İnsanlara hürriyət, millətlərə istiqlal!

Vaqif Xaçaturyanın məhkəməsi davam edir – şahidlər Meşəlidəki qanlı cinayətlərin tarixçəsini danışır

1387 17.10.2023 00:14 Son xəbər A A

Oktyabrın 17-də Yasamal Rayon Məhkəməsində Xocalının Meşəli kəndində soyqırım törədənlərdən biri - Vaqif Xaçaturyanın cinayət işi üzrə məhkəməyə hazırlıq iclası keçiriləcək.

Soyqırım cinayəti törətməkdə ittiham olunan Vaqif Xaçaturyanın cinayət işi Bakı Hərbi Məhkəməsinin hakimi Camal Ramazanovun sədrliyi ilə araşdırılacaq. Prosesin Bakı Hərbi Məhkəməsində geniş iclas zalının olmaması səbəbindən Yasamal Məhkəməsində keçirilir. Artıq hazırlıq iclası baş tutub və cinayət işinə baxılmasına qərar verilib. Oktyabrın 13-də keçirilən hazırlıq iclasında Vaqif Xaçaturyan göz yaşları tökməsi ilə yadda qalıb.

Musavat.com xəbər verir ki, qanunsuz erməni silahlı birləşmələrinin üzvləri tərəfindən 1991-ci il dekabrın 22-də Xocalı rayonunun Meşəli kəndində soyqırım cinayəti törədilib. Cinayəti törədənlərdən biri də Vaqif Xaçaturyan olub. İş üzrə zərəçəkmiş kimi 58 vətəndaş və Xocalı Rayon İcra Hakimiyyəti tanınıb. Vaqif Xaçaturyanın iştirakı ilə Qarabağ iqtisadi rayonunda yaşayan, həmçinin Ermənistan Respublikasından gəlmiş millətçi ermənilərdən ibarət yaradılmış, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı hərbi birləşmələrdən ibarət cinayətkar birliyin tərkibində Xocalı (keçmiş Əsgəran rayonu ərazisində) rayonunun Meşəli kəndində yerli azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımı, təqib etmə, didərgin salma, silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma cinayətləri nəticəsində ümumilikdə 27 nəfər qəsdən öldürülüb, 21 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 2 nəfər kənd sakini girov götürülüb, 81 ailə təsərrüfatından ibarət 340 nəfər daimi yaşayış yerlərindən Azərbaycan Respublikasının digər ərazilərinə didərgin salınıb, kənd sakinlərinə ümumilikdə 13 milyon 568 min 60 manat, dövlətə isə 130 min 800 manat məbləğində maddi ziyan vurulub.

12 noyabr 2013-cü il tarixdə Vaqif Çerkezoviç Xaçaturyan barəsində Cinayət Məcəlləsinin 103-cü – soyqırım törətmə və 107-ci - əhalini deportasiya etmə və ya məcburi köçürmə maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsinə dair qərar qəbul edilib. Bir gün sonra, 14 noyabr 2013-cü il tarixdə Bakı şəhəri Nərimanov rayon məhkəməsinin qərarı ilə barəsində qiyabi olaraq həbs qətimkan tədbiri seçilib və 21 noyabr 2013-cü il tarixdə axtarışı elan edilərək müvafiq sənədlər Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarışı İdarəsinə və İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosuna göndərilib.

29 iyul 2023-cü il tarixdə Vaqif Çerkezoviç Xaçaturyan səhhəti ilə bağlı Ermənistan Respublikasının ərazisinə keçmək istəyən zaman Laçın sərhəd-buraxılış məntəqəsində saxlanılaraq istintaqa təqdim olunub. Həmin tarixdə ona Cinayət Məcəlləsinin 103 və 107-ci maddələrində nəzərdə tutulmuş ittiham elan edilərək barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Bu il sentyabrın 22-də təqsirləndirilən şəxs Vaqif Xaçaturyana Cinayət Məcəlləsinin müvafiq maddələri ilə yenidən ittiham elan edilib və sentyabrın 29-da isə cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilib.

Vaxtilə Meşəli kəndinə qida məhsulları daşıyan Vəliyəddin Salmanov hazırda Vaqif Xaçatryanın cinayət işi üzrə şahidlər siyahısındadır. O, Vaqif Xaçatryanla birgə Xankəndidə avtobazada çalışdığını bildirib: “Vaqiflə birgə Xankəndiyə yerləşən 2717 nömrəli avtobazada işləyirdik. Yük maşınlarının sürücüləri idik. O, məndən öncədən orada çalışırdı. Vaqif Xaçaturyan sonralar avtobazanın müdiri Mirzəyan Maksimin sürücüsü olub. Bizim Meşəli kəndinə ərzaq aparmağımıza imkan vermirdilər. Badara kəndində yolumuzu kəsirdilər. Elə bu Vaqif Xaçaturyanın özü də bizimlə adavətə girirdi. Onlar hiyləgər millətdir. Tək olanda bizimlə elə rəftar edirdilər ki, sanki dostdurlar. Amma çaqqal kimi çoxalanda özlərini qaniçən kimi aparırdılar”.

Vəliyəddin Salmanov bildirib ki, o vaxt ermənilər Meşəli kəndində giriş-çıxışa maneə törədirdilər: “Mən sahə polisi ilə birgə kəndə un və digər qida məhsulları daşıyırdım. Sonralar onun da qarşısını aldılar. Vəziyyəti daha da çətinləşdirdilər. Vaqif Xaçaturyan kəndə hücum olmazdan bir neçə gün öncə “QAZ-53” markalı yük maşını ilə Meşəli kəndinin ətrafını dolanaraq koordinatları qeyd edib. Hücum ediləcək yolları dəqiqləşdirib. O, Meşəli kəndinin sakinlərinə qarşı törədilən cinayəti planlaşdıranlardan biri olub. Onu da bildirim ki, həmin hücuma şərait yaradanlar elə o vaxt orda xidmət edən rusiyalı hərbçilər idi. Onlardan 2 əsgər bizim Meşəli kəndində postda duran əsgərlərimizə demişdi ki, ermənilər sizə hücum edəcək, xəbəriniz olsun. Yəni, onların bu hücumdan xəbərləri var idi, ancaq qarşısını almadılar. Əksinə, erməni quldurlarına silah-sursat verib, onlar tərəfindən döyüşüblər. Mən həmin gün Xocalıda idim. Bizə xəbər gəldi ki, ermənilər Meşəli kəndinə hücum edib, o zaman bildim həmin fəciəni. Vaqif Xaçaturyan və onun silahdaşları öz cəzasını çəkəcəklər”.

Vaxtilə kənddə polis kimi xidmət etmiş Zirəddin Salmanov da cinayət işi üzrə şahidlərdəndir. O da deyib ki, soyqırımla müşayət olunan işğal ərəfəsində kəndləri dəfələrlə ermənilər tərəfindən atəşə tutulub: “Hər an təhlükə yaşanacağını bilirdik. Ona görə də Meşəli kəndinin könüllü özünü müdafiə batalyonu yaradıldı. Mən də həmin batalyonda döyüşmüşəm. Meşəli kəndinə hücum edən silahlı dəstənin başında duranlar, Badara kənd məktəbinin direktoru Kasparyan Benik, Armanik, İlya və Vaqif Xaçaturyan idi. Bunların hamısının Meşəli kəndində törədilən vəhşiliklərdə əli var”.
O söyləyib ki, ermənilər kəndi tamam mühasirəyə aldıqdan sonra hücuma keçmək istəyiblər: “Kənd sakinlərinin çoxu düşmənin olmadığı ərazidən çıxa bildilər. Yoxsa onların planı kəndi tam mühasirəyə alaraq bütün camaatı qırmaq idi. Biz bir tərəfdən düşmənlə döyüşürdük, digər yandan isə dinc sakinləri xilas etməyə çalışırdıq. Amma təəssüflər olsun ki, hamını müdafiə etməyi bacara bilmirdik. Həm silahımız yox idi, həm sayımız az idi. Onlar sürü halında kəndə hücuma keçmişdilər”.

Şahid vurğulayıb ki, erməni quldurları Meşəlidə dinc sakinləri qəddarcasına qətlə yetirirdilər: “Qənimət adında yaşlı kişinin başına avtomat darağının bütün gülləsini boşaldaraq onu qətlə yetirmişdilər. Qönçə adında yaşlı bir qadın var idi. Onun uzun saçları var idi, diri-diri yandırmışdılar. Biz ora çatanda gördük ki, qadın tamam yanıb. Vaqif Xaçaturyan 3 nəfərin, 2 yeniyetmə bir də yaşlı qadının əl-qolunu bağlayıb maşının yük yerinə qoyub girov aparmışdı. Onlardan biri də mənimlə birgə döyüşərək şəhid olanın qardaşı idi. Sonradan bildik ki, o, yaralı və əlləri bağlı olmasına baxmayaraq, özünü maşından ataraq qaça bilib. Vaqif Xaçaturyanın saxlanılması, onun istintaqa cəlb edilməsi bizim üçün təsəllidir. Orda dinc sakinlərə divan tutanlar ən ağır cəzaya layiqdirlər”.

Vaqif Xaçaturyana elan olunmuş maddələr Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Sülh və insanliq əleyhinə cinayətlər fəslinə daxildir. Soyqırım adlanan 103-cü maddə hər hansı milli, etnik, irqi və ya dini qrupu, bir qrup kimi bütövlükdə və ya qismən məhv etmək məqsədilə qrup üzvlərini öldürmə, qrup üzvlərinin sağlamlığına ağır zərər vurma və ya onların əqli qabiliyyətinə ciddi zərər vurma, qrupun bütövlükdə və ya qismən fiziki məhvinə yönəlmiş yaşayış şəraiti yaratma, qrup daxilində doğumların qarşısını almağa yönəlmiş tədbirləri həyata keçirmə, bir qrupa mənsub olan uşaqları zorla başqa qrupa keçirmə 14 ildən 20 ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

İttiham aktında yer alan 107-ci maddə - Əhalini deportasiya etmə və ya məcburi köçürmə adlanır. Beynəlxalq hüquq normaları və Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadıqda, əhalini qanuni yerləşdiyi yerlərdən başqa ölkəyə qovma və ya digər məcburi hərəkətlərlə didərgin salma - 10 ildən 15 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

 

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR