İnsanlara hürriyət, millətlərə istiqlal!

Üzdə bir, arxada ayrı söz deyən dünya siyasətçiləri - Ceyhun Bayramov nəyə işarə vurdu...

834 26.09.2023 13:22 Siyasət A A

Politoloq: “Lobbiçilik haqda qanun qəbul ediblər və kim pulunu verirsə, ona da işləyirlər”

“Dünya siyasətçilərinin ictimaiyyət qarşısında açıqlamaları bağlı qapılar arxasında deyilənlərdən fərqlənir”. Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Təhlükəsizlik Şurasının Qarabağla bağlı 21 sentyabr iclasını şərh edərkən deyib.

“Qərb ölkələri ikili standartlar sərgiləyir, Gürcüstan və Ukraynanın ərazi bütövlüyü onlar üçün müqəddəs hesab olunur, Azərbaycana münasibətdə isə fərqli mövqe ortaya qoyulur”. Bu sözləri isə Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Elin Süleymanov nüfuzlu "NewsWeek" jurnalına müsahibəsində deyib. Səfir qeyd edib ki, siyasətçilər Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmətlə yanaşmaq gərəkdiyini anlamalıdırlar, əks halda, onların ərazi iddialarının nəticəsi ağır olacaq.  Ermənistan diplomatik fəaliyyətində gah Kollektiv Təhlükəsizlik Təşkilatından, gah NATO-dan, gah da regiondan uzaq ölkələrdən mədəd umur, dəstək istəyir. Halbuki Ermənistanın öncə qonşu dövlətlərlə - Azərbaycan, Gürcüstan, Türkiyə ilə müsbət münasibətlər qurmalı olduğu müsahibədə diqqətə çatdırılıb.

Qərb siyasətçilərinin “ikili standart”larının  erməni lobbisinin təsiri altında formalaşması da kimsəyə sirr deyil. Bəs bu yanaşmaya bizim münasibətimiz necə olmalıdır? Rəsmi şəxs, siyasət adamı üzdə bir, arxada ayrı söz deməlidir?

Cümşüd Nuriyev məhkəməyə verilib

 Cümşüd Nuriyev

Politoloq Cümşüd Nuriyev “Yeni Müsavat”a deyib ki, siyasət sözü ərəb mənşəlidir və at təlimçisi deməkdir: “Dayçalara təlim keçmək çox çətin bir sənətdir. Böyük məharət tələb edən sənətdir. Çox təəssüf ki, dünyada siyasətlə daha çox lobbiçiliklə pul qazananlar məşğul olurlar. Bu adamların da əksəriyyəti düşünür ki, hamıdan ağıllıdırlar və lobbiçiliyini etdikləri məsələləri onların istədiyi kimi hamı qəbul etməlidir. Bu baxımdan, qərbli siyasətçilər bizim təbirimizcə, ikiüzlü, ikili standartlar ortaya qoyur, yanaşırlar. Türkiyəyə görə Azərbaycanı daha çox sıxışdırırlar. Azərbaycan dövlətinin sərbəst siyasət yeritməsi bunlara sərf etmir. 2020-ci ilə qədər bizi xəstəyə narkoz verib yatızdırdıqları kimi yatızdırırdılar. Maraqlarını bu şəkildə təmin edirdilər. İndi isə Azərbaycan ayaqdadır, bunların maraqları da ayaqlar altındadır”.

Politoloq deyir ki, 44 günlük Vətən müharibəsi günlərində, 23 saat 43 dəqiqə çəkən antiterror əməliyyatı zamanı da Qərbin tutduğu mövqe açıq-aşkar ikili standartlara tam uyğun idi: “Azərbaycan nə edib? İllərlə icra olunmayan BMT qətnamamələrini özü icra edib. Qərb bu halda nə etməli idi? Əlbəttə ki, bunu alqışlamalı idi, ən yaxşı halda sakit dayanmalı idilər. Görünən  odur ki, türklərin dünyada öz sözünü deməsi, özünün müstəqil siyasətini yeritməsi bir çoxlarına sərf etmir. Ona görə də qərbli siyasətçilərin, beynəlxalq təşkilatların əli ilə əleyhimizə danışır, bəyanatlar verirlər”.

Politoloq Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun  sərrast çıxışlarına diqqət çəkib: “Ceyhun Bayramovun bu dərəcədə ağıllı, mədəni şəkildə fikirini ifadə etməsi qarşı tərəf üçün "soyuq duş" effekti verib. Bunun başqa adı yoxdur - “diplomatik söyüşlə” Avropa siyasətçilərinin ikiüzlülüyünü ortaya qoydu. Azərbaycan ərazi baxımından böyük dövlət olmasa da, dünyada söz sahibi olan qurumlara - BMT-yə sözünü deməyi bacardı. BMT ABŞ-İngiltərə, Rusiya-Çin cütlükləri, bir qədər də ortada gəzən Fransanın maraqlarını ifadə edir.  Belə bir şəraitdə Azərbyacan xarici işlər nazirinin kifayət qədər cəsarətli çıxışı oldu, həqiqəti BMT rəsmilərinin üzünə dedi. İllərlə bu gözləntimiz olub. Ceyhun Bayramov Avropa siyasətini tam olaraq ifşa etdi".

Politoloq deyib ki, Qərb aləmi şərqlilərə qısqanclıqla yanaşır, bizə “ağ zənci” kimi baxırlar: “Avropada müstəqil siyasətçilər yoxdur. Korrupsiya isə rəsmi səviyyədədir. Lobbiçilik haqda qanun qəbul ediblər və kim pulunu verirsə, ona da işləyirlər. Pul verən haqlıdır, haqsızdır, bu kimsəni maraqlandırmır. Bu baxımdan, Avropadan olan siyasətçilərdən inciməməliyik. Çünki bu adamlar rəsmiləşmiş korrupsiyadan bəhrələnib lobbiçiliklə məşğuldurlar. Bu baxımdan demokratiyadan dəm vurub antidemokratik addımlar atırsa, bu adamlara, sadəcə, fikir verməmək lazımdır. Ən gözəl cavabımız budur. Yeri gələndə də, Ceyhun Bayramov kimi hazırlıqlı rəsmilərin, siyasətçilərin cavabları olmalıdır”.

Elşən MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR