İnsanlara hürriyət, millətlərə istiqlal!

Vüsalə Əlizadə vəfat edən qardaşından yazdı - VİDEO

1535 16.08.2022 09:45 Şou-biznes A A

"15.08.2021... Tam dibə batdığım, param-parça olduğum, amma qanayan yaramı qürurumla möhkəm sarıb davam etdiyim qara gün! Hesabatım var sənə qaragözlüm, ucaboylum, yaraşığına qurban olduğum, sənsiz bir il…"

Musavat.com xəbər verir ki, bu sözləri aparıcı Vüsalə Əlizadə instaqram hesabında yazıb.

O, qardaşı Əlihüseyn Əlizadənin ölümündən 1 il ötdüyünü bildirib:

"Biz yaxşı deyilik, amma yaxşı görünürük, hətta çox yaxşı... Başı çəkməyənə, canı yanmayana, ürəyimizin dağından xəbəri olmayana, içi çirkabla dolana, sən demiş, qoy elə bilsinlər. Bacılarla göz-gözə gələndə qaçırırıq gözlərimizi, amma hərdən hönkürüb atırıq qəhərimizi, sən boyda acımız var ürəyimizdə, bir az gileylənirik arxanca, beş bacının qardaşı belə vəfasız olar? Anam gözləyir səni, barışmır yoxluğunla, səsli mesajlarına hər gün indi yazmısan kimi qulaq asır, budur təsəllisi, paltarlarından alır iyini bir də Rafaelindən. O, böyüyüb, eyni sən: dəcəl, səbirsiz, cəsur, çox yaraşıqlı, hə, güləndə sənin kimi qəmzəsi də var yanağında. Yadındasan, heç unutmadı, unutdurmarıq. Hüseynə zəng edək danışım deyir, hə, bax ondadı bizim xısın-xısın ağlayıb, bir-bir gözündən itdiyimiz məqam. Ata uzağa gedib, işləyir, sənə pul göndərir, oğlum böyüsün, oxusun, mənim kimi vətənini sevən igid, insan, kişi olsun deyirik, hələki aldada bilirik.

Xatırlayırsan, mənim sənə əmanətim vardı - Dilək… Onun adı gələndə gözün dolurdu, deyirdim ki, səndən başqa arxası yoxdur, özüm varam deyirdin, indi sənin adın gələndə onun gözləri dolur, səni ürəyinin ən dərin yerində gizləyib, hələ sənə şeir də yazıb…

Sevgin - hər şey yarım… Xəyallarda, xatirələrdə, şəkillərdə, puç olmuş arzularda. Yadigarını, soyadını yaşatmağa arxasında yox, yanındayıq…

Və mən… Başı bəlalı bacın… Hər səhər ”Sən varsan məni görürsən, eşidirsən” deyib, göz yaşımı gizli, zərifliyimi güclü, sıxıntılarımı gülüşümün altındakı qəhərə sığdırdığım bir il yaşadım. Sənə söz verdiyim hər şeyi etdim. Bacardım yenə, öhdəsindən gəldim. Durdum, haqqında hesabat verdiklərim dursun deyə, dedim, güldüm, işimdə daha uğurlu oldum, qurulan bütün şərəfsiz oyunlara, çirkin məqsədlərə lal, kar, kor oldum, çünki dünya axirət sözüm var idi sənə!

Nigaran qalma, balan sənin əziyyətinin, Vətən keşiyində qoyduğun canın, zəhmətin haqqı ilə böyüyür, sənin çörəyini yeyir, gözün arxada qalmasın, hər şey var, bircə sən yoxsan…

Bir ananın gözdağı balası, beş bacının can yarısı qardaşı, bir körpənin doymadığı atası, bir sevginin yarısı…"

Qeyd edək ki, Əlihüseyn Əlizadə Dövlət Sərhəd Xidmətinin zabiti olub. O, avtomobil qəzasında vəfat edib. 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR