İnsanlara hürriyət, millətlərə istiqlal!

“Valideynlər uşaqları ilə məşğul olmaq istəmirlər, yorulurlar, bezirlər”- 33 ilin müəllimi

1203 24.05.2022 08:30 Təhsil A A

Lumu Babayeva: “Bu gedişlə heç kim müəllim olmaq istəməyəcək, çünki müəllimlərin vəziyyətini görürlər”

Sosial mediada, mətbuatda vaxtaşırı şagirdlərin müəllimlər tərəfindən döyülməsi görüntüləri yayılır. Kimi bunu zorakılıq hesab edir, kimi də təhsil sistemində, daha dəqiq desək, müəllim-şagird münasibətlərində olan boşluqlarla əlaqələndirir.  “Yeni Müsavat”ın əməkdaşı 33 ildir pedaqoji fəaliyyətlə məşğul olan Lumu Babayeva ilə söhbətində bu problemin səbəblərini aydınlaşdırmağa çalışıb.

- Lumu müəllimə, şagirdlər niyə döyülür?

- Normal şüura malik, psixikası yerində olan heç bir müəllim şagirdini döymək istəməz. Bəzən şagird ən səbrli müəllimin belə səbrini daşıra bilirsə, birmənalı şəkildə müəllimi günahlandırmaq düzgün deyil. Sinif otağında dərs keçmək üçün şəraiti müəllim yaratmalıdır. Əgər bir şagird digərinə mane olursa, bu da şagirdin  dərsi qavramasına mane olursa, fikrini yayındırırsa, müəllim müxtəlif metodlardan istifadə edə bilər. Şəxsən mən lövhənin qarşısına çıxarıb orada saxlayıram, yaxud arxada ayaqüstə saxlayıram. İpə-sapa yatmayan şagirdlərin valideynləri ilə söhbət edirəm. Dərs hissə müdiri, ya da direktora məlumat verdiyim, tədbir görülməsini istədiyim hallar da olub. Əks halda, bir şagirdə görə digər şagirdlər dərsdən qalmış olurlar. Mənim cəmi 45 dəqiqə vaxtım var. Bir şagirdə uzun zaman ayırmaq geri qalan zamanda dərsin keyfiyyətinə təsir edir. Mən yuxarı siniflərdə dərs deyirəm. İbtidai siniflərdə dərs deyən müəllimlərin qarşısında həmişə baş əyirəm, çünki onların işi çox çətindir. Hesab edirəm ki, davranış qaydaları uşaqlıqdan öyrədilməlidir. Öncə bağçada, sonra ibtidai sinifdə bunlar öyrədilməlidir. Əgər öyrədilməyibsə, şagirdi günahlandırmaq olmaz.

- Bu məsələdə ailə faktoru, yəni valideynlərin rolu nə qədərdir?

- Valideynlər uşaqları ilə məşğul olmaq istəmirlər, yorulurlar, bezirlər. Pandemiya dövründə  bunun şahidi olduq. Valideynlər öz uşaqlarından o qədər şikayət edirdilər ki?! Valideyn öz uşağından şikayət edirsə, deməli, uşağına düzgün tərbiyə verməyib. Parkda şahidi olmuşam, körpə uşağı yelləncəkdə qoyub, gözünü telefondan ayırmayan valideynlər var. Axı hər şey baş verə bilər. Dəhşətə gəlirəm, bu necə anadır? Bəlkə biri oğurlayacaq? Bəlkə uşaq yola qaçacaq?  Məsələyə obyektiv yanaşsaq, uşaq məktəbə dərs oxumaq üçün gedir. Valideyn övladına başa salmalıdır ki, əgər məktəbdən şikayət gələrsə, cəzalandırılacaq. Bəzən şahidi oluram, valideyn uşağına deyir ki, müəllimin sənə belə davranmağa haqqı yoxdur. Nizam-intizam qaydalarını pozan şagirdlərə qarşı tədbir görülməlidir.  Uşağı təhqir etmək, döymək olmaz. Hər uşaqla eyni metodla danışmaq olmur.

- İndi artıb belə hallar, ya həmişə olub?

- Belə hallar sovet dövründə də olub, amma indiki qədər deyildi. O zaman da heç kimin şagirdi döyməyə ixtiyarı yox idi. Sadəcə, valideynlər şikayətçi olmurdular. Valideynlər məktəbə gələndə müəllimə başqa suallar verirdilər: Uşağım necə oxuyur? Şikayətiniz varmı? Özünü necə aparır? Amma indi valideynlər müəllimlərin üstünə demək olar ki, hücum edirlər.

- Sovet dövründə şagirdlər necə cəzalandırılırdı?

- Şagirdə töhmət verilirdi. Yeri gəlmişkən, o zaman əxlaqdan da qiymət yazılırdı. Əxlaqdan pis qiymət alan şagird məktəbi dəyişmək istəsə, başqa məktəb qəbul etməzdi. Elə uşaqları tədbirlərə də buraxmırdılar. Ayaqüstə saxlamaq cəzası o zaman da vardı. Məsələn, sinifdə 25 uşaq var, nizam-intizam qaydalarını pozan şagirdə görə digər şagirdlərə diqqətsizlik etmək olmaz axı?! Belə şagirdlərlə psixoloqlar məşğul olmalıdırlar. Valideynlər həm fənn müəllimləri, həm də sinif rəhbəri ilə əlaqədə olmalıdırlar. Təəssüf ki, hazırda bir çox valideynləri uşaqlarının dərsləri, davranışı maraqlandırmır. Hətta gündəliklərdə davranış qaydaları yazılsa belə, heç bir şagird açıb oxumur. Şəxsən mən bir dərsi buna həsr edib, o qaydaları oxumuşdum. 2-3 gün riayət etdilər, sonra yenidən eyni cür davrandılar. Valideynlər də ancaq qiymətə baxırlar. Bəzən valideyn özü də bilmir ki, necə olmalıdır. Buna görə də özlərini haqlı hesab edirlər. Deyirlər ki, dərsini bilmirsə, 2 yaz. Axı iş bununla bitmir. Dərs oxumayan şagird sinif yoldaşlarına da mane olur.

- Müəllimlər aqressivləşiblər, ya da görüntülər tez-tez yayılır deyə belə təsəvvür formalaşıb?

- Müəllim də insandır, robot deyilik axı?! Nadinc uşağa nəinki qışqırmaq, hətta söz demək mümkün deyil. Uşaq qorxa bilər, psixologiyası pozular... Bir sinifdə ən azı 25 uşaq olur, müəllim həm dərsini keçməlidir, həm də tərbiyə ilə məşğul olmalıdır, eyni zamanda şagirdlərlə xoş rəftar etməlidir.  Məncə, müəllimi bu qədər də yükləmək olmaz. Bədbin, pessimist insan deyiləm, amma bu gedişlə heç kim müəllim olmaq istəməyəcək, çünki müəllimlərin vəziyyətini görürlər.

- Çıxış yolu nədir?

- Əxlaq qiymətləndirilməlidir, ona ikinci dərəcəli, önəmsiz məsələ kimi yanaşmaq olmaz.

Bu, şagirdlərə və valideynlərə dönə-dönə xatırladılmalıdır. Bu, sistemli prosesdir. Yalnız valideyn, ya müəllim, yaxud şagird günahkardır demək düzgün deyil. Şagird anlamalıdır ki, əxlaq normalarını pozarsa, nəticəsi ağır olacaq. Bunu sözdə deyil, əməldə görməlidir. Attestat alanda, yaxud ali məktəbə qəbul prosesində də bunu nəzərə almaq lazımdır. Təhsil və tərbiyə bir-birini tamamlamalıdır. Təhsil almaq şagirdin özünə lazımdır, eyni zamanda cəmiyyətə faydalı bir şəxsiyyət kimi formalaşmaq da mühümdür. Hətta oxuyan şagird də nizam-intizamı pozursa, tədbir görülməlidir. Tarazlıq olmalıdır.

Nigar HƏSƏNLİ,

“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR