İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna müharibəsi üçün ən pis sonluq - işğalçı razı salınarsa...

909 12.07.2024 12:49 Siyasət A A

Rusiya dinbir, dilbir xalqla belə davranırsa...; Qabil Hüseynli: “Müharibə başladığı gündən Rusiya Ukraynanı və onun xalqını itirib”

Dünya səbirsizliklə Rusiyanın Ukraynaya hərbi təcavüzünün nə ilə bitəcəyini gözləyir. Çünki nəticədən hamıya, bütün xalqlara və dövlətlərə “pay” düşəcək - bu və digər dərəcədə. Xüsusən də Rusiyanın yaxın qonşularına. 

Rusiya isə deyəsən, “iştah diş altındadır” prinsipinə sadiqdir. Bu da növbəti sübut. 

“Moskva və Kiyev sülh müqaviləsi imzaladıqdan və müharibəni dayandırdıqdan sonra Rusiya Ukraynanın bütün ərazisini ələ keçirməyə hazırlaşmalıdır” - Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyevin Telegram kanalında yazdığı statusda bu fikirlər yer alıb. 

“Hətta sənədləri imzalayıb məğlubiyyəti qəbul etsələr də, Ukraynada radikalların qalan hissəsi gec-tez Rusiyanın Qərb düşmənlərinin dəstəyi ilə hakimiyyətə qayıdacaqlar. Sonra nəhayət sürünənləri əzmək vaxtı gələcək”, - deyə o qeyd edib. 

Onun sözlərinə görə, hazırda Rusiya “Banderanın kvazidövlətinin tabutuna uzun polad mismar vurmalı”, həmçinin “onun qanlı irsinin qalıqlarını məhv etməli və qalan torpaqları Rusiyaya qatmalıdır”.

Bu, əlbəttə ki, hər şeydən öncə beynəlxalq hüquqa meydan oxumaqdır. Əgər Rusiya qonşuluqdakı dinbir, dilbir xalq və dövlətlə belə davranırsa, digər postsovet ölkələrə nə baxır? Ümumiyyətlə, rəhbərliyində bu cür radikal düşüncəli qırğı siyasətçinin oturduğu, bütün Ukraynanı işğal etməyi hədəfləmiş ölkə ilə sülh anlaşması mümkündürmü? Rusiyanın keçmiş prezidenti Medvedyev bununla nə dərəcədə indiki prezidentin mövqeyini ifadə edir? 

“Rusiya Kiyevin Moskvanı dəvət etməyə hazırlaşdığı Ukrayna üzrə ikinci sülh sammitində iştirak etmək niyyətində deyil”.

Bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin “RİA Novosti”yə deyib. 

Ukraynaya qarşı işğalçılıq müharibəsini sürdürən Kremlin təmsilçisi Rusiyanın hərbi cinayətlərini bir tərəfə qoyaraq, sülh sammitinin təşkilatçılarını “dələduzluqda” günahlandırmaqdan çəkinməyib: “Biz bu cür ultimatumları qəbul etmirik və bu cür "zirvə görüşlərində" iştirak etmək fikrində deyilik. Biz Kiyev rejiminin və onun Qərb kuratorlarının bu ilin iyun ayının ortalarında İsveçrədəki uğursuz sülh sammiti üçün “özlərini reabilitasiya etmək” və oxşar tədbir keçirməyə çalışmaq niyyətlərini bilirik". 

Qaluzin Qərb ölkələrinin “Ukrayna böhranının həlli üzrə digər təşəbbüslərə qəsdən məhəl qoymadıqlarını” deyib.

Konfliktin diplomatik yollarla həll imkanlarının tükəndiyi bir vaxtda isə NATO-nun baş katibi Yens Stoltenberq çağırış edib ki, Ukraynanın Rusiya ərazisinə zərbə endirmək hüququ olmalıdır, çünki bu, özünümüdafiə hüququ ilə təmin edilir. O, bunun işğalçı müharibə olduğunu, Rusiyanın qonşusuna hücum etdiyini və beynəlxalq hüququ pozduğunu vurğulayıb: “Beynəlxalq hüquqa görə, Ukraynanın özünümüdafiə hüququ var, biz Ukraynaya silah və texnika, o cümlədən uzun mənzilli raketlər, xüsusən də ATACMS verməklə onun özünümüdafiə hüququnu həyata keçirməsinə kömək edirik”. 

Stoltenberq ABŞ-ın Rusiya ərazisində uzaqmənzilli raketlərin istifadəsinə qoyulan məhdudiyyətləri azaltmaq qərarını alqışlayıb, çünki Rusiya yenidən Xarkov vilayətinə hücum edib və döyüşlər demək olar ki, bütün cəbhə xətti boyunca aparılmağa başlayıb. Böyük Britaniyanın yeni baş naziri Keyr Starmer də deyib ki, Ukrayna Rusiyadakı hərbi hədəflərə zərbə endirmək üçün London tərəfindən ona verilən uzaqmənzilli raketlərdən istifadə etmək hüququna malikdir. 

Göründüyü kimi, kollektiv Qərb Rusiyanın dərinliklərinə verdikləri silahlarla zərbələr endirməyə çağırır. Belə şəraitdə isə sülh üfüqdə belə görünmür. Hətta macar baş nazir Orbanın səyləri də uğursuz oldu. 

Prezidentdən Qabil Hüseynli ilə bağlı sərəncam – Yeni Çağ Media

Qabil Hüseynli

Professor Qabil Hüseynli “Yeni Müsavat”a bildirdi ki, Medvedyev o günü görməyəcək. Onun fikrincə, TŞ-nin sədr müavini həmişə “kreativ” sözlər dilə gətirməyə çalışır və “orijinal” görünməyə həvəslidir. 

Q.Hüseynlinin sözlərinə görə, koalisiya Kiyevi məğlub olmağa qoymayacaq və hər hansı kapitulyasiyadan söhbət gedə bilməz: “Medvedyev bundan əvvəl də deyib ki, Ukrayna Rusiyaya birləşdirilməlidir. Amma bunu arzu edə bilər. Ukraynanın ərazi bütövlüyü dünya tərəfindən dəstəklənir. Hətta Rusiyanın dostları olan Çin, Hindistan da bu mövqedən çıxış edirlər. Onun hər gün bir sözünü eşidirik və artıq bəyanatları ciddi qəbul olunmur. Hətta Rusiyanın özünə birləşdirdiyi 4 region və ilhaq edilən Krım belə heç bir dövlət tərəfindən bu ölkənin suveren ərazisi kimi tanınmayıb. Ona görə Ukraynanın tam ələ keçirilməsi xülyadır. Kreml bunu müharibədən sonra yalnız o halda ağlından keçirə bilər ki, orada siyasi hakimiyyət ruspərəstlərdən ibarət olsun. Ancaq tökülən qanlar, verilən qurbanlar, Rusiyaya nifrət və düşmənçilik heç zaman imkan verməz ki, Ukraynada yenidən Yanukoviç kimi biri hakimiyyətə gəlsin. Bu müharibə başlandığı gündən Rusiya Ukraynanı və xalqını itirib”.

Professor əlavə etdi ki, hazırda “Novorossiya” adlandırılan həmin 4 regiona rus qoşunları tam nəzarət edə bilmir, ağır döyüşlər davam etməkdədir: “Xerson vilayəti işğalda olsa da, Xerson şəhəri Ukraynanın əlindədir. Donetskin Liman şəhəri və bir sıra əraziləri də işğal olunmayıb. Ümumən Rusiya Donetsk və Luqanskın inzibati sərhədlərinə çata bilməyib və üç ildir ki, tankları irəli-geri sürür. O baxımdan Medvedyevin postmünaqişə dövrünə aid proqnozları inandırıcı deyil. Sadəcə, bu təfəkkür varsa, deməli, Rusiya rəsmiləri öz qonşularına, postsovet respublikalarına təbəə gözü ilə baxırlar. Yəni sabah Qazaxıstan, yaxud Tacikistan NATO-ya üzvlük niyyətini ortaya qoyarsa, bu ölkələrdən də torpaq qoparmağa, Ukrayna, Moldova, Gürcüstanın vəziyyətinə salmağa çalışacaqlar. 

Əslində Rusiya öz ətrafına münasibətini yenidən nəzərdən keçirməlidir. Yalnız bu halda regional əməkdaşlıq genişlənə bilər, inkişafa nail olmaq mümkündür. Postsovet məkanında dövlətlərin Avroatlantik məkana inteqrasiya səylərinin səbəbi həm də bununla əlaqədardır. Yəni Avropa Birliyi Avrasiya İqtisadi Birliyindən, NATO KTMT-dən daha perspektivli görünür".

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR