İnsanlara hürriyət, millətlərə istiqlal!

“Vəkil hansı mübarizə metodunu seçməlidir?”-Ekstrasensin işində narazılıq

516 09.06.2022 19:27 Kriminal A A

Dələduzluqda ittiham edilən 60 yaşlı qadın barəsində hökm çıxarıldıqdan sonra bu dəfə də cərimələnib.

Musavat.com xəbər verir ki, 60 yaşlı Bəsdi Qasımova Abşeron rayon məhkəməsinin 2021-ci ilin oktyabrında çıxardığı hökmlə Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 1 il 2 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

İttihama görə, Bəsdi Qasımova ekstrasens olub və iki nəfərdən bu məqsədlə pul alıb. Onun Solmaz Əliyevadan 10.200 manat, Günel Malışovadan isə 2.000 manat pul aldığı bildirilir.

Lakin B.Qasımova deyir ki, ekstrasens kimi yalnız 20 manat alıb. O, yuxarıda qeyd edilən qədər pulu almadığını söyləyir. Bildirir ki, hər iki şəxs falları düzgün çıxmadığı üçün ondan şikayətçi olublar. Zərərçəkmişlər isə aldadıldıqlarını deyirlər.

Məhkəmə B.Qasımovanın yaşını da nəzərə alaraq onu həbs etməyib. Amma mülki iddialar təmin edilib. İndi Bəsdi Qasımova məhkəmə qərarı ilə aldığı təqaüdün 50 faizini zərərçəkmişlərə ödəyir. Amma zərərçəkmişlər və icra məmuru bununla razılaşmır.

B.Qasımova bu dəfə də çağırışlara məhəl qoymadığı iddia edilərək 500 manat cərimələnib.

Qasımovanın vəkili Rəhim Həsənzadə bildirir ki, müdafiə etdiyi şəxs məhkəmə hökmü və ona əsasən verilmiş icra vərəqəsində göstərilən tələbləri qəbul etdiyini, qətiyyən yayınmadığını, lakin tələbin yönəldilməsi üçün əmlakı və şəxsi maddi vəsaiti olmadığını, yeganə gəlirinin pensiyası olduğunu bildirməklə, tələbin pensiyaya yönəldilməsini xahiş edib.

“Müvəkkilim həmin məktublarda həmçinin 60 yaşlı qadın olmasını, məcburi köçkün olmasını, eləcə də, şəkərli diabet xəstəliyindən əziyyət çəkdiyini qeyd edib.

Həmin məktublar aidiyyəti üzrə çatdırılmış olsalar da, icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikası qanununun 43-45, 65 və digər maddələrinin tələblərinə əməl edilməyib, tələb onun pensiyasına yönəldilməyib.

Müvəkkilim isə icra vərəqəsinin icrasından yayınmayaraq poçt vasitəsilə tələbkarlara 3 ay ərzində pul ödəyib.

Buna baxmayaraq, Abşeron rayon İcra şöbəsinin Qəribağa Mirhəşimov adlı icra məmuru qanunla üzərinə düşən icra hərəkətlərini yerinə yetirmək əvəzinə, 20 dəfəyə yaxın müvəkkilimi icra şöbəsinə dəvət edərək pulu tam şəkildə ödəməyi tələb edib, əks təqdirdə onun inzibati həbsi üçün protokol tərtib edib, məhkəməyə göndərəcəyini bildirib.

Nəhayət Q.Mirhəşimov inzibati protokolu tərtib edib. Həmin materiallara müvəkkilimin ödəniş etdiyi poçt qəbzlərini də əlavə edib, eyni zamanda protokolda müvəkkilimin icraçının tələblərinə məhəl qoymadığını, çağırışlara gəlmədiyini qeyd edib.

İcra məmurunun məhkəmə aktının icra edilməməsi qənaətinə necə gəlməsi anlaşılan deyil. Bu azmış kimi hakim Vaqif Həsənov həmin protokol üzrə, təqdim edilmiş bütün əks sübutlara əhəmiyyət vermədən, müvəkkilimi 500 manat inzibati cərimə ilə tənbeh etdi.

Qərarında hansı əsaslara istinadən müvəkkilimin icra vərəqəsini qəsdən, üzrsüz səbəbdən icra etməməsi qənaətinə gəldiyini göstərmədi.

Bu qərardan narazı qalaraq, apelyasiya şikayəti verdik və Sumqayıt apelyasiya məhkəməsinin hakimi Ruhiyyə xanım Əsgərova yuxarıda qeyd edilən qərarı dəyişdirilmədən qüvvədə saxladı. Belə vəziyyətdə vəkil nə etməlidir?!

Belə vəziyyətdə müvəkkilimin hökmə tabe olmaq və pensiyaya yönəltmə xahişi ifadə edilən məktublarından, 4300 manat ödəniş qəbzlərindən başqa daha nə etmək lazım idi ki, hakim müvəkkilimin ödəniş etməkdən qəsdən, üzrsüz yayınmadığına əmin olsun?!

Ümumiyyətlə, qeyd etdiyim vəziyyətdə məhz üzrsüz yayınmanın hansı əlamətləri var, yayınma varmı ? Vəkilin silahı qanundursa, hazırkı iş üzrə məhkəmənin istinad mənbəyi isə qanun deyilsə, onda vəkil hansı mübarizə metodunu seçməlidir”,- deyə vəkil etirazında qeyd edib.

İlkin Muradov
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR