İnsanlara hürriyət, millətlərə istiqlal!

Xankəndidə “çevriliş”, Laçın postu yaxınlığında təxribat hazırlığı

4383 19.05.2023 08:12 Gündəm A A

Samvel Babayanın “geniş səlahiyyətlərə malik dövlət naziri” vəzifəsinə təyin olunması tələb edilir; ermənilər niyə sərhəd-buraxılış məntəqəsinin yaxınlığında toplaşmaq istəyir?

Mayın 20-də revanşist və işğalçı xislətli ermənilər Ermənistanın Laçın rayonu ilə sərhədində yerləşən Gorunzur (“Kornidzor”) kəndi yaxınlığında Azərbaycan əleyhinə aksiya keçirməyi planlaşdırır. “Pastinfo” nəşrinə açıqlamasında aksiyanın təşəbbüskarlarından biri, “Könüllülər hərəkatı”nın üzvü, Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının səfərbərlik-təşkilat idarəsinin sabiq rəisi, ehtiyatda olan polkovnik Artaşes Mxitaryan danışıb. Erməni polkovnikin sözlərinə görə, aksiyada əsas məqsəd “Ermənistanın "artsax"la bir olduğunu  və Azərbaycana qarşı hadisələrin davam edəcəyini nümayiş etdirməkdir”, - deyə Moderator.az erməni nəşrinə istinadən yazır.

Mayın 20-si, saat 12-də keçiriləcək aksiyanın Azərbaycan dövlətinin bu yaxınlarda beynəlxalq qanunlara tam uyğun olaraq öz sərhədində - Gorus-Laçın-Xankəndi yolunun Azərbaycana giriş hissəsində, Həkəri çayı üzərindəki körpüdə qurduğu sərhəd-buraxılış məntəqəsinin yaxınlığında keçirilməsi nəzərdə tutulur. Və hayklar bununla həmin məntəqənin qurulmasına da etirazlarını ifadə etmək istəyirlər.

Qeyd edək ki, mayın 15-də Xankəndidə Samvel Babayanın təşkil etdiyi “mitinq” keçirilib. Birinci Qarabağ müharibəsi zamanı erməni separatçılarının səhra komandirlərindən biri, Rusiya Baş Qərargahının Frunze adına Hərbi Akademiyasının məzunu Samvel Babayanın bir qrup tərəfdarı Araik Arutyunyana ultimatum irəli sürərək, Babayanın “geniş səlahiyyətlərə malik dövlət naziri” vəzifəsinə təyin olunmasını tələb edib. Separatçı rejimin başçısı Araik Arutyunyan bildirib ki, ermənilərin tələbləri yazılı formada ona çatdırılıb və bu istiqamətdə müzakirələrə hazırdır. Bəs Babayan hansı “xilas proqramı” təqdim edib? “Generalın” özünün də izah etdiyi kimi, bura Qarabağda “peşəkar ordu”nun yaradılması, “demoqrafik problemin həlli” (yəni əhalinin artımı), eləcə də “iqtisadi islahatlar və sosial problemlərin həlli” kimi maddələr daxildir. Bildirilir ki, Babayan inadla Xankəndində “hakimiyyəti” ələ keçirməyə can atır və məqsədinə çatmağa yaxın görünür. “Hraparak” qəzeti Xankəndidəki mənbələrinə istinadən hesab edir ki, danışıqlar üçün ayrılan on gündən sonra Arutyunyan Samvel Babayanı “dövlət naziri” təyin edəcək. Babayanın “Paşinyanın adamı” olması ilə bağlı xəbərləri israrla təkzib edir. Ermənistan mətbuatına müsahibəsində o, Paşinyanla tamamilə əks mövqedə olduğunu demişdi. Haqqın.az yazır ki, Birinci Qarabağ müharibəsi zamanı Babayanın QRU-ya yaxın olması ilə bağlı xəbərlər yayılmışdı, baxmayaraq ki, bu münasibətlərin 2000-ci illərin əvvəllərində, Babayan bir neçə illik şübhəli biznesindən sonra Rusiyaya qayıdan və Serj Sərkisyan hakimiyyətinə fəal şəkildə qarşı çıxmağa başlayanda pisləşdiyi barədə məlumatlar var idi. Hətta iddia olunurdu ki, Rusiya hakimiyyəti Babayanın ölkəyə girişinə qadağa qoyub. “Generalın” son illərdə Rusiya dairələri ilə əlaqələr qura bilib-bilmədiyi barədə məlumat ictimaiyyətə açıqlanmır. Görünən odur ki, ermənilər indi də bu cür təxribatçı aksiyalar keçirməklə diqqəti özlərinə cəlb etmək istəyirlər.

Türkiyə və Qərb yaxınlaşdıqca Ermənistan təlaşlanır - Səbəb

Şəhla Cəlilzadə

Beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadə burada tək bir yol görür: “Ermənistan siyasətçilərinin bir çoxunun siyasi taleyi Qarabağla bağlı olduğu üçün təsadüfi deyil ki, Vardanyan Qarabağda uğurlu karyera qurandan sonra Ermənistanda hakimiyyətə gəlməyi planlaşdırır, Ermənistanı 2041-ci il (böyük revanş ili) üçün hazırlayacağını bəyan edirdi. Bütün bu planları Azərbaycan Prezidentinin qəti iradəsi pozdu və puç etdi. Artıq Vardanyan Qarabağda heç bir səlahiyyət gücünə malik deyil. İndi dövrüyəyə buraxılan Xocalı qatili Babayanın tarixçəsində də Ermənistan siyasətinə gəlmə nüansları görülür. Məsələn, o, 2021-ci ildə Ermənistanda parlament seçkilərinə qatılıb, siyasətə qoşulmaq istəyib. Digər Xocalı qatilləri Köçəryanın, Sərkisyanın Rusiyaya bağlı olduğunu nəzərə alsaq, Babayanın da Paşinyanı devirərək onun yerinə gəlmə planlarının Qarabağdan keçdiyini təxmin etmək olar. Babayanın və hamilərinin bu niyyətinin də Azərbaycanın milli iradəsi ilə məhv olacağına ümid edirəm.

Burada digər nüans Qarabağın öz taleyində Rusiyaya bağlı şəxslərin oynaya biləcəyi rolla bağlıdır. 1990-cı illərdə “Miatsum”, yəni Qarabağın Ermənistana birləşdirməsi baş tutmayacağı yəqin ediləndən sonra qlobal erməni şəbəkəsi 2 fərqli ssenari üzərinə kökləndi - 1.Qarabağın “müstəqilliyinin” təmin edilməsi; 2.Qarabağın Rusiyaya birləşdirilməsi. Birinci ssenarini gerçəkləşdirə bilməyən ermənilər indi ikinci ssenari üzərinə fokuslanmağa çalışırlar. Bunu anlamaq üçün Qarabağdakı “Rus İcması”nın fəaliyyətini dərindən izləmək yetərlidir. Qlobal siyasətdə bu gün baş verən hadisələr 10 illər sonrası üçün hesablanan nəticələr doğurur. Odur ki, baş verən prosesləri günlük hadisələr olaraq qiymətləndirmək olmaz. Qarabağa Rusiya vətəndaşı, milyarder erməni Ruben Vardanyanın gətirilməsi nə qədər planlanmışdısa, “Babayan layihəsi” də eyni şəkildə planlanmışdı. Xatırlayırsınızsa, ötən aylarda qondarma rejimin rəhbərliyi Vitali Balasanyanı təhlükəsizlik şurası rəhbəri vəzifəsindən çıxardı. O, Azərbaycanın milli qəhrəmanı Allahverdi Bağırov haqda “o mənim dostum olub” ifadəsini səsləndirən erməni generalı idi. Hətta bəzi erməni dairələri onu “xain” hesab edirdi. Məsələn, Samvel Babayan terrorçu Monte Melkonyanın öldürülməsində Balasanyanın əlinin olduğunu iddia etmişdi. Bir sözlə, Qarabağda kimsə, qəsdən revanşist qüvvələrin əlini gücləndirməyə çalışır. Bu fonda təxribatlar, “etiraz mitinqləri” təşkil olunur. Təbii olaraq bütün bu terrorçu ünsürləri Azərbaycan torpaqlarından rədd etməyin tək yolu antiterror əməliyyatıdır, çünki onların hamısı I Qarabağ müharibəsində azərbaycanlılara olmazın işgəncələr verən terrorçulardır".

Azərbaycan dünyanın enerji mərkəzinə çevrilib”- Tural İsmayılov | 1news.az  | Xəbərlər

Tural İsmayılov

Politoloq Tural İsmayılov ermənilərin cəhdlərini əhəmiyyətsiz sayır: “Ermənistan Azərbaycandan hər şey oğurlamağa çalışır. Azərbaycan ekoaktivistlərinin aksiyaları vəziyyətin dəyişməyinə səbəb oldu. İndi bu mənfurlar bizim aktivistlərin aksiya ideyasını oğurlayaraq qondarma mitinqlər edirlər. Nəticədə vəziyyət tragikomik hal alır. Əvvəlcə nəzərə almalıyıq ki, Samvel Babayan və ətrafındakı terrorçu tör-töküntülərin erməni ictimai rəyində vəziyyəti acınacaqlıdır. Rasional düşünən ermənilər Samvel Babayanın Vardanyanla əvəzlənməsi cəhdlərini görür. Çünki Paşinyana yaxın olan indiki qondarma "dövlət naziri" Qurgen Nersisyan Rusiyanı qane etmir. Rusiya Babayanla anlaşaraq ortaya yeni oyunlar atır. Digər tərəfdən, təşkil edilən “mitinqlər” əhəmiyyətsizdir. Azərbaycan öz ərazilərində sərhəd-buraxılış məntəqəsi quraşdırıb. İnsanların normal gediş-gəlişinə hər bir şərait yaradılır. Hansısa “aksiyaların” bizə heç bir əhəmiyyəti yoxdur. Azərbaycan öz haqq işini sonuna qədər müdafiə edəcək".

Zaxarovanın Ermənistana çağırışı göstərir ki... - Kənan Novruzov yazır

 Kənan Novruzov

Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti Kənan Novruzov qondarma rejim daxilindəki vəziyyətin durmadan gərginləşdiyini qeyd etdi: “Ermənistanla Azərbaycan arasında sülh istiqamətində addımlar atıldıqca, tərəflər danışıqlara yaxınlaşdıqca, bu, qondarma respublika daxilində əks-effekt verir. Qondarma rejim daxilində vəziyyət gərginləşir. Separatçılar "vurnuxmaqla" yanaşı, həm də bir-birilərini ittiham etməyə başlayırlar. Onların səylərinin nəticə verəcəyinə inanmıram. Əksinə, Qarabağ daxilindəki hazırkı durum bizə sərf edir. Daxili çaxnaşma vahid qərar qəbul edilməsinin qarşısını alır. Bu, təxminən Rusiya Silahlı Qüvvələrindəki hazırkı durumu xatırladır. Separatçıların addımlarından narahat olmağa dəyməz. Necə deyərlər, sirkə nə qədər tünd olsa, öz küpünü çatladar. Biz Qarabağdakı prosesləri diqqətlə izləməli və hər böhranı fürsətə çevirməliyik. Gələcəkdə Qarabağda “müxtəlif vəzifəli şəxslərin” “istefaya göndərilməsi” və ya onlara qarşı sui-qəsd cəhdləri mümkündür. Bunlar bizim maraqlarımıza cavab verir. Separatçılar nə qədər çox “çalxalanarsa”, biz Xankəndinə o qədər yaxınlaşarıq".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR