Xəbər verildiyi kimi, Ermənistanda uzun müddətdir siyasi və hüquqi müzakirələrin mərkəzində olan yeni konstitusiya məsələsi ilə bağlı diqqətçəkən açıqlama verilib. Baş nazir Nikol Paşinyan bildirib ki, ölkənin yeni Konstitusiya layihəsi bu ilin sonuna qədər ictimaiyyətə təqdim olunacaq. Bu bəyanat təkcə Ermənistanın daxili siyasəti deyil, həm də Azərbaycan-Ermənistan normallaşma prosesi fonunda xüsusi maraq doğurur. Paşinyan brifinq zamanı yeni Konstitusiya üzərində işlərin davam etdiyini bildirib. Baş nazir konkret tarix açıqlamasa da, sənədin bu ilin sonunadək ictimaiyyətə təqdim ediləcəyini vurğulayıb.
"Konkret müddətlər deyə bilmərəm. Yeni Konstitusiyanın layihəsi ilin sonunadək dərc olunacaq", -Paşinyan qeyd edib.
Xatırladaq ki, Ermənistan Konstitusiyasının dəyişdirilməsi məsələsi son aylarda həm ölkə daxilində, həm də regionda geniş müzakirə olunur. Rəsmi Bakı dəfələrlə bəyan edib ki, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları aradan qaldırılmadan yekun sülh sazişinin imzalanması mümkün deyil. Bu baxımdan yeni Konstitusiya layihəsinin məzmunu və orada yer alacaq müddəalar xüsusi diqqətlə izlənilir.
Paşinyanın vəd etdiyi yeni Konstitusiya regionda yeni mərhələnin başlanğıcı ola bilərmi? Yeni layihədə Azərbaycana, həmçinin Türkiyəyə qarşı ərazi iddiaları tamamilə aradan qaldırılacaqmı? Ermənistan Konstitusiyasına ediləcək dəyişikliklər sülh sazişinin imzalanmasını sürətləndirəcəkmi?
Siyasi şərhçi Əli Zülfüqaroğlu Musavat.com-a açqlamasında deyib ki, Ermənistan konstitusiyasına dəyişiklik sülh sazişinin imzalanması üçün Bakının əsas tələbidir.
Onun sözlərinə görə, Azərbaycanın şərtləri yerinə yetiriləcəksə, xüsusilə Ermənistan konstitusiyasından Azərbaycana qarşı ərazi iddiaları aradan qaldırılacaqsa, sülh sazişinin imzalanması üçün real zəmin yaranacaq: “Paşinyanın “real Ermənistan” konsepsiyası həm də bu məsələləri özqündə ehtiva edir. Yəni Ermənistanı uçuruma aparan, onu üçüncü qüvvələr üçün alətə, nəticədə vassala çevirən “böyük Ermənistan” ideologiyasının dəfn edilməsində Paşinyanın özü də maraqlıdır. Əgər belə olmayacaqsa, o zaman Paşinyanın “real Ermənistan” konsepsiyasının reallaşması mümkün deyil. Eyni zamanda Paşinyan konstitusiya dəyişikliyinə getməklə həm də erməni kilsəsinə və lobbisinə verilən konstitusion hüquqları aradan qaldırmağa, beləliklə də bu qüvvələri Ermənistanın siyasi səhnəsindən silməyə nail olacaq. Çünki kilsə və lobbi Paşinyanın müəyyənləşdirdiyi siyasi kursun reallaşmasına əsas maneələrdir və indiyə qədər Ermənistanın xarici siyasətinin müəyyənləşdirilməsini məhz kilsə və lobbi həyata keçirib”.
Əli Zülfüqaroğlunun fikrincə, son müharibə də göstərdi ki, Ermənistan xarici siyasətini dəyişməsə və qonşularla normal münasibətlər qurmasa, bu dövlətin mövcudluğu sual altına düşəcək: “Türkiyə, Azərbaycan və 40 milyonluq azərbaycanlının yaşadığı İranla qonşu olan Ermənistanın ənənəvi siyasətini davam etdirməsi intihar deməkdir. Paşinyan da real mənzərəni görür və ona uyğun siyasət yürütməyə çalışır. Ona görə də hesab edirəm ki, Ermənistan sülh prosesinin sürətlənməsi istiqamətində addım atarsa, sülh sazişi imzalana və bu, Ermənistan iqtisadiyyatına ciddi təsir edə, nəticədə revanşistlər xalqın dəstəyini tam itirə, xəstə ideoloji düşüncə isə tədricən dəfn oluna bilər. Bu isə bütün bölgə üçün sabitlik və rifah deməkdir”.
Cavanşir Abbaslı
Musavat.com






