İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna müharibəsi yeni mərhələdə - logistika yolları hədəfdədir

770 12.06.2026 19:34 Dünya A A

2022-ci ilin fevralında başlayan müharibənin dördüncü ilində Ukrayna cəbhəsində diqqətçəkən dəyişiklik baş verir. Bu gün hansısa kəndin alınmasından çox, hərbi təchizatını daha effektiv iflic olunması ön plana çıxıb.

Musavat.com Ukrayna mediasında yer alan məlumatlara istinadla xəbər verir ki, müharibə tədricən klassik səngər döyüşlərindən logistika, dron və uzaqmənzilli zərbələr savaşına çevrilir. Ukrayna ordusu Rusiyanın arxa cəbhəsinə hücumları artırdığı bir vaxtda, Rusiya da cəbhə xətti boyunca təzyiqi maksimum səviyyədə saxlamağa çalışır.

Hər gecə Ukrayna pilotsuz aparatları Rusiyanın dərinliklərində yerləşən enerji və sənaye obyektlərinə zərbələr endirib. Son həftələr ərzində Kiyev tərəfindən həyata keçirilən belə əməliyyatların sayı əhəmiyyətli dərəcədə artıb. Ukrayna Müdafiə Nazirliyinin məlumatlarına görə, may ayında cəbhədən 50 kilometrdən çox uzaqda yerləşən hədəflərə endirilən zərbələrin sayı əvvəlki ayla müqayisədə iki dəfə artıb. Məqsəd Rusiya ordusunun yanacaq, sursat və nəqliyyat imkanlarını zəiflətməkdir. Bu strategiya artıq nəticə verməyə başlayıb.

Son günlər Mariupol limanına, Çonqar körpüsünə və Krımla işğal olunmuş əraziləri birləşdirən kommunikasiya xətlərinə endirilən zərbələr Moskvanın cənub cəbhəsindəki təchizat sisteminə ciddi təzyiq yaradır. Ukrayna Baş Qərargahının məlumatlarında və Ukrayna mediasının hesabatlarında ən çox adı çəkilən istiqamət yenə Pokrovskdur. Bir il əvvəl Rusiyanın əsas məqsədi bu şəhəri tam nəzarətə götürmək idi.

Bu gün də bölgə müharibənin ən qanlı nöqtələrindən biri olaraq qalır. Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Oleksandr Sırski son açıqlamasında Pokrovsk ətrafındakı döyüşləri cəbhənin ən ağır hissəsi kimi xarakterizə edib. Bununla yanaşı Konstantinovka istiqamətində də vəziyyət mürəkkəbləşir. Rusiyanın burada təzyiqi artırmasının məqsədi Ukrayna müdafiə xəttini parçalamaq və Donbasın dərinliklərinə çıxış əldə etməkdir. Ukraynalı hərbi müşahidəçilər bu istiqamətdə vəziyyətin gərgin olaraq qaldığını bildirirlər. Son həftələrdə Ukrayna mətbuatında tez-tez gündəmə gələn başqa bir bölgə Sumıdır. Rusiyanın sərhəd boyunca yaratmağa çalışdığı təhlükəsizlik zonası cəhdləri nəticəsində burada döyüş fəallığı artıb.

Hərbi ekspertlər hesab edirlər ki, Moskvanın məqsədi yalnız ərazi qazanmaq deyil, həm də Ukraynanı Donbasdan ehtiyat qüvvələr çıxarmağa məcbur etməkdir. Bu səbəbdən Sumı istiqaməti yaxın aylarda müharibənin əsas xəbərlərinin gəldiyi bölgələrdən birinə çevrilə bilər. Maraqlıdır ki, Ukrayna komandanlığı son aylarda ilk dəfə olaraq müəyyən ərazilərin geri alındığını açıq şəkildə bəyan edir. Ukrayna quru qoşunlarının baş komandanı Sırskinin sözlərinə görə, 2026-cı ilin əvvəlindən Ukrayna ordusu 600 kvadrat kilometrdən çox ərazini geri qaytarıb. Bu, 2023-cü ilin uğursuz əks-hücumundan sonra Kiyevin ilk ciddi uğuru hesab edilir. Müstəqil müşahidəçilər də Rusiyanın irəliləyiş tempinin son aylarda nəzərəçarpacaq dərəcədə zəiflədiyini bildirirlər. Lakin bu, müharibənin yaxın zamanda bitəcəyi anlamına gəlmir.

2026-cı ilin iyununda Ukrayna cəbhəsinin əsas xüsusiyyəti tankların deyil, pilotsuz aparatların dominantlığıdır. Minlərlə dron hər gün həm cəbhə xəttində, həm də yüzlərlə kilometr uzaqlıqda yerləşən obyektlərə zərbələr endirir. Tərəflər artıq yalnız əsgərləri deyil, yanacaq bazalarını, körpüləri, limanları, elektrik yarımstansiyalarını və logistika marşrutlarını hədəfə alırlar. Cəbhə xətti hələ də Donetskdədir, lakin müharibənin taleyi getdikcə daha çox arxa cəbhədəki yanacaq anbarlarında, dəmir yollarında, limanlarda və dron operatorlarının ekranlarında həll olunur.

E.Məmmədəliyev,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR