İnsanlara hürriyət, millətlərə istiqlal!

Olimpiada zamanı tikilmiş əsir düşərgələri – nasistlərin qəddarlığının həddi olmayıb

546 14.03.2025 15:15 Yaxın tarix A A

Nasist Almaniyasını rəhbərliyi bütün dünyaya meydan oxumazdan öncə müxalifətçiləri və “ali irq”in nümayəndəsi olmayanları öldürmək üçün konsentrasiya düşərgələri tikməyə başlayıb. Hətta buna Olimpiya oyunlarının Almaniyada keçirilməsi də maneə olmayıb. Zaksenhauzen konsentrasiya düşərgəsi, demək olar ki, müharibənin sonuna qədər mövcud olan azsaylı düşərgələrdən biri olub. Digər düşərgələrə göndərilmək üçün mühafizəçilərin və digər SS işçilərinin hazırlandığı düşərgə sonradan nasistlərin saxlanma yerinə çevrilib.

1936-cı ildə Almaniyada keçirilən olimpiada sonradan bütün dünyada idmançıların göstərdikləri nəticələrlə yox, tikilən həbs düşərgələri ilə yadda qalıb. Olimpiadaya hazırlaşarkən Hitler Avropa ictimaiyyətinə Almaniyada hakimiyyətdən narazı insanların olmadığını və hər şeyin mümkün qədər ideal olduğunu göstərməli olub. Zaksenhauzen həbs düşərgəsinin tikintisinə də belə başlanılıb.

16c45293-cbf6-46ad-9108-2766f31d175c.jpg (82 KB)

Bu düşərgənin tikintisi üçün Estervergen düşərgəsindəki bəzi məhbuslardan istifadə edilib. İlk məhbuslar alman qaraçıları, paytaxtın və ətraf ərazilərin sakinləri olub. Yəhudilərin və qaraçıların sayı çox olduğu üçün olimpiada ərəfəsində Berlinin özündə Martsan həbs düşərgəsi tikilib. Berlində olimpiya oyunlarının açılışı ərəfəsində şəhəri “arzuolunmaz elementlər”dən təmizləmək üçün xüsusi əməliyyat keçirilib. Qaraçılar və yəhudilər Martsana, siyasi cəhətdən narazı olanlar isə Zaksenhauzenə göndərilib. Avropa siyasətçiləri, idman nümayəndə heyətləri bunu çox gözəl bilsələr də, heç kim etiraz etməyib.

Düzdür, jurnalistlərin məqalələri bəzilərini hiddətləndirib. Almanlar onları Zaksenhauzenə apardıqdan sonra jurnalist ictimaiyyətinin qalan hissəsi tamamilə susub və qeyri-adi heç nə baş vermədiyini iddia edib. Olimpiada başa çatsa da, konsentrasiya düşərgələri qalıb. Ən qəddar və qeyri-insani rəftarları ilə yadda qalan mühafizəçilər, nəzarətçilər və rəhbər şəxslər məhz burada xüsusi təlim keçib. Konsentrasiya düşərgələri, nasistlərin hesab etdiyi kimi, öz effektivliyini sübut edib və onlar kütləvi şəkildə tikilməyə başlayıb.

84c02c65-fc47-40fa-bad7-bb4f8554dadb.jpg (103 KB)

Zaksenhauzen düşərgəsinin qapılarının arxasında məhbusların çağırışının keçirildiyi yarımdairəvi bir meydan olub. Sonradan “maarifləndirici” tədbirləri başqa cür həyata keçirmək üçün meydanda dar ağacı quraşdırılıb. Düşərgədə heç kimin getmək istəmədiyi ən dəhşətli yer “ölüm qaçış zolağı” olub. Burada məhbuslardan istifadə edərək ayaqqabıların keyfiyyətini yoxlayıblar.

Məhbusları ora göndərəndə onlardan bəziləri qaçış zolağına yox, qaz kamerasına və ya dar ağacına göndərilməsini xahiş edib. Yol döyüş əməliyyatları zamanı əsgərin gəzə biləcəyi hər şeyə malik olub. Əsgər çəkmələri geyinən məhbuslar günlərlə bu yolda qaçmağa məcbur ediliblər. Çox vaxt onlara kürək çantaları, silahlar və bir əsgərin daşıya biləcəyi digər əşyalar veriblər. Bu məcburi yürüş məhbus ölənə qədər davam edib. Daha sonra ayaqqabılar aşınmaya davamlılıq baxımından sınaqdan keçirilib və onların istehsalına düzəlişlər edilib.

01131c19-7a60-4865-b663-363f4e1ebb49.jpg (93 KB)

1943-cü ildə tikilməsinə baxmayaraq, konsentrasiya düşərgəsinin öz qaz kamerası da olub. Zaksenhauzenin qaz kameralarında nə qədər məhbus, əsir və girovların öldüyü hələ də məlum deyil, çünki bu barədə heç bir qeyd aparılmayıb və çox vaxt düşərgəyə gətirilənlər birbaşa qatardan ora göndəriliblər.
Konsentrasiya düşərgəsində başqa bir yer atış meydançası olub. Burada təlim keçən alman hərbçilər atıcılıq poliqonunda canlı hədəflərdən istifadə ediblər. Zaksenhauzen Stalinin oğlu Yakov Cuqaşvilinin məhz burada saxlanması ilə məşhurdur. O, qaçmaq istəyərkən güllələnib.

Eyni zamanda bu həbs düşərgəsində külli miqdarda saxta funt-sterlinq və dollar çap edilib. Məqsəd ABŞ və Britaniyanın iqtisadiyyatını çökdürmək olub. Yeri gəlmişkən, Böyük Britaniya Bankı müharibədən sonra bu əskinasların əksəriyyətini heç vaxt tapa bilməyib.

7b7a901f-7d5c-41e3-929d-52796ca4d36b.jpg (140 KB)

Təxmini hesablamalara görə, Zaksenhauzen konsentrasiya düşərgəsində 100 minə yaxın məhbus ölüb. Müharibədə məğlub olduğunu görən nasistlər cinayətlərin izlərini ört-basdır etmək istəyib. SS reyxsfüreri Henrix Himmler şəxsən bütün məhbusların oradan çıxarılması barədə göstəriş verib. 33 000 məhbus piyada qərbə, Atlantik okeanının sahilinə göndərilib. Məqsəd onları gəmilərə mindirərək dənizdə batırmaq olub. Almaniyanın məğlubiyyətindən sonra Zaksenhauzen SSRİ Xalq Daxili İşlər Komissarlığının 7 saylı xüsusi düşərgəsi adlandırılıb. Onun ilk sakinləri isə vaxtında həbs düşərgələrinin rəhbərləri və işçilərindən ibarət olub.

İlkin Nəcəf, xüsusi olaraq Musavat.com üçün

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR