İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycana qarşı "SAATLI BOMBA" - Fitili bu ölkənin əlindədir

905 31.07.2024 08:25 Siyasət A A

Fransa Rusiyanın əvəzinə Metsamor AES-in yeni enerji blokunu tikə bilər, ABŞ da dəstək verir; ekoloq: “Beynəlxalq Atom Enejisi Agentliyinə şikayət edə bilərik, amma...”

Metsamor Atom Elektrik Stansiyasının (AES) fəaliyyəti regionda ətraf mühitə və əhalinin sağlamlığına ciddi təhlükə yaradır. Bu səbəbdən də Cənubi Qafqaz ekoloji böhranla qarşı-qarşıya qalıb. Ermənistan ərazisində yerləşən Metsamor AES 1976-cı ildən etibarən köhnəlmiş texnologiyalar əsasında fəaliyyət göstərir. Ermənistanın iqtisadi, siyasi və dövlət idarəçiliyində qeyri-müəyyənlik Metsamor AES-in fəaliyyətini daha təhlükəli formaya gətirir və istismara yararsız hesab edilməyinə baxmayaraq öz işinə davam etməsi regiondakı vəziyyəti daha da gərginləşdirir.

Bu arada isə məlum olub ki, Fransa Rusiyanın əvəzinə Metsamor AES-in yeni enerji blokunu tikə bilər. Ermənistanın “Business Media” nəşri yazır ki, bu məsələ Fransanın Ermənistandakı səfiri Olivye Dekotini və dünyanın ən böyük atom elektrik stansiyaları üçün avadanlıq istehsalçılarından biri olan Fransanın “Framatom” şirkətinin nümayəndələrinin stansiyaya səfəri zamanı müzakirə olunub. Onun sözlərinə görə, AES rəhbərliyi Fransa tərəfi ilə əməkdaşlığa və reaktor texnologiyası təkliflərini tədqiq etməyə hazır olduğunu bildirib. 2023-cü ilin iyununda Ermənistanda yeni atom enerji blokunun tikintisi üçün idarələrarası işçi qrupu yaradılıb. Eyni zamanda ANPP-nin mövcud iki blokunun istismar müddəti 2036-cı ilə qədər uzadılıb və onların texniki modernləşdirilməsi işlərinə başlanılıb.

Atom elektrik stansiyalarına texniki xidmət göstərən əsas podratçı “Rosatom”dur. Stansiyaya nüvə yanacağı da Rusiyadan gətirilir. 2022-ci ilin noyabrında Ermənistan “Rosatom” ilə respublikada yeni AES-in enerji blokunun tikintisinə dair memorandum imzalayıb. 

 Ermənistan tək region deyil, bütövlükdə dünya üçün ciddi təhlükə olan Metsamor AES-lə bağlı yalan dolu hesabat və bəyanatlar təqdim etməkdədir. Bu ilin martında Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) və Belçika hökumətinin təşkil etdiyi ilk Nüvə Enerjisi Sammitində çıxış edən baş nazir Nikol Paşinyan növbəti dəfə dünya ictimaiyyətinin gözünə kül üfürməyə çalışıb. Baş nazir əvvəlcə iddia edib ki, nüvə energetikası ölkəsinin enerji təhlükəsizliyinin təməl daşıdır. Ardınca da tək ölkəsi üçün deyil, bütövlükdə region, dünya üçün təhlükə mənbəyi olan AES-in istismar müddətinin uzadılması barədə planı təsdiq etdiyini vurğulayıb. 

METSAMOR AES regionumuz üçün çox böyük təhlükədir | Azərbaycan Respublikası  Bakı Şəhəri Pirallahı Rayon İcra Hakimiyyəti

N.Paşinyanın növbəti yalanı AEBA-nin tapşırıq və göstərişlərinə uyğun olaraq stansiyanın təhlükəsizliyi və idarəolunması ilə bağlı tədbirlər görməsi ilə bağlı olub. Yeri gəlmişkən, Metsamor AES-dən doğan təhlükə ilə bağlı Azərbaycanla yanaşı, Türkiyə də dəfələrlə Metsamorun ölkəsi üçün yaratdığı təhlükədən narahatlığını ifadə edib. İstifadə müddəti başa çatsa da fəaliyyətini dayandırmayan Ermənistandakı Metsamor Atom Elektrik Stansiyasının Türkiyənin İğdır vilayəti istiqamətində zəhər yaymaqda davam etdiyi xüsusi vurğulanıb. 

Daha əvvəl isə erməni mediası yazmışdı ki, Brüssel görüşündə ABŞ-ın Ermənistanda enerjinin diversifikasiyası çərçivəsində modul tipli atom elektrik stansiyası tikəcəyi barədə gizli razılaşma mövcud olub. Vurğulanır ki, ABŞ və Aİ Cənubi Qafqazda fəaliyyət göstərən yeganə atom elektrik stansiyası Metsamorun istismarının dayandırılması üzrə nüvə enerji proqramı məsələsində Ermənistana dəstək verəcək, bundan sonra yeni AES-in tikintisi üçün maliyyələşdirmə təmin ediləcək. Son illərdə Azərbaycan və Türkiyə rəsmi İrəvanın qarşısında Metsamor AES-in bağlanması tələbini qoyub.

Qorxmaz İbrahimli: “Ölkədə demokratiya nə qədər güclənəcəksə...”

Qorxmaz İbrahimli

“Biosfer” İctimai Birliyinin sədri, ekoloq Qorxmaz İbrahimlinin “Yeni Müsavat”a bildirdiyinə görə, Metsamora etiraz etməklə iş məhdudlaşmamalıdır. Ekoloq hazırda amerikalıların da, fransızların da bu AES-ə yatırım etdiyini bildirir: “Hazırda Qərbin dəstəyi ilə tikinti aparılmaqdadır. Boşluq ondan ibarətdir ki, qarşılıqlı tələb qoymadan sülh müqaviləsini imzalamaq lazımdır, sonra yollar açılmalıdır, bu məsələlər müzakirə edilməlidir. Bəs Fransa güclü silahlar verirsə, Rusiya sabah rotaları dəyişəcəksə, onda nə olacaq? Görürsünüz ki, Ərdoğanın bir sözünə görə dünya Türkiyənin üstünə düşüb. Ona görə hər an hər şey dəyişə bilər. O baxımdan sülh müqaviləsini imzalamaq lazımdır, Metsamorun bağlanmasını tələb etməklə iş düzəlmir".

Q.İbrahimli hesab edir ki, əslində Fransadakı erməni lobbisi AES üçün bu işləri görməkdədir: “Biz normal diaspora, lobbi qura bilmədik. Digər tərəfdən, məsələnin siyasi amili var - Rusiyanı Qafqazdan çıxarmaq üçün hamı çalışır, Metsamorun Fransa və ABŞ-ın dəstəyi ilə tikilməsi də bu hədəfə hesablanıb. Yəni biz Ermənistanın getdiyi yolla getməməliyik. Biz iqtisadiyyatı dirçəldib, ölkəni inkişaf etdirməliyik, Ermənistanla yolları açmalıyıq, onları içimizə alıb əritməklə problemləri həll edə bilərik. Deyək ki, Beynəlxalq Atom Enejisi Agentliyinə şikayət etdik. Onlar da gəlib Ermənistanda monitorinq keçirəcəklər, deyəcəklər ki, heç bir problem yoxdur, Ermənistan atom bombası da istehsal etməyəcək, arxayın ola bilərsiniz. Bununla bitdi. Yəni bizim Energetika Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi vaxtaşırı şikayətlər etməlidir, bu öz yerində, əleyhinə deyiləm, sadəcə, daha vacib işlər görməliyik". 

Emil SALAMOĞLU,
“Yeni Müsavat” 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR