Vikipediya

 Qulamhüseyn Əlibəyli

Hüquqşünas Qulamhüseyn Əlibəylinin “Yeni Müsavat”a bildirdiyinə görə, qondarma “antiböhran şurası” yaradılmasında əsas niyyət oyuncaq rejimin mövcudluğunu qoruyub saxlamaqdır. Onun fikrincə, Bakı-İrəvan danışıqlarında müəyyən irəliləyiş var, tərəflər Brüsseldə prinsiplərə sadiq olduqlarını bəyan ediblər: “Bu da o deməkdir ki, Azərbaycan öz ərazilərində suverenliyi tam bərpa etməlidir. Bu da nə Rusiyaya, nə cinayətkar rejimə sərf edir. Onlar Rusiyadakı qüvvələrdən istifadə etməyə çalışacaqlar, Moskva da onlardan yararlanıb bölgədə öz hərbi varlığını uzatmağa cəhd edəcək. Bunu prosesi pozmaq kimi də qiymətləndirmək olar. Amma düşünmürəm ki, indiki vəziyyətdə Rusiya Azərbaycanla ciddi şəkildə münasibətləri korlamaq istəsin”.

Ramiyə Məmmədova: “Hələ ki heç bir qırıcı və Türkiyəyə ekstradisiya edilən  terrorçu görünmür” – MÜSAHİBƏ – XəbərAl.Az

 Ramiyə Məmmədova 

Siyasi şərhçi Ramiyə Məmmədova deyir ki, onlara ruslardan başqa kimsə dayaq olan deyil: “Bunu bildikləri üçün Kremlə üz tuturlar. Həm də beynəxalq diqqəti cəlb etmək hədəfi var. Yəni guya blokada şəraitidir, böhran yaranıb, bu niyyətlə şura yaradılıb, erməni əhalisi sanki çıxılmaz vəziyyətdədir. Belə bir hiylə işlənir. Amma Rusiyaya müraciətlər əbəsdir. Laçın yolunda nəzarət məntəqəsini quranda da çox ümid edirdilər ki, Lentsov nəyəsə nail olacaq. İndi nə Moskva bir söz deyir, nə Brüsseldə bu məsələdən danışıldı. Erməni separatizminin son çırpıntılarıdır”. Ekspertin fikrincə, növbəti mərhələdə bir-biri ilə boğuşan Araik, Vardanyan, Babayan qruplaşmaları özlərini yeyib məhv edəcəklər: “Azərbaycan addım-addım Xankəndi işini həll edir. Ardınca silahlı ermənilər çıxarılacaq, sonra separatçı administrasiya demontaj ediləcək. Bunu birdən etmək olmur. Biz yumşaq güc siyasəti yürüdürük. Ona görə Petrosyan çətinə düşəndə hamıdan qabaq bölgədən qoyub qaçacaq, heç "böhran" yadına düşməyəcək". 

Təhlilçi Qarabağdakı terrorçu rejimin Rusiyadan qidalandığını, Ermənistandan əvvəlki dəstəyin olmadığını düşünür: “Ruslar onlar üçün qarantdır. Bunu açıq dilə gətirirlər. Ona görə şikayəti Moskvaya edirlər, görüş üçün Rusiyaya gedirlər. Əvvəllər Araik Moskvaya tez-tez gedərdi, Vardanyan da Rusiyadan gəlib, Petrosyan da ora getmək istəyir, Babayanı hətta rus telekanalları efirə çıxarmışdı. Bu elementlər separatizmin haradan ilham aldığını təsdiqləyir. Ona görə təəccüblü hal yoxdur ki, görüş istəyirlər. Lentsov da gələr-gəlməz ilk görüşü Araiklə oldu. Yəni Qarabağda separatizmin dayaq nöqtəsi Rusiyadır. Əgər Moskvanın təsirləri olmasa, nə onlar orada üç gün qala bilər, nə Ermənistan onları qorumaq gücündədir. 44 günlük müharibədə Xankəndidə 7 nəfər qalmışdı. Sadəcə, Petrosyan və digər cinayətkar ünsürlər heç nə əldə edə bilməyəcəklər. Biz halqanı onlar üçün elə daraltmışıq ki, nəfəslikləri qalmayıb. Yüksəkliklər bizdə, Laçın yolu nəzarətimizdə, torpaq yollar götürülüb, heç yerə çıxa bilmirlər. Sadə erməni əhalisi isə yoxlanılıb buraxılır. Məncə, prosesin son addımlarına yaxınlaşırıq. Türkiyədəki seçkidən sonra hər şey sürətlənəcək”.

Emil SALAMOĞLU
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR