Məmləkətimizin insanlarında bir qəribə xasiyyət var, bir hərəkəti edirlər, “yaxşı eləyirəm” qrafasına salırlar, amma anlamırlar ki, bu qanun pozuntusudur, Cinayət Məcəlləsində xüsusi maddələrlə, hüquqşünaslar demişkən, tövsif olunub.
Bəlkə də çox adam etdiyinin yaxşı və düzgün hərəkət olmadığını bilir, amma arxayındır ki, ya zərər vurduqları adam şikayət etməyəcək, ya da özü birtəhər düz-qoş edəcək ki, məsuliyyətə cəlb olunmasın.
Yadınızda olar, milli tik-tokerlər kütləvi şəkildə saxlanılmazdan öncə onlardan biri olan Duana adlı qız tanışlarının yardımıyla bir kişiyə ayağını öpdürmüşdü və güman ki, ümid etmişdi ki, ayaq öpməyə məcbur edilmiş kişi ayıbına kor olacaq, el-oba içində biabır olmamaq üçün gedib polisə şikayət etməyəcək.
Razılaşaq ki, çox adam belə edərdi və heç kim istəməzdi ki, onun qolu burulmuş halda diz çökdürülməsini, bir qadının ayağını öpməsini əks etdirən video yayılsın, hamı görsün.
Ancaq Duana Quliyevanın qarşısında qul edilən usta, görünür, bundan əvvəl yediyi şillə-qapaz və yumruq-dürtmələri həzm edə bilmədiyi üçün gedib polisə şikayət edib, nətəcədə ayaq öpdürən qadını və bu epizodu səhnələşdirməkdə ona kömək edən şəxslər tutulub. İndiyə azadlığa buraxılmış olarlar, amma yəqin ki, bir daha kimdənsə əl-ayaq öpməyi tələb etməyəcəklər. Çünki bu, bahalı işdir. Ustadan böyük ustalar var.
Belə bir xəbər də var: “Ağsu rayonunun İlxıçı kəndində atası ölən şəxs təcili yardımın əməkdaşlarını döyüb”.
Hadisə belə olub: həkim briqadası çağırışa gələnə qədər 25 yaşlı gəncin atası vəfat edib, o da acığını həkimdən və sürücüdən, eləcə də maşından çıxıb. Üzrlü və hüznlü səbəbdən hirslənən gənc sürücünü əvvəlcə sükan arxasında vurub, sonra yerə düşürüb, sürüyüb, arada həkimi şillələyib və təcili yardım maşınının şüşəsini də qırıb.
Bu yerdə o, əlbəttə ki, təxminən anlaqsız vəziyyətdə olub. Soyuq düşünmək iqtidarında olsaydı, gənc başa düşərdi ki, rayon mərkəzindən İlxıçı kəndinə çatmaq üçün 40 dəqiqə heç də çox deyil. Lap tutaq ki, sürücü avtomobili bərk sürməyib, buna görə şillə-təpiyi haqq edir, bəs yazıq həkimin günahı nədir? Bütün briqada ürək-damar xəstəliyi olan mərhumun ölümündə günahkardırsa, binəva maşının suçu nəymiş?
Göründüyü kimi, 40 dəqiqənin içində yetim qalmış oğlan bunu düşünməyib, amma sonra döydüyü adamlarla barışsa da, hakim ona 3,6 il iş verib, türmədə yatmasa da, ora-bura gedə bilməyəcək.
Bu əhvalat yadıma 12 il öncə həmsöhbət olduğum bir təcili yardım həkimini saldı. (Bunu bir dəfə də yazmışam). Oturub çay içirdik, gördüm, Fazil həkim çox siqaret çəkir. O, növbəti siqaretini yandıranda dedim, doktor, adətən, həkimlər hamıya siqaret çəkməməyi tövsiyə edirlər, bəs nə əcəb sən birini söndürüb, o birini yandırırsan. Fazil həkim yüngülvari köks ötürüb dedi: “Mən təcili yardımda işləyirəm, bu vərdiş də peşə fəaliyyətimlə bağlıdır”. Təcili yardım həkim olmaqla siqaret aludəçisi olmaq arasında əlaqə qura bilmədim. Bu zaman doktor özü izahat verdi: “Elə olur ki, çağırışa gedəndə çatıb görürük, iş işdən keçib, 85-90 yaşlı, bəzən daha ahıl xəstələr olur, görürsən ki, xilas edə bilməyəcəksən. Xəstənin də oğullarından ən azı biri çox hiddətli olur, dirəşir ki, tez ol, nə edirsən, et, amma papamı və ya mamamı vəziyyətdən çıxar. Sən də görürsən ki, ölüm mələyi artıq xəstəyə müdaxilə edib. Bilirsən ki, yaxın 5-6 dəqiqədə döyülmək riskin var. O zaman xəstənin hirsli oğluna deyirsən, bir bayıra və ya eyvana çıxaq. Çıxırsan, bir siqaret ona, birini də özünə yandırırsan, kədərli-kədərli deyirsən ki, həyatın qanunu budur, ölüm haqdır, çıxmaq olmaz əmrdən-filan. Övlad görür ki, sən də kədərlisən, üzgünsən, çarəsizsən, yumşalır, səni döymür”.
Beləcə, Fazil doktorun siqaret aludəçisi olmasının sirri açıldı. Siqaret onun üçün qoruyucu vasitədir. Yoxsa valideynini, əzizini itirmiş şəxslər cənab Əzrayılın əvəzinə həkimi şillələməyi özlərinə borc bilir, az qala adətdən sayırlar. Doktor bilir ki, siqareti tərgitsə, döyüləcək.
Bildiyiniz kimi, həkimlərin döyülməsi ənənəsi Türkiyədə də çox yayğındır. Hər gün telekanallarda həkimlərin döyülməsindən bəhs edən süjetlər verirlər.
Amma insanlar anlamalıdırlar ki, belə hərəkətlər qanun pozuntusudur, inzibati xətadır, bəzən cinayət əməlidir və mütləq cəzası var. Durduğun yerdə özünə niyə problem yaradırsan?
Təcili yardım həkimlərini keçdik, son vaxtlar estetik cərrahlar da qapaz altına gəliblər. Bu səmtdə döyülmə dinamikasi artıb, hələ keçən ilin müvafiq dövrü ilə müqayisədə cari ildə artacağı gözlənilir. Məsələn, bir xanım gedib, onu əməliyyat edən həkimlə sevgili olub, qeyri-rəsmi ər-arvad kimi yaşayıb, araları dəyəndən sonra həkimi iş kabinetində şillələyib, indi də deyir, heç bir təqsirim yoxdur.
Adama deyərlər, ay xanım, həkimə düşmüsən, düşmüsən, ta hakimə niyə düşürsən?