İnsanlara hürriyət, millətlərə istiqlal!

Xalqın sərhəd əməliyyatlarına münasibəti: “Sonadək...”

970 27.09.2022 10:00 Gündəm A A

Azərbaycanın 12-13 sentyabr tarixlərində çətin dağ relyefində həyata keçirdiyi antitəxribat əməliyyatına xaricdən və bəzi müxalif kəsim, tanınmış rəy liderləri tərəfindən tənqidi yanaşmalar oldu. Onlar hətta iddia etdilər ki, Azərbaycan Ordusu Ermənistan ərazisinə girib və bu proses dayanmalıdır. Öz ölkəsini və ordusunu qınayan, suçlayan bu cür səbatsızlara, “erməni dəyirmançıları”na cəmiyyətimiz və dövlət yetkililəri tutarlı cavab verdilər. Bildirildi ki, Azərbaycan Ordusu şərti, delimitasiya və demarkasiya olunmamış sərhədlərimizdəki bir sıra ərazilərdə yerləşən hərbi hədəfləri vurub. Buna səbəb həmin ərazilərdən Azərbaycan Ordusunun sərhəd məntəqələrinə, postlarına zərbələrin yağdırılması olub. Ermənistan tərəfi açıq-aydın şəkildə ordumuza qarşı təxribatlar edir, əsgərlərimizin həyatına təhlükə yaradır. Məhz belə təxribatlar nəticəsində 12-13 sentyabr tarixdə çoxsaylı şəhidimiz oldu. Bundan sonra Azərbaycan Ordusu hərəkətə keçib, cavab xarakterli əməliyyat hazırlayıb və yalnız legitim hərbi hədəfləri vurub.  Bütün bunlar beynəlxalq hüquq normaları çərçivəsində aparılıb. Əks halda, BMT Təhlükəsizlik Şurasında və başqa beynəlxalq qurumlarda Azərbaycana qarşı sanksiyalar tətbiq olunardı.

Bəs vətəndaşlar antitəxribat əməliyyatı barədə nə düşünür? Azərbaycan Ordusuna yönəlik iradlara münasibət necədir?

Vətəndaş Yusif Nəsibov səslənən iddialara inanmadığını bildirdi: “Mən buna inanmıram. Bizim heç bir dövlətin ərazisində gözümüz yoxdur, heç zaman da olmayıb. Ermənilər bizim tarixi torpaqlarımızı işğal ediblər, insanlarımızı qətlə yetiriblər. Dünya bunu bilir, lakin susur. Hesab edirəm ki, əməliyyatlar davam etməlidir. Torpaqlarımızda oturub bizə şər atırlar”.

Şahin Qocayevin fikrincə, sərhədlər müəyyən edilməyənə qədər bu cür iddiaların heç bir əsası yoxdur: “Dövlət başçısının da dediyi kimi, nə qədər ki, sərhədlər müəyyən olunmayıb, heç kim ərazi iddiası irəli sürə bilməz. Əməliyyatların davam etdirilməsi vacib görünür, çünki Azərbaycan məsələni sülhlə bitirməyə cəhd etsə də, ermənilər sülhə meylli görünmürlər. Buna görə də əməliyyatlar sona qədər davam etməlidir ki, ermənilər vəziyyəti dərk etsinlər”.

Atakişi Hacıyev də hesab edir ki, Azərbaycan Ermənistan ərazisinə daxil olmayıb: “Ordu torpaqlarımızı müdafiə etmək üçün savaşır. Erməni silahlı qüvvələri təxribat törədir, ordumuz isə bu təxribatın qarşısını alır. ABŞ, Fransa hər zaman Ermənistana kömək edir. Biz isə öz torpaqlarımızı qorumalıyıq. Zəngəzur bizim tarixi yurdumuzdur”.

Sorğu zamanı vaxtilə İrəvandan qaçqın düşmüş Züleyxa Kərimova ilə rastlaşdıq: “İrəvanda erməni olmayıb. Oradan-buradan gətirilən erməniləri İrəvana yerləşdirdilər, bizi isə 1988-ci ildə deportasiya etdilər. Atam usta idi, evimizi özü tikmişdi, ermənilər yandırıb külə döndəriblər. Onların torpağı olmayıb. Müharibə istəmirik, düzgünlük istəyirik. Bu bizim haqq savaşımızdır. Heç kimin sərhədinə daxil olmamışıq”.

Hikmət Babaoğlu: “AXC-Müsavat cütlüyü BMT Təhlükəsizlik Şurasının 5 üzvünə  qarşı ərazi iddiası irəli sürmüşdü”

Deputat: “Biz tarixi torpaqlarımıza qayıdacağıq, Göyçədə, Zəngəzurda, İrəvanda da yaşamaq bizim haqqımızdır”

Millət vəkili Hikmət Babaoğlu “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan 44 günlük müharibədə tarixi zəfər əldə edib, beynəlxalq hüququ və özünün ərazi bütövlüyünü təmin edib, BMT-nin 4 qətnaməsini yerinə yetirib, regionda sülh üçün şərtlər yaradıb: “Buna baxmayaraq, Ermənistan yenə də təxribatlardan əl çəkmir-müxtəlif ərazilərdə, eyni zamanda Ermənistan-Azərbaycan sərhədində yerləşən mövqelərimizi atəşə tutur, Azərbaycan xalqının təhlükəsizliyini, ərazi bütövlüyünü təhdid edir. Təəssüf ki, xaricdə yaşayan bəzi azərbaycanlılar, həmçinin müxalifət liderləri Azərbaycanın adekvat tədbirlərini Ermənistanın ərazi bütövlüyünün pozulması kimi görür və qəbul edir. Hər şeydən öncə bu, Azərbaycan xalqının iradəsinin, dövlətin maraqlarının əleyhinə getməkdir. Bu, Azərbaycanı siyasi şantaja məruz buraxmaqla bizi istəməyən qüvvələrin əlinə dəstavüz (red: əsas, bəhanə) vermək deməkdir. Azərbaycan təxribatlara cavab verməsə, Ermənistan yenidən ordumuza, hərbçilərimizə təhlükə yarada bilər. Son təxribat da bunu sübut etdi. Ermənilər sərhədi keçərək ərazimizdə olan qoşun bölmələrimizin məntəqələrinin arasına, yollara mina basdırmışdılar, üstəlik, hücum etmişdilər. Beynəlxalq hüquqa əsasən müstəqil dövlətin təhlükəsizliyini təhdid edən  hər hansı təxribat nöqtəsini susdurmağa haqqımız var. Belə olan halda hər bir azərbaycanlı dövlətin yanında olmalıdır. Çünki erməni işğalçılıq siyasəti təkcə iqtidarı, yaxud bəlli bir təbəqəni hədəfə almır. Elə həmin müxalifət liderlərinin, xaricdə yaşayan azərbaycanlıların qohumlarına qarşı cinayət törədilir, onların yaşamaq hüququ əlindən alınır. Buna görə də iki dövlət arasındakı münasibətlərlə bağlı mövqe ümummilli olmalıdır. Xaricdəki həmin qüvvələr və bəzi müxalifət partiyaları müstəqil deyillər. Onlar idarə olunurlar və xaricdəki mərkəzlərdən direktiv alırlar. Bu aydın görünür. Bir hadisə baş verdikdə Milli Şura üzvləri, blogerlər eyni anda eyni tezislərlə və eyni mövzu ilə Azərbaycan dövlətinə qarşı hücuma keçirlər. Onlar Azərbaycana qarşı təşkilatlanmış xüsusi qüvvələrdir və maraqlarımıza zərbə endirməklə məşğuldurlar. Bu isə yolverilməzdir. Azərbaycan xalqı bunu görür, qiymətləndirir”.

Azərbaycan dövlətinin və ordusunun tarixi torpaqlarımızı qaytarması ilə bağlı səslənən fikirləri şərh edən millət vəkili hesab edir ki, həm tarixi, həm də müasir beynəlxalq hüquq baxımından kifayət qədər əsaslandırılmış mövqedir: “Beynəlxalq hüquqa görə hər bir insanın təməl hüquqlarından biri doğulduğu yerdə yaşamaqdır. Təkcə 1988-1989-cu illərdə Ermənistandan 300 min azərbaycanlı deportasiya edildi. Bütün maddi-mənəvi irsimiz, dini abidələrimiz dağıdıldı. Belə olan təqdirdə Azərbaycan ərazisində hələ də ermənilər yaşadığı halda, nəyə görə qərbi azərbaycanlılar doğma yurdlarında yaşamalı deyillər? Siyasi radikallar, blogerlər, radikal müxalifət partiyaları baş verənlərə bir də bu nöqteyi-nəzərdən baxsalar, yaxşı olar.  Hələ 1948-1953-cü illərdə də təxminən 300 min azərbaycanlı SSRİ Nazirlər Kabinetinin qərarı ilə Mil-Muğan ərazisinə deportasiya edildi. Daha da geri baxsaq, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti İrəvan paytaxt olmaqla ermənilərə dövlət qurmaq üçün 9 min kvadrat kilometr ərazi verdikdən sonra İrəvan və ətrafı azərbaycanlılardan təmizləndi. Ermənistanın bugünkü xəritəsi Ermənistan ərazisinin 29,6 min kvadrat kilometrdən ibarət olduğunu göstərir. AXC isə onlara sadəcə 9 min kvadrat kilometr ərazi vermişdi. Belə olan halda 20,6 min kvadrat kilometr ərazi ermənilərə hansı qərar, xəritə, imza ilə verilib? 1920-ci ildə Rusiya Kommunist Bolşeviklər Partiyasının qərarı ilə verilib. Burada Azərbaycanın milli iradəsinə qarşı addım atılıb. Nəyə görə bu məsələ bu gün aktual olmasın ki? Biz tarixi torpaqlarımıza qayıdacağıq. Göyçədə, Zəngəzurda, İrəvanda da yaşamaq bizim haqqımızdır”.

Qazilərin kommunal xərclərinin ləğvi məqsədə uyğun deyil" - Arzu Nağıyev »  AMİA.az

 Arzu Nağıyev 

Millət vəkili Arzu Nağıyev ordunun Ermənistan ərazisinə daxil olması ilə bağlı səslənən iddiaları əsassız hesab edir: “Hiss olunur ki, eyni yerdən idarə olunan qruplardır. Ermənistanın üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) var. Əgər delimitasiya və demarkasiya prosesi həyata keçirilməyibsə, sərhədlər müəyyən edilməyibsə, ermənilər 1920-ci və 1969-1970-ci illərin xəritələrdən imtina edirlərsə, hansı ərazidən söhbət gedə bilər? Ermənistanın SSRİ-nin varisi kimi çıxış etdiyini unutmaq lazım deyil. Azərbaycan isə istər ərazidə, istərsə də digər məsələlərdə Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. İddianı səsləndirənlərə sual vermək lazımdır ki, sərhəd haradan keçir? Son hadisələr və digər məsələlərdə də ermənilərin əsas məqsədi bütün yüksəklikləri götürməkdir çünki yüksəkliklər hansı tərəfdədirsə, ümumi əməliyyat şəraiti, strateji baxımdan nəzarəti ələ keçirir. Ermənistan hökuməti delimitasiya və demarkasiya prosesindən ona görə yayınır ki, bütün xəritələrdə o yüksəkliklər Azərbaycan ərazisi kimi göstərilir. 44 günlük müharibədən sonra sazişlə qərarlaşdırılıb ki,  sərhədlər müəyyən edilməlidir. Ermənistan bundan qaçırsa, cidd-cəhdlə status-kvonu uzatmağa çalışırsa, bunun heç bir əsas yoxdur. Beynəlxalq təşkilatlar da məsələyə Azərbaycandan tərəfdən qiymət verir. Məlumdur ki, bu gün beynəlxalq hüquq beynəlxalq gücdən çox zəifdir. Lakin Azərbaycanın heç bir dövlətin ərazisinə iddiası yoxdur. Azərbaycan xəritələrə uyğun olaraq öz ərazisini bərpa edir. Gələcəkdə əməliyyatların keçirilib-keçirilməyəcəyini zaman göstərəcək”.

STM Şuşada “Qətiyyətli cavab” əməliyyatı sorğusunun nəticələrini elan edib  - AZƏRTAC

Yeri gəlmişkən, Sosial Tədqiqatlar Mərkəzi (STM) Ermənistanın Azərbaycanla dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində hərbi təxribatlarına qarşı həyata keçirdiyi “Qətiyyətli cavab” əməliyyatının hərbi-siyasi mahiyyətini nəzərə alaraq növbəti dəfə bu mövzuda ictimai rəy sorğusu keçirib. Sorğunun nəticələri Şuşa şəhərində elan edilib. İctimai rəy sorğusu çərçivəsində respondentlərə “Azərbaycan-Ermənistan sərhədində 13 sentyabr tarixli hərbi əməliyyatın əhəmiyyətini nələrdə görürsünüz?” sualı ünvanlanıb, onlara metodoloji olaraq bir neçə cavab variantı seçmək imkanı verilib. Nəticələrə əsasən sorğuda iştirak edənkərin mühüm hissəsi - 44.4%-i Azərbaycan-Ermənistan sərhədində 13 sentyabr tarixli hərbi əməliyyatı Ermənistanın dövlət sərhədində hərbi təxribatlarına qarşı cavab olması baxımından əhəmiyyətli hesab edib. Təqribən hər üç respondentdən biri (30.9%) Azərbaycanın Ermənistanı sülhə məcbur etdiyi qənaətini bölüşüb. Respondentlərin 25.7%-i Azərbaycanın “Qətiyyətli cavab” əməliyyatı ilə Ermənistanla sərhəd boyu yüksəklikləri götürərək öz mövqeyini və nəzarətini gücləndirdiyini, 23.6%-i Azərbaycanın Ermənistanı Zəngəzur dəhlizi barədə öhdəlikləri icra etməyə məcbur etdiyini bildirib. Respondentlərin 15.8%-i hərbi əməliyyatların Ermənistanla dövlət sərhədlərinin müəyyənləşdirilməsini sürətləndirdiyini ifadə edib, 12.5%-i “Qətiyyətli cavab” əməliyyatının hərbi-siyasi mahiyyətini digər məqamlarla əlaqələndirib. Respondentlərin 7.3%-i isə bu suala mövqeyini ifadə etməkdə çətinlik çəkib. 

Sorğuda iştirak edənlərin böyük hissəsi, yəni 85,0%-i Azərbaycanın hərbi əməliyyatları bundan sonra da davam etdirməli olduğunu düşünür. Rəyi öyrənilənlərin az hissəsi (9.5%) isə hərbi əməliyyatların davam etdirilməsini istəmədiyini bildirib. Respondentlərin 5.5%-i bu barədə mövqe bildirməkdə çətinlik çəkib. Sosial Tədqiqatlar Mərkəzinin “Qisas” əməliyyatı ilə bağlı 2022-ci il avqust ayında keçirdiyi ictimai rəy sorğusunun nəticələri ilə müqayisədə hərbi əməliyyatların davam etdirilməsini istəyən respondentlərin sayı artıb. 2022-ci ilin avqust ayında 80.5% respondent hərbi əməliyyatların davam etdirilməsini istəyirdisə, “Qətiyyətli cavab” əməliyyatının hərbi-siyasi əhəmiyyəti ilə bağlı sorğuda analoji nəticələr sentyabr ayı üzrə 85.0% təşkil edib.

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR