Təhsil haqqına görə tələbənin qovulması yolverilməzdir; ekspert hesab edir ki, Azərbaycan dünya təcrübəsindən yararlanmalı, təhsil haqları ilə bağlı güzəştlər edilməlidir
Zaman-zaman ali təhsil müəssisələrindən tələbələrin qovulması məsələsi gündəmə gəlir. Bu bir sıra narazılıqlara səbəb olur. Əsas narazılıq isə universitetlərdən qovulanlar arasında təhsil haqqını ödəyə bilməyən tələbələrlə bağlı olur. Xatırladaq ki, 2023-2024-cü tədris ilində Azərbaycanda dövlət ali təhsil müəssisələrinin bakalavriat səviyyəsində xaric olunan tələbələrin sayı 582 idi.
Rəsmi məlumata görə, onlar əsasən akademik borca, təhsil haqqının ödənilməməsinə, öz xahişi ilə və sair səbəblərdən ali təhsil ocaqlarından xaric olunub. Dövlət İmtahan Mərkəzinin məlumatına görə, 2023-cü ildə Azərbaycanda ümumilikdə 8631 nəfər ali və orta təhsil səviyyəsində təhsil haqqının ödənilməməsinə, dərs buraxmaya görə və ya öz xahişi ilə təhsil aldığı müəssisədən xaric edilib.
Hazırda ali təhsil müəssisələrində imtahan sessiyası başlayıb. Modern.az-ın məlumatına görə, ötən semestr bir sıra universitetlərdə müxtəlif sayda tələbələr ali təhsil müəssisələrindən xaric edilib. Tələbələrin universitetlərdən xaric edilmə səbəbləri müxtəlifdir. Onlardan bəziləri təhsil haqqını ödəyə bilmədiyi, bəziləri xarici universitetlərə qəbul olduğu üçün ali təhsil müəssisələrindən xaric olunub.
Məsələ ilə əlaqədar sayt bir sıra ali təhsil müəssisələri ilə əlaqə saxlayıb. Azərbaycan Texniki Universitetindən bildirilib ki, 2024-2025-ci tədris ilində AZTU-dan 117 nəfər xaric edilərək təhsil proseslərinə xitam verilib.
Azərbaycan Memarlıq və İnşaat Universitetindən verilən məlumata görə, 2024-2025-ci tədris ilində AZMİU-da təhsilinə xitam verilən tələbə olmayıb .
Azərbaycan Dövlət Pedaqoji Universitetindən qeyd edilib ki, 2024-2025-ci tədris ilinin əvvəlindən indiyədək müxtəlif səbəblərdən ADPU tələbələri siyahısından 19 nəfər xaric edilib: “Bu tələbələrdən 1 nəfəri vəfat etdiyi üçün, 18 nəfər tələbə isə şəxsi ərizələri və digər səbəblərdən tələbələr siyahısından xaric edilib”.
Azərbaycan Universitetindən qeyd edilib ki, cari tədris ilində 46 nəfər öz ərizələri ilə tədris proseslərini dayandıraraq universitetdən xaric edilib.
Bakı Mühəndislik Universitetindən bildirilib ki, BMU-da yeni dərs ili başlayandan hazırkı tarixə kimi universitet tərəfindən hansısa tələbə dərsə davamiyyət və sair məsələlərə görə xaric olunmayıb: “Bununla belə, az sayda, bir neçə tələbə müxtəlif şəxsi səbəblərə görə könüllü olaraq təhsillərinə fasilə verib”.
Azərbaycan Dövlət İqtisad Universitetindən verilən məlumata görə, 2024-2025-ci tədris ilində UNEC-də bakalavriat pilləsi üzrə 53, magistratura pilləsi üzrə 84 tələbə olmaqla ümumilikdə 137 tələbənin təhsil prosesinə xitam verilib. Bəs qovulma halları niyə artır?
Təhsil sahəsi üzrə mütəxəssis Kamran Əsədov mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini bölüşüb: “Azərbaycanda ali təhsil müəssisələrində tələbələrin təhsildən xaric edilmə halları artan dinamikada davam edir. Bu, ölkədə təhsil sistemindəki mövcud problemlərin daha dərindən təhlil olunmasını tələb edir. Tələbələrin universitetlərdən xaric edilməsinin müxtəlif səbəbləri olsa da, əsasən maddi çətinliklər, akademik göstəricilər, şəxsi qərarlar və xaricə təhsil üçün müraciət əsas amillər kimi ön plana çıxır. Bu hallar təhsil sisteminin struktur məsələlərinə, sosial-iqtisadi vəziyyətə və tələbələrin fərdi vəziyyətlərinə əsaslanır.
Kamran Əsədov
Statistikaya nəzər yetirsək, 2024-2025-ci tədris ilində Azərbaycan Texniki Universitetindən (AZTU) 117 tələbənin, Azərbaycan Dövlət İqtisad Universitetindən (UNEC) isə ümumilikdə 137 tələbənin təhsil prosesinə xitam verilməsi halları qeydə alınıb. UNEC-də bakalavriat səviyyəsində 53, magistratura səviyyəsində isə 84 tələbə bu siyahıya daxildir. Azərbaycan Memarlıq və İnşaat Universitetində (AZMİU) tələbələrin xaric edilməməsi isə digər universitetlərlə müqayisədə diqqət çəkir. Bu, fərqli universitetlərin qaydaları, akademik tələbləri və tələbəyönümlü yanaşmaları arasında fərqlərin olduğunu göstərir.
Problemin əsas səbəblərindən biri maddi çətinliklərdir. Azərbaycanda ali təhsilin ödənişli olması tələbələrin təhsil haqqını ödəməkdə çətinlik çəkməsinə səbəb olur. Xüsusilə pandemiya sonrası dövrdə və qlobal iqtisadi çətinliklərin təsiri ilə ailələrin gəlirlərində azalma müşahidə olunur. Təhsil haqları ilə bağlı dəqiq statistika mövcud olmasa da, təxminlərə görə, orta statistik ailə illik təhsil haqqını ödəmək üçün büdcəsinin ən azı 20-30%-ni xərcləməli olur. Təhsil haqqını ödəyə bilməyən tələbələr üçün hazırda dövlət tərəfindən məhdud sayda təqaüd proqramları mövcuddur. Təhsil kreditləri sistemi isə tam formalaşmadığından tələbələr maliyyə yükünü özləri daşımağa məcbur qalırlar.
Bununla yanaşı, akademik göstəricilər və davamiyyətlə bağlı problemlər də tələbələrin xaric edilməsində əsas səbəblərdən biridir. Universitetlərin əksəriyyəti tələbələrin dərsə davamiyyətini ciddi nəzarətdə saxlayır və müəyyən akademik hədlərə çatmayan tələbələri təhsildən kənarlaşdırır. Bu, müəyyən qədər tələbələrin məsuliyyət hissini artırmaq üçün zəruri olsa da, problemin daha dərin kökləri var. Azərbaycanda tələbələrin akademik göstəricilərinin aşağı olmasının bir səbəbi də orta məktəb sistemində təhsilin keyfiyyətinin yetərli olmamasıdır. Orta məktəb səviyyəsində zəif təhsil alan tələbələr universitetdə daha ciddi çətinliklərlə üzləşirlər".
Ekspert əlavə edib ki, bəzi tələbələrin təhsilini dayandırmasının könüllü səbəbləri də diqqət çəkir: “Misal üçün, xarici universitetlərə qəbul olan tələbələr təhsilini yerli universitetlərdə davam etdirməyi mənasız hesab edir. Bu hallar tələbələrin dünya standartlarına uyğun təhsil almaq istəyindən qaynaqlanır. Xarici universitetlərin tədris proqramlarının daha cazibədar olması, daha yaxşı karyera perspektivləri və müasir metodların tətbiqi tələbələri ölkədən kənarda təhsil almağa həvəsləndirir. Bu, həm də Azərbaycanın ali təhsil müəssisələrinin rəqabət qabiliyyətini artırmaq üçün tədris keyfiyyətinə daha çox diqqət yetirməli olduğunu göstərir. İlk növbədə, təhsil haqları ilə bağlı güzəştlər və təqaüd proqramları genişləndirilməli, təhsil kreditləri sistemi formalaşdırılmalıdır. Dövlətin maliyyə yardımı proqramları tələbələrin təhsildən xaric edilmə səbəblərini azalda bilər. Bundan başqa, orta məktəb təhsilinin keyfiyyətinin artırılması və universitetlərdə müasir tədris metodlarının tətbiqi tələbələrin akademik göstəricilərini yaxşılaşdıracaq. Universitetlər təkcə tələbkarlıq göstərmək əvəzinə, tələbələrin inkişafına dəstək olmalı, müasir dövrün tələblərinə uyğun kurslar və proqramlar təqdim etməlidir.
Son olaraq qeyd etmək lazımdır ki, tələbələrin universitetlərdən xaric edilməsinin qarşısını almaq üçün yalnız qanunvericilik deyil, həm də sosial, iqtisadi və psixoloji faktorlar nəzərə alınmalıdır. Təhsil sistemi tələbələrin inkişafı üçün hərtərəfli dəstək mexanizmi yaratmalı, onların maddi və akademik çətinlikləri ilə mübarizə aparmaq üçün effektiv alətlər təqdim etməlidir. Bu, yalnız fərdi tələbələr üçün deyil, həm də ölkənin ümumi inkişafı üçün vacibdir".
Afaq MİRAYİQ,
“Yeni Müsavat”