İnsanlara hürriyət, millətlərə istiqlal!

Tikinti ilə məşğul olanların NƏZƏRİNƏ! - Bu məhsulların qiyməti ARTDI FOTO REPORTAJ

906 31.07.2024 08:00 Reportaj A A

Qiymətlər ötən illə müqayisədə 10-15 faiz artıb, amma durğunluğa səbəb tək bu deyil...

Azərbaycanda müxtəlif sahələrdə baş verən qiymət artımı tikinti bazarından da yan keçməyib. Bakının ən böyük inşaat materialları satılan yerlərində də bu, əməlli-başlı hiss olunur. Bəs qiymət artımına səbəb nədir? Real şərtlər bunu tələb edir, yoxsa sahibkarlar tərəfindən süni artım edilib? 

Məsələnin məğzini satışla məşğul olanlardan soruşduq. Bunun üçün paytaxtın müxtəlif ərazilərindəki tikinti bazarlarına baş çəkdik və  hazırkı durumla maraqlandıq.

Satıcılar bildirdilər ki, digər sahələrdə yaşanan qiymət artımı tikinti materiallarının qiymətində də bahalaşma yaradıb. Onların əsas şikayətləri isə alıcılıq qabiliyyətinin aşağı düşməsidir. 

Satıcı Elnur Əhmədov: “Alıcı yoxdur. Satış çox aşağı düşüb. Dəqiq deyə bilmərəm ki, bu, qiymət artımı ilə bağlıdır, ya yox. Qiymətlər ötən illə müqayisədə 10-15 faiz artıb.  Bütün məhsullarda artım yoxdur, əsasən boyaların qiymətində bu nəzərə çarpır”.

Taxta satışı ilə məşğul olan Valeh Qurbanov da alıcı olmamasından gileylənir: “Ərzaq məhsullarının qiymətində artım var deyə insanlar tikinti işlərinə çox da maraq göstərmirlər. Çünki vətəndaşın ərzaqdan başqa qalan heç nəyə pulu çatmır. Düşünürəm ki, alıcı üzünə həsrət qalmağımızın yeganə səbəbi budur. Çünki taxta istehsalında və satışında qiymətlər insanları hürküdəcək dərəcədə artmayıb. Artım cüzi formadadır”.

Kafel-metlax, kərpic və mişar daşı satışında da durğunluq yaşanır. Satıcıların sözlərinə görə, bu sahədə qiymət artımı daşınma xərclərinin çox olması ilə bağlıdır.  “Benzinin qiymətindəki qalxma yüklərin daşınmasında qiymət artımına səbəb olur. Belə olan halda biz də məcburuq ki, qiymətləri qaldıraq. Çünki nəqliyyata əvvəlki dövrlə müqayisədə daha çox pul ödəyirik. Amma ümumilikdə bazarda bir durğunluq, passivlik hökm sürür. İnsanlarda pul yoxdur. Ən əsas da parklanma ilə bağlı cərimələrin 20 manatdan 100 manata qalxması işimizə ciddi əngəl törədib. İnsanlar maşınlarını yol qırağında saxlayıb bazara baş çəkə bilmir. Cərimələrdən qorxurlar”, - satıcılar narazılıqlarını bildirirlər. 

Vüqar Oruc: "Bu şirkətlər dövlət satınalmaları zamanı süni rəqabət  yaradırlar"

 Vüqar Oruc 

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc deyir ki, tikinti bazarında bahalaşma Rusiya və Ukrayna arasında müharibə başlayandan vüsət alıb. Bahalaşma Azərbaycana inşaat materiallarının gətirilməsində yaranmış problemlərdən qaynaqlanıb: “Bunda sonra dövrü olaraq bu bahalaşma davam edib. Apardığımız təhlilə əsasən deyə bilərəm ki, yerli istehsal bir çox hallarda yaranmış qıtlığı aradan qaldırmaq üçün  yardımçı olub.  Yəni  yerli istehsal daha da artıb.  Bunun nəticəsində inşaat materiallarının qiymətlərində müəyyən stabillik yaranıb. Məsələn, sement,  armatur, metal listlər, mişar daşı və bu növ digər inşaat materiallarının qiymətlərində uzunmüddətli stabillik müşahidə edilir.  Amma kənardan alınan materialların qiymətində artım təbiidir”.  

Ekspert deyir ki, digər valyutalarda olduğu kimi manatın alıcılıq qabiliyyəti də əvvəlki dövrlərdən fərqlənir. Maliyyə prosedurlarına və qaydalarına görə, müəyyən inflyasiya təsirinə məruz qalır.  Bunun nəticəsində də qiymətlərdə bahalaşma meydana gəlir: “Bununla paralel olaraq bir neçə amil var ki, onu da xüsusi olaraq qeyd etmək lazımdır. Tikinti bazarındakı vəziyyətə təsir göstərən məqamlardan biri də azad olunmuş ərazilərdə infrastrukturun bərpası, layihələr və böyük abadlıq işlərinin aktiv şəkildə aparılmasıdır. Bu işlərin həyata keçirilməsi üçün inşaat materiallarına, eyni zamanda texnika və qurğulara böyük tələbat var. O cümlədən işçi qüvvələrinə çox böyük ehtiyac yaranıb. Bu da ölkə iqtisadiyyatının böyüməsinə və qiymətlərin yüksəlməsinə səbəb olur. Çünki hansı sahədə tələbat mövcuddursa, o sahədə qiymətlərin artımı ilə biz qarşılaşırıq. Yay mövsümü və yaydan əvvəlki mövsüm tikinti işlərinin genişlənməsinə səbəb olur. Bu da mövsümü olaraq  qiymətlərə təsir edir və tikinti passivliyi aradan qalxır”.   

Oruc qiymət artımında süni səbəblərin olmadığını bildirdi: “Tikinti materialları bazarı illərdən bəri formalaşıb. Bu bazarda prosedurlar məhz bazarın özünü tənzimləməsi ilə həyata keçirilir. Əgər bir yerdə məhsula ehtiyac varsa, onun qiymətində təbii ki, artım baş verməlidir. Əks halda, enmənin şahidi oluruq. Burada hər hansısa bir süni təsirdən söhbət gedə bilməz.  Məhsulların daşınmasında olan artım birbaşa tikinti materiallarının qiymətlərinə də təsir göstərir. Kərpic, mişar daşı kimi material növlərində qiymətlər 10-15 faiz yüksəlib. Bazarın digər məhsullarında biz bu tendensiyanın şahidi oluruq. Bu da təbii ki, işçi, daşınma haqlarının yüksəlməsi ilə müşayiət olunur. 

Bunun qarşısını almaq olarmı? Xeyr. Növbəti aylarda da qiymətlər qalxa bilər. Ancaq bir müddətdən sonra qiymətlərdə stabillik dövrü yaşanacaq və bazar  həmin qiymətlərə alışacaq. Bütün bunları nəzərə alaraq, qiymətlərin əvvəlki dövrlərdə olduğu səviyyəyə enməsini gözləmək olmaz. Artım elə bir haldır ki, qiymətlər ancaq irəli yön alır. Yalnız fors-major hadisə olarsa, biz qiymətlərin bu və ya digər formada enməsini görə bilərik. Qış aylarında da qiymət qalxmayacaq. Çünki o aylarda tikintidə səngimə baş verir. Hesab edirəm ki, bu qiymətlər növbəti mövsümə qədər davam edəcək".  

Şahanə RƏHİMLİ,
Fotolar müəllifindir

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR