İnsanlara hürriyət, millətlərə istiqlal!

Vaşinqton Azərbaycanın bölgədə liderliyini qəbul edəcək, bir şərtlə... - ŞƏRH

623 04.06.2024 14:02 Siyasət A A

“ABŞ prezidenti Cozef Baydenin Beynəlxalq Xəzər Neft-Qaz Sərgisi ilə bağlı azərbaycanlı həmkarı İlham Əliyevə bu il göndərdiyi təbrik məktubunun mətni ilə ötənilki məktubun mətnini müqayisə etdim. Bayden ötənilki sərgiylə bağlı İlham Əliyevə göndərdiyi məktubda diqqəti daha çox enerji əməkdaşlığına və enerjinin dünya bazarlarına çatdırılması imkanlarına yönəltmişdi”.

Musavat.com xəbər verir ki, bu fikirləri sosial media hesabında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu yazıb.

elxan.jpg (68 KB)

Politoloq qeyd edib ki, Ağ Ev sahibi builki məktubunda yenə enerji əməkdaşlığı barədə cümlələr yazsa da, diqqəti bölgədə sülhün əldə olunmasına yönəldib:

“Görünür, Bayden üçün təbrik məktubunu hazırlayan müşavirlər özləri üçün Azərbaycanla Ermənistanın sülhə yaxınlaşdığını müəyyənləşdiriblər. “Uzunmüddətli sülh sazişi illərlə davam edən münaqişələrə son qoyacaq, Cənubi Qafqazı dəyişdirəcək. Azərbaycanın regiondakı rolunu əsaslı şəkildə dəyişəcək” yazan Bayden ABŞ-ın bu cəhdi dəstəkləməyə hazır olduğunu bildirib. Məktubdan da göründüyü kimi, Ağ Ev Azərbaycanla Ermənistan arasında sülh sazişinin qısa zamanda imzalanmasında maraqlıdır və bu zaman vasitəçilik təklifi ilə çıxış etmir. Vaşinqtonun mövqeyi təxminən belədir: “Bakı və İrəvan sülh sazişini imzaladığı, regional əməkdaşlığa başladığı andan Azərbaycanın bölgədə liderliyini qəbul edəcəyik””.

Qeyd edək ki, ABŞ prezidenti Cozef Bayden iyunun 4-də Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin açılış mərasiminin iştirakçılarına məktub ünvanlayıb. Məktubda bildirilib ki, Bakı və İrəvan arasında sülh sazişi Cənubi Qafqazı dəyişəcək. Eyni zamanda Azərbaycanın da regiondakı rolunu əsaslı şəkildə dəyişəcək. C.Baydenin müraciətində qeyd olunub ki, regional sabitlik və qarşılıqlı əlaqə ABŞ üçün prioritetdir: “Uzunmüddətli sülh sazişi illərlə davam edən münaqişələrə son qoyacaq, Cənubi Qafqazı dəyişdirəcək. Azərbaycanın regiondakı rolunu əsaslı şəkildə dəyişəcək. ABŞ bu cəhdi dəstəkləməyə hazırdır. Biz gələcək nəsillərə borcluyuq ki, sülh və firavanlıq bizim başlıca prinsiplərimiz olaraq qalsın”.

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR