İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynanın taleyi ABŞ-dakı “sehirli qazan”dan asılı... - Zelenski hər şeyi açıb tökdü

2003 21.12.2023 08:27 Dünya A A

Ölkə lideri illik konfransda “ABŞ bizə xəyanət etməyəcək” mesajını verdi, “NATO-ya dəvət olunmuruq, cəfəngiyyatdır” dedi, Vaşinqtondan cavab gəldi

“Biz NATO-ya dəvət olunmuruq. Bütün bu deyilənlər bir növ cəfəngiyyatdır”. “Yeni Müsavat” xəbər verir ki, Ukrayna prezidenti ilin yekunlarına dair mətbuat konfransında bildirib. Ölkə lideri deyib ki, alyansa üzvlüklə bağlı heç bir tərəfdaşdan təklif alınmayıb. Volodimir Zelenski ümid etdiyini bildirib ki, Avropa İttifaqı və ABŞ 2024-cü il üçün Ukraynaya planlaşdırılan maliyyə yardımı paketlərini təsdiq edəcək. 


Onun sözlərinə görə, Ukrayna maliyyə yardımı almaq üçün “çox gərgin” işləyir: “Əminəm ki, ABŞ bizə xəyanət etməyəcək, bizim ABŞ-la razılaşdığımız hər şey tam şəkildə həyata keçiriləcək”. Ukrayna prezidentinin fikrincə, Donald Trampın ABŞ prezidenti seçilməsi Ukrayna konfliktinə ciddi təsir edər: “Donald Tramp ABŞ prezidenti seçilərsə, Amerika siyasəti daha qənaətcil olacaq və daxili problemlərə köklənəcək. Nəticədə Ukraynaya daha az hərbi yardım göndəriləcək”. 

Zelenskinin sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin cənubda əks-hücum əməliyyatının uğursuzluğuna səbəb hücumun istiqamətinin əvvəlcədən açıqlanmasıdır. “Cənubda çətinlik çəkdik, çünki hamı bizim məqsədimizin nə olduğunu deyirdi. Hamı aylarca bizim hara getməyimizdən danışırdı. Deyirdilər ki, yaxşı ki, cənubda hava isti keçir, qış gec gəlir, silahlar kifayət qədərdir. Amma daha çox silahı olan Rusiya ilə bu işləmir”, - o bildirib. Ukrayna prezidenti deyib ki, hərbçilər ondan 450-500 min nəfəri səfərbər etməyi xahiş ediblər. Prezident isə əvvəlki planı yekunlaşdırmağı təklif edib və qeyd edib ki, burada təkcə yeni hərbçilərin cəlb edilməsi deyil, həm də təxminən iki ildir xidmət edənlərin ordudan tərxis olunması nəzərə alınmalıdır. Onun sözlərinə görə, bu məsələdə ədalətin qorunması vacibdir: “Biz ən cəsur insanları, onların mənəvi durumunu itirə bilmərik”. Zelenski həmçinin bildirib ki, bu sayda insanın səfərbər olunmasının dəyəri təxminən 500 milyard qrivna (təxminən 13 milyard dollar) olacaq. Zelenski Zalujnı və komandası ilə bundan sonra da işləyəcəyini vurğulayıb.

ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller isə cavabına deyib ki, Konqresin əlavə vəsaitin ayrılması ilə bağlı razılığı olmasa, Ağ Ev administrasiyasının Ukraynaya yardım etməsi mümkünsüz olacaq. “Konqres bu qanun layihəsini qəbul etməsə, bizim heç bir "sehrli qazan"ımız yoxdur", - Miller belə söyləyib. DD rəsmisi onu da əlavə edib ki, Ukraynanı olduqca çətin qış gözləyir. Bu pessimist ovqatda isə Ukrayna aviasiyası və raket qüvvələri rus ordusunun cəmləşdiyi bir neçə ərazini güclü şəkildə vurub. Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının yaydığı xəbərdə qeyd olunub ki, aviasiya düşmənin şəxsi heyətinin, silah-sursatının və hərbi texnikasının cəmləşdiyi 6 əraziyə zərbələr endirib. Bundan əlavə, raket qoşunlarının bölmələri şəxsi heyətin, silah-sursatın və hərbi texnikanın cəmləşdiyi iki ərazini, bir idarəetmə postunu, üç artilleriya silahını və rus hərbçilərinin dörd silah-sursat anbarını vurub. Eyni vaxtda işğal edilən Xerson şəhərində ardıcıl partlayışlar baş verib. Bildirilib ki, Korabelnı rayonunda bir neçə partlayış qeydə alınıb. Xerson vilayətinin hərbi administrasiyasının rəhbəri Aleksandr Prokudin də partlayışların olduğunu təsdiqləyib.

Aqşin Kərimov: Azərbaycanla İran arasındakı gərginliklərin müharibə həddinə  çatmasını güman etmirəm

Aqşin Kərimov

Siyasi şərhçi Aqşin Kərimovun sözlərinə görə, Ukrayna ordusu Rusiyanın Qara Dəniz Donanmasının aktivlərinə qarşı zərbələr endirməklə qurudakı qoşunların hərəkətini hava əməliyyatları ilə əvəzləyib üstünlük qazanmağa çalışır: “Təbii ki, bu, Ukraynanın uğurlu nəticə əldə etməsi üçün kifayət deyil, çünki nə Rusiyanın formalaşdırdığı və müdafiəsini gücləndirdiyi həmlə xəritəsi, nə də Ukraynanın əks-hücum əməliyyatlarının dalan nöqtəsi dəyişib. Ancaq Ukrayna Rusiyanın Qara dənizdəki donanmasının aktivlərini hədəfə aldıqdan sonra Moskva ehtiyatlı bir mövqeyə keçərək hərbi gəmilərinin bir qismini Krımdan uzaqlaşdırıb. Peyk çəkilişləri göstərir ki, Ukraynanın zərbələri Rusiya donanmasının Sevastopoldakı bəzi qüvvələrinin davamlı köçürülməsinə səbəb olub. Rusiya həm suüstü gəmilərini, həm də sualtı qayıqlarını Sevastopoldakı əsas bazadan uzağa - Novorossiysk və Krasnodar diyarındakı limanlara köçürüb. Ukraynanın bombardmanlarından sonra Rusiyanın dəniz qüvvələrindəki yerdəyişmə, çox güman ki, Kiyevin yenidən raket atəşlərinə başlayacağı ilə bağlı Moskvada yaranan həyəcanla əlaqəlidir”. 

Onun fikrincə, bununla belə, Ukraynanın budəfəki əməliyyatları 2023-cü ilin yayında və payızında Rusiya donanmasına qarşı qabaqlayıcı zərbə kampaniyasının nəticələrindən zəifdir: “Ona görə də Kiyev Rusiyanın Ukrayna limanlarını tamamilə blokadaya almaq səylərini poza bilmək qabiliyyətini gücləndirməkdə çətinlik çəkə bilər. Ukrayna qoşunlarının hərtərəfli, davamlı və sistemli hücumlarının baş verməsi üçün Qərbin hərbi dəstəyi mütləqdir. Amma Ukraynaya hərbi yardım kampaniyası məsələsində tərəddüdləri çoxalan Qərbin ehtiyatlı davranışı Rusiya prezidenti Vladimir Putini daha da cəsarətləndirir. Putinin ənənəvi illik mətbuat konfransında "xüsusi hərbi əməliyyat"ın öz məqsədinə çatana qədər davam edəcəyini söyləməsi Qərbin Kiyevə zəifləyən yardımları fonunda diqqət çəkir. Qərb Ukraynanı pərdəarxasında Rusiya ilə sövdələşməyə təhrik edir. Bu kontekstdə, bəlkə də Qərb Rusiya ilə Ukrayna arasında etibarlı broker imici ilə meydandakı şərtləri dəyişdirməyə çalışır, lakin Kiyevdən sona qədər dirənmək siqnalları həmin səyləri zəiflədir. Bu tempin uzunmüddətli və ya yaxınmüddətli ola biləcəyini proqnozlaşdırmaq daha çox Ukrayna qoşunlarının əldə edə biləcəyi nəticələrlə düz mütənasibdir. Hərçənd getdikcə Ukraynanın xeyrinə proqnozlar çıxarmağa əsas verən ipucları da müharibənin alovları içərisində əriyib gedir və Kiyevin dalana dirənməsi prosesi Qərbin də kartlarını dəyişdirir. Rusiya və Qərb Ukraynadakı müharibəni qlobal hesablarda önə çıxmaq şansı kimi qiymətləndirir, Kiyev isə öz dərdinə əlac qılmağın çətinliyini getdikcə daha aydın dərk edəcək".

Emil SALAMOĞLU
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR