İnsanlara hürriyət, millətlərə istiqlal!

Vətən müharibəsinin iki ili- haradayıq, daha nə qədər irəliləyə bildik?

879 27.09.2022 18:02 Gündəm A A

 

Azərbaycan Ordusunun Vətən müharibəsi modeli ilə işğal altındakı torpaqları azad etməyə başlamasının iki ili tamam olur. 2020-ci il 27 sentyabr tarixində atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan silahlı qüvvələri cəbhə boyu Azərbaycan silahlı qüvvələrinin mövqelərinə intensiv zərbələr endirməklə yanaşı, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarının yaşayış məntəqələrini qəsdən artilleriya atəşinə tutaraq Azərbaycana qarşı növbəti təcavüzə başladılar. Nəticədə, hərbi qulluqçularla yanaşı, Azərbaycanın 11 dinc sakini, o cümlədən 2 uşaq həlak oldu. Düşmənin hərbi təxribatını dəf etmək və təcavüzünə son qoymaq məqsədilə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev dərhal bütün cəbhə boyu əks-hücuma keçmək əmri verdi.  

44 günlük şanlı müharibənin zəfərlə bitən nəticələrinə görə 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəkliyi, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik azad olundu. Noyabrın 10-da imzalanmış bəyanata əsasən noyabrın 20-də Ağdam rayonu Azərbaycana təhvil verildi. Bununla da rayonun işğal edilmiş 73 faiz ərazisi, o cümlədən Ağdam şəhəri azad olundu. Üçtərəfli bəyanata əsasən, noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana təhvil verildi. Kəlbəcər şəhəri də daxil olmaqla, 147 yaşayış məntəqəsi işğaldan azad edildi. Dekabrın 1-də Laçın rayonu Azərbaycana təhvil verildi. 2022-ci avqustun 26-da Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bununla da üçtərəfli bəyanata uyğun olaraq, Ağdam, Kəlbəcər və Laçın rayonlarının sülh yolu ilə qaytarılması prosesi yekunlaşdı. 

Dünya hərb tarixinə qızıl hərflərlə yazılan bu möhtəşəm azadlıq müharibəsinin, zəfərin nəticələri yalnız bunlar deyil. Azərbaycan xalqı 44 gün ərzində ruhən yenidən doğularaq, məğlub xalqdan qalib xalqa çevrildi. Tökülən Şəhid qanları Azərbaycan xalqına yeni nəfəs, yeni həyat, yenidən başlanğıc verdi. Təsadüfi deyil ki, 27 sentyabr günü məhz onların -şəhidlərimizin günü kimi milli təqvimimizə yazıldı-biz bu gün və hər zaman onları anacağıq, minnətdar və borclu olacağıq. 

Vətən müharibəsinin başlamasının ikinci ilinin tamamı günündən baxanda döyüş meydanındakı möhtəşəm qələbəmizi diplomatiya və siyasət meydanlarında da zəfərlə nəticələndirə bilirikmi? Qələbəmizi və onun sayəsində yaratdığımız yeni status-kvonu dünyaya, mühüm güc platformalarına (Aİ, NATO, ABŞ və s) qəbul etdirə bilmişikmi? Ermənistanı sülh müqaviləsinə vadar etmək baxımından hansı məsafələri qət edə bilmişik? Vətən Müharibəsinin əsas uğurlu düsturu olan milli və siyasi həmrəyliyimizin vəziyyəti nə yerdədir? Onu qoruyub, saxlaya bilmişikmi? Və nəhayət, şəhidlərin Anım Günündə ən mühüm sual-ermənilərlə və Ermənistanla döyüş toqquşmaları davam edəcəkmi? Davam edəcəksə, bu toqquşmaların yenidən müharibəyə çevrilmə ehtimalları nə qədərdir? Bəs əgər yeni müharibə olarsa, onun nəticələrinin Ermənistana və Azərbaycana daha hansı təsirləri ola bilər? 

Bakupost.az - Bu, böyük qayıdış üçün vacibdir - Arzu Nağıyev

Millət vəkili, Birinci Qarabağ müharibəsi veteranı Arzu Nağıyev Musavat.com-a bildirdi ki, iki illik zaman kəsiminə baxanda görünür ki, Azərbaycan dinc quruculuq işləri ilə qarşısına qoyduğu məqsədləri həyata keçirə bilir: “Əsas məsələ Böyük qayıdışı təmin etməkdir. Bu istiqamətdə çox ciddi addımlar atılır. Şəhid ailələri, yaralıların imtiyazları ilə bağlı müvafiq işlər görülür. Siyasi məsələlərdə istər diaspor təşkilatları, istər diplomatik kanallarda ən yüksək səviyyədə qalib olduğumuzun təhlili gedir. Biz dünyaya qalib xalq olduğumuzu çatdıra bilirik. Heç kimin ərazi bütövlüyünə iddialı deyilik. Suverenliyimizi bərpa etmişik. Erməni təxribatının qarşısını almağa hər zaman hazırıq. Siyasi, iqtisadi, hərbi- hər mənada bu iki ildə ciddi işlər görülüb. Bu işlər Ali Baş Komandanın, eləcə də Birinci vitse-prezidentin nəzarəti altında həyata keçirilir.  BMT-də çıxışlar, Qoşulmama Hərəkatına Azərbaycanın sədrlik etməsi də diplomatik müstəvidə mühüm rol oynayır. NATO, ABŞ, Avropa İttifaqı ilə ciddi əlaqələrimiz var. ABŞ bizi strateji tərəfdaş kimi, enerji təhlükəsizliyində təhdidin qarşısını alan dövlət kimi qəbul edir. NATO-nun tədbirlərində, təlimlərində iştirak edirik. Ordumuz türk ordusunun standartlarına uyğun hazırlıq keçir. Avropa İttifaqı ilə görüşlər göz qabağındadır-Azərbaycan ciddi tərəfdaş kimi qəbul edilir. Ermənistanı sülh müqaviləsinə vadar etmək baxımından çox böyük addımlar atdıq. Əsas addımlardan biri Azərbaycanın ərazi bütövlüyünün qəbul edilməsidir. Bu gün biz birmənalı şəkildə xəritələrə də istinad edə bilərik. Hüquqazidd heç bir addım atmırıq. Ən vacib məsələlərdən biri həmrəyliyimizdir. Söhbət Vətəndən, ərazi bütövlüyündən, xalqın rifahından gedirsə, birlik olmalıyıq”.

Millət vəkili həmçinin qeyd etdi ki, Ermənistan artıq toqquşmalardan çəkinir: “Ermənistan düşünürdü ki, sərhəddə təxribat törətməklə KTMT-nin üzvü olmaqdan istifadə edə bilər. Lakin hər kəs başa düşür ki, Ermənistan siyasi ideyalardan çıxış edir. Məqsəd status-kvonu uzatmaq, öhdəliklərdən qaçmaqdır. Müharibə yenidən başlasa, bu təkcə, regional təhlükəsizlik olmayacaq, eyni zamanda bütün dünyaya sirayət edən problem olacaq. Qarabağ problemi hərbi və diplomatik yolla həll olunub. Lakin ermənilər bunu qızışdırmağa çalışırlarsa, bu, tək onlara deyil, dünyaya təhdid ola bilər. Reallıq budur ki, ermənilərin elə bir ordusu yoxdur. Eyni zamanda Ermənistandakı daxili çəkişmələr elə bir vəziyyətə gətirib çıxarıb ki, müharibə aparmaq əzmi yoxdur. Qarabağ klanı Paşinyanın hakimiyyətdən getməsi üçün çalışır. Azərbaycan isə ordusunu daha da gücləndirir. Paralel olaraq da dinc quruculuq işləri ilə məşğul olur. Əgər siyasi prosesləri tam dərk etsələr, müharibədən çəkinərlər”. 

Tural Abbaslı — Vikipediya

Müxalifət düşərgəsini təmsil edən AĞ Partiya başqanı Tural Abbaslının fikrincə qələbənin siyasi, iqtisadi,sosial nəticələri var: “30 ildən sonra qalib xalq olduq. Başımız dik oldu. Dünya dövlətləri içində öz mövqeyimizi möhkəmləndirdik. Artıq Azərbaycan ciddi dövlət kimi qəbul olunur. Azərbaycan siyasi rəhbərliyi də müharibədən sonra beynəlxalq siyasi rəhbərlik tərəfindən qəbul olundu. Xarici siyasətdə Azərbaycan bütün dünyaya qəbul etdirdi ki, lazım gələrsə, ərazi bütövlüyü, öz maraqları uğrunda silaha əl ata bilər və qələbə qazana bilər. Təbii ki, Türkiyənin rolunu unutmuruq. Hərtərəfli dəstək çox önəmli idi. Sosial baxımdan çox işlər var idi ki, onları   görə bilmədik. İlk növbədə şəhid ailələri, qazilər, veteranların sosial problemləri hələ də tam həll olunmayıb. Bu gələcəkdə bizə və dövlətimizə böyük problemlər yarada bilər. Güman edirəm ki, bundan sonrakı müddətdə bu məsələlər öz həllini tapar”. 

T.Abbaslı qeyd etdi ki, dünya bu qələbənin nəticələrini de-fakto qəbul etdi, lakin masa arxasında həll olunmalı məsələlər qalıb: “Erməni lobbisi və diasporunun dünyadakı gücünü nəzərə alsaq, masa arxasında haqlarımızı ikili standartlarla yanaşma sərgiləyən dünyaya qəbul etdirmək çətindir. Bu istiqamətdə də işlər görülür. Düşünürəm ki, daha qətiyyətli addımlar atıla, daha konkret mövqe göstərilə bilərdi. Bizim meydanda qazandığımız qələbəni masa arxasında uduzmağa haqqımız yoxdur. Xocalı, Xocavənd, Xankəndi, işğaldan azad edilmiş ərazilərdə müvəqqəti yerləşdirilmiş rus sülhməramlıları məsələsi var. İran, Rusiya, ABŞ, Fransa hələ də qarşımızdadır. Bu istiqamətdə addımlar atılmalıdır ki, Azərbaycan ərazi bütövlüyü tam təmin olunsun. Ermənistan sülhə sona qədər razı olmayacaq. Hətta sülh müqaviləsinə imza atsalar belə, razılaşmayacaqlar çünki məğlubiyyəti qəbul etmirlər. Onların bu məğlubiyyəti qəbul etməsi Ermənistan dövlətini təhlükə altına alır. Ermənistan bizim doğma yurdumuzu geri qaytarmadıqca, onlarla hər hansı sülh müqaviləsinin imzalanmasının tərəfdarı deyiləm. Ola bilər ki, iqtidar başqa fikirdədir. Biz 1918-1920-ci illərdəki xəritənin bərpasının tərəfdarıyıq. SSRİ-ə daxil olduğumuz ərazilərlə SSRİ-dən çıxmalı idik. 114 min kvadrat kilometr ərazi ilə daxil olduğumuz ittifaqa 86,6 kvadrat kilometr ərazi ilə çıxmışıq. Hələ orda “mübahisəli ərazilər” qaldırılır. Vətən müharibəsi dövründə siyasi həmrəylik nümayiş etdirildi. Təbii ki, hər kəs  bu həmrəyliyin müharibədən sonra da möhkəm olmayacağını gözləyirdi. Atılan bəzi yanlış addımlara görə bu birlik əvvəlki kimi deyil. Hər bir halda siyasi rəqiblərik. Əsas odur ki, Vətən, millət mövzularında həmrəylik olsun. Xalqımızı bu möhtəşəm qələbə münasibətilə bir daha təbrik edirəm. Şəhidlərimizi hörmətlə anıram. Ailələrinə baş sağlığı verirəm. Biz bu qələbəni şəhidlərimizə, qazilərimizə borcluyuq”. 

Nigar Həsənli,
Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR