İnsanlara hürriyət, millətlərə istiqlal!

“Mossad”ın hədəfləri – Məşəl yanmadı, Deyf üç hücumu dəf etdi, İsmayıl qurban getdi

656 01.08.2024 08:01 Analitika A A

HƏMAS lideri İsmayıl Haniyənin iyulun 31-də, erkən saatlarda Tehranda İsrailin raket hücumu nəticəsində öldürülməsi dünya çapında ajiotaj doğursa da, bu, sıradan, silsiləvi sui-qəsdlər sırasından bir hadisədir.

1972-ci ildən bəri İsrailin məxfi xidmət orqanları tərəfindən onlarla belə əməliyyat həyata keçirilib, İsrailə müharibə elan edən, onunla düşmənçilik aparan şəxslər dünyanın müxtəlif ölkələrində öldürülüblər.

idmmm.JPG (29 KB)

Məlum olduğu kimi, 1972-ci ilin sentyabr ayında Almaniyanın Münxen şəhərində keçirilən olimpiada zamanı Fələstin terrorçuları yəhudi idmançıları girov götürüblər, daha sonra helikopterdə partladaraq öldürüblər. 4 məşqçi, 5 idmançı və 2 hakimin öldürülməsindən sonra İsrail dövləti yəhudilərə qarşı ölüm təhdidi sovuran hər kəsin külünü göyə sovurub. Bu barədə göstərişi İsrailin o zamankı baş naziri Qolda Meir (1898-1978) verib.

qolda.jpg (41 KB)

Yəhudi dövlətinin məxfi xidmət və kəşfiyyat təşkilatı “Mossad” tərəfindən başladılan əməliyyatın adı “Allahın qəzəbi” olub. 1970-80-ci illər arasında Fələstin hərəkatının onlarla lideri və fəalı “Allahın qəzəbi”nə qurban gedib.

Ərəb mənbələri İsrail kəşfiyyat xidmətləri tərəfindən öldürülən fələstinli fəalların adlarını çəkir: Səid Hamami (London, 1978-ci ilin yanvarında Londonda öldürülüb), Əli Yasin (Küveyt, 1978-ci il iyun), İzzəddin əl-Kələk (Paris, 1978, avqust), Yusuf Mübarək (Paris, 1980, yanvar), Naim Xader (Brüssel, 1981, yanvar), İsam Sartoui (Lissabon, 1983, aprel), Salah Xələf (1991, yanvar) və başqaları.

Öz növbəsində “Mossad” rəhbərliyi dəfələrlə iddia edib ki, fələstinli fəallar tez-tez öz daxili savaşlarında bir-birini öldürüblər. Amma bu, məsuliyyəti öz üzərindən atmaq cəhdidir, hamı bilir ki, fəalları “hansı ilan vurub”. Sadəcə, istisna hallar ola bilər. Məsələn, Əbu Nidalın yaraqlıları Fələstin Azadlıq Təşkilatı liderlərinin həyatına bir neçə dəfə sui-qəsd cəhdi ediblər. (Bunların bəzilərinin Yasir Ərəfatın özünün birbaşa göstərişi ilə baş verdiyi barədə də fikir var).

İsrailin hərbi kəşfiyyatı tərəfindən törədildiyi şübhə doğurmayan, etiraf olunan əməliyyatlar isə aşağıdakı kimidir:

1 iyul 1956-cı ildə Qəzzada Misir kəşfiyyatının rəisi, polkovnik Mustafa Hafiz ərəb terror qruplarına (fədailərə) rəhbərlik etdiyi üçün kitabda gizlədilən bomba ilə öldürülüb.

2 iyul 1956-cı ildə İordaniyanın paytaxtı Əmmanda Misirin hərbi attaşesi polkovnik Salah Mustafa fədai hücumlarının təşkilinə məsul olduğuna görə zərfdə gizlədilmiş bomba ilə qətlə yetirilib.

9 iyul 1972-ci ildə Livanda Fələstin Xalq Cəbhəsinin lideri Həsən Fayez Kanafani öz avtomobilində partladılıb. Onu 1972-ci il mayın 30-da Lod aeroportunda həyata keçirilən və 24 nəfərin, o cümlədən 7 yəhudinin həlak olmasıyla nətciələnən qırğına görə öldürüblər.

25 iyul 1972-ci ildə Livanın paytaxtı Beyrutda FXC-nin lideri Bassam Əbu Şərif x partlayıcı maddə yerləşdirilmiş məktubu açarkən ağır yaralanıb, bir gözü kor, bir qulağı kar olub.

16 oktyabr 1972-ci ildə İtaliyanın paytaxtı Romada Fələstin Azadlıq Təşkilatının Romadakı nümayəndəsi, Liviya səfirliyinin əməkdaşı Abdel Vail Zuayter evinin girişində iki naməlum şəxs tərəfindən güllələnib.

8 dekabr 1972-ci ildə Parisdə Münxen olimpiadasındakı terror aktının təşkilatçısı və 2 nömrəli koordinatoru Mahmud əl-Həmşəri mənzilində telefona yerləşdirilmiş bombanın partlaması nəticəsində ağır yaralanıb və xəstəxanada ölüb.

24 yanvar 1973-cü ildə Kiprin paytaxtı Nikosiyada “Qara sentyabr”ın fəalı, FAT-ın Kipr təmsilçisi Hüseyn Əbdül-Şir otel otağının çarpayısında gizlədilmiş bomba ilə öldürülüb.

6 aprel 1973-cü ildə Parisdə “Qara sentyabr” terrorçularını silahla təmin edən, Beyrut Amerika Universitetinin hüquq professoru Basil əl-Kubeyşi günün günorta çağı küçədə iki naməlum şəxs tərəfindən güllələnib.

10 aprel 1973-cü ildə Beyrutda "Qara sentyabr" teraktının əməliyyat komandiri Məhəmməd Yusif əl-Nəccar, Kamal Advan və FAT sözçüsü Kamal Nasser, eləcə də FAT-ın 7 mərtəbəli binada yerləşən qərargahında olan 50 terrorçu “Mossad” və digər xidmətlərin xüsusi təyinatlıları tərəfindən öldürülüb.

11 aprel 1973-cü il Yunanıstanın paytaxtı Afinada "Qara sentyabr" fəalı Zayyad Muhasi otel otağında səkkiz miniatür bombanın partladılması nəticəsində öldürülüb.

28 iyun 1973-cü ildə Parisdə "Qara sentyabr"ın əməliyyat komandiri Mohammed Budia maşınına qoyulmuş bombanın partlaması nəticəsində ölüb.

ali salam.JPG (30 KB)

21 iyul 1973-cü ildə Norveçin Lillehammer şəhərində, “Qara sentyabr” terror aktını planlaşdıran təşkilatın rəhbəri Əli Həsən Salamenin həyatına uğursuz sui-qəsd edilib. Salameyə bənzəyən ofisiant Əhməd Buçixi səhvən öldürülüb. İsrail xüsusi xidmətinin altı əməkdaşı bu qətlə görə həbs və mühakimə edilib. Sonra İsrail qurbanın ailəsinə təzminat ödəyib.

22 yanvar 1979-cu ildə “Mossad” Əli Həsən Salameni Beyrutda yaxalayıb. Onun olduğu avtomobil keçərkən yol kənarında saxlanmış bomba yüklü başqa bir avtomobil partlayıb, nəticəsdə ağır yaralanan Salame xəstəxanada ölüb.

25 iyul 1979-cu il Fransanın Kann şəhərində “Al-Saika” (“İldırım”) təşkilatının rəhbəri Zuhair Muhsen evinin girişində iki naməlum şəxs tərəfindən güllələnib və xəstəxanada ölüb.

1 avqust 1981-ci ildə Varşavada Münxen olimpiadasında israilli idmançılara hücumun təşkilatçılarından biri olan Məhəmməd Uda (Əbu Davud) naməlum şəxs tərəfindən atılan beş güllə ilə ağır yaralanıb, ancaq ölməyib. Yaraları sağaldıqdan sonra o, izini itirib.

21 avqust 1983-cü ildə Afinada FAT-ın yüksək vəzifəli şəxslərindən biri olan Mamun Merais öz maşınında güllələnərək öldürülüb.

1 oktyabr 1985-ci ildə Tunisdə FAT rəhbərliyinə qarşı keçirilən “Taxta ayaq” əməliyyatı zamanı FAT-ın yerli qərargahına hava hücumu olub, 60 silahlı şəxs öldürülüb.

14 fevral 1988-ci ildə Kiprin Limassol şəhərində "İslami cihad" təşkilatının lideri Məhəmməd Tamami bomba yüklü avtomobillə öldürülüb. Onunla birlikdə Mərvan Kayal və Məhəmməd Buheys (Əbu Həsən) adlı şəxslər də həlak olub.

16 aprel 1988-ci ildə Tunisdə Y.Ərəfatın müavini Xəlil əl-Vəzirin (Əbu Cihad) villasına basqın edilib və o, İsrail komandosları tərəfindən öldürülüb.

16 fevral 1992-ci ildə Livanda “Hizbullah”ın baş katibi Şeyx Abbas əl-Musəvinin maşın karvanı İsrail hərbi hava qüvvələrinə məxsus iki helikopterin raket hücumuna məruz qalıb və o, öldürülüb.

8 iyun 1992-ci ildə Parisdə 20 il əvvəl Münxen olimpiadasında yəhudi idmançılara qarşı terror aktı təşkil edənlərdən biri olan Atef Bseyso yaxın məsafədən açılan atəşlə öldürülüb.

2 fevral 1994-cü ildə Qəzza zolağındakı Rəfah məntəqəsində “FATX şahinləri” təşkilatının lideri Səlim Muvafi köməkçisi ilə birlikdə qadın libası geymiş xüsusi təyinatlılar tərəfindən öldürülüb.

Göründüyü kimi, İsrail dövləti Münxen olimpiadasında yəhudi idmançılara qarşı terror aktı təşkil edənlərin, demək olar ki, hamısını məhv edib.

Ancaq Fələstin liderlərinə və fəallarına qarşı qisas aksiyaları 1994-cü ildən sonra da davam edib. Həmin il Qəzzada Hani Abed, Samariyada İbrahim Yaqi, 1995-ci ildə Maltada Fəthi Şakaki, 1996-cı ildə Qəzza zolağında Yəhya Ayaş öldürülüblər.

mashal.jpg (90 KB)

25 sentyabr 1997-ci ildə Əmmanda HƏMAS lideri Xalid Məşələ qarşı sui-qəsd isə uğursuz olub. İsrail kəşfiyyatçıları düz küçədə Məşəlın qulağına zəhər fısqırdıblar, lakin onlar HƏMAS liderinin mühafizəçiləri tərəfindən tutulublar. İordaniya hakimiyyətinin tələbi ilə İsrail X.Məşəl üçün zərdab verib və HƏMAS-ın ruhani lideri Əhməd Yasini və onun 70 tərəfdarını həbsdən azad edib. Bunun müqabilində agentlər cəzadan azad edilərək İsrailə göndəriliblər.

2000-ci ildə Fələstin müqavimət hərəkatının lider və fəallarına qarşı 6 sui-qəsd aktı həyata keçirilib, yaralı qurtulan Mahmud Əbu Xanuddan başqa hamısı (Hüseyn Abayat, Camal Andel Razek, İbrahim Uda, Anvar Mahmud Xumran, Tavat Tavat) müxtəlif üsullarla (raket zərbəsi, partlayış, güllələmə) öldürülüb.

2001-ci ildə Fələstinin hərbi, siyasi liderlərinə qarşı 18 sui-qəsd cəhdi olub. Bu dəfə başqa Mahmud Əbu Xanud olmaqla hədəfə götürülənlərin əksəri öldürülüb. Yalnız Muhammed Deyf və partlayış vaxtı evində olmayan Kais Abdel Karim sağ qalıb.

 

deyfff.jpeg (188 KB)

2002-ci ildə İsrail məxfi xidməti fələstinli fəallara qarşı 16 sui-qəsd əməliyyatı təşkil edib. Bu aktlardan 15-də hədəfə götürülən şəxslər öldürülüb, Muhammed Deyfə qarşı hücum yenə uğursuz olub. Ümumilikdə o, 3 dəfə sui-qəsdə məruz qalıb, ağır xəsarətlər alıb.

2003-cü ildə İsrail dövlətinin cəza dəstələri fələstinli siyasilərə və hərbçilərə qarşı 20 sui-qəsd təşkil ediblər. Abdel Aziz ar-Rantisiyə, Muhammed Deyfə, Şeyx Əhməd Yasinə və Mahmud az-Zahara qarşı qəsdlər uğursuz olub.

2004-cü ildə 15, 2005-ci ildə 8, 2006-cı ildə 21, 2007-ci ildə 8, 2008-ci ildə 11, 2009-cu ildə 9, 2010-cu ildə 4, 2011-ci ildə 9, 2012-ci ildə 4, 2013-cü ildə isə cəmi 1 dəfə Fələstin liderlərinə qarşı sui-qəsd təşkil edilib.

2014-cü ildə sui-qəsdlər silsiləsi 4 aktla davam edib.

Maraqlıdır ki, 2014-2022-ci illər arasında sakitlik olub. Fələstin liderləri İsrailin xüsusi xidmət orqanlarının, hərbi hava qüvvələrinin nişangahına alınmayıblar.

2022-ci ildə Tehranda SEPAH komandanı Qasım Süleymaninin müavini Həsən Səyyad Xodayi öz maşınında motosikletli killerlər tərəfindən güllələnərək öldürülüb. Qatillər aradan çıxa biliblər. Qətlin məsuliyyətini rəsmi olaraq heç kim öz üzərinə götürməyib, lakin “Qardian” qəzeti yazıb ki, qətlin icra olunma tərzi bundan əvvəl İsrailə aid edilən motosikletçilərin İranın nüvə alimlərini öldürmələrinə bənzəyir. 2023-cü ilin dekabrında İsrailin keçmiş baş naziri Naftali Bennet Xodayini İsrailin məxfi xidmətlərinin məhv etdiyini təsdiqləyib.

2023-cü il sakit keçib, bu kateqoriyadan heç bir akt qeydə alınmayıb. Ancaq 2024-cü ilin 1 aprelində Suriyanın paytaxtı Dəməşq şəhərindəki İran konsulluğunda SEPAH-ın briqada generalı Məhəmməd Reza Zahidi aviazərbə ilə öldürülüb.

is-xan.JPG (32 KB)

Dünən isə İsrail Tehrana və HƏMAS-a daha bir zərbə vurub – təşkilatın lideri İsmayıl Haniyə öldürülüb.

İsraildə bu sui-qəsd aktlarını “zəruri müdafiə aktları” adlandırır, 78 ildən bəri Yaxın Şərqdə gedən müharibənin tərkib hissəsi sayırlar. Ancaq bir çox başqa yerlərdə bunun adını “terrora qarşı terror” qoyublar. Təkcə yeni əsrdə İsrail 140-dan çox sui-qəsd aktı həyata keçirib, yüzlərlə lider və fəal öldürülüb. Ancaq öldürülənlərin yeri boş qalmayıb, yeni şəxslər tərəfindən tutulub.

İ.Haniyənin edam fərmanı isə ötən ilin oktyabr ayının 7-də HƏMAS döyüşçüləri İsrail ərazisinə hücum edərək yüzlərlə mülki insanı qətlə yetirəndə verilmişdi. Həmin amansız hücuma görə ölənlərin sayı artıq 40 minə çatıb.

Araz Altaylı, Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR