İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna müharibəsi postsovet ölkələrində ABŞ-a inamı sarsıdıb - Politoloqdan İLGİNC AÇIQLAMA

734 16.01.2024 08:11 Siyasət A A

Siyasi ekspert: “Artıq heç bir dövlət, heç bir xalq Amerikaya arxayın olub, onun maraqlarına xidmət edəcək addımlar atmaq yolunu seçməyəcək”

BMT donorlardan 2024-cü ildə Ukraynada müharibədən əziyyət çəkən əhaliyə, ukraynalı qaçqın və onları qəbul edən icmalara humanitar yardım göstərmək üçün 4,2 milyard dollar ayırmağı xahiş edib. Musavat.com-un xəbərinə görə, Humanitar Məsələlərin Koordinasiyası İdarəsi (OCHA) və Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) birgə bəyanatına əsasən dəstək tədbirləri 10 milyondan çox insanı əhatə etməlidir.

Dünya təşkilatı izah edib ki, Ukrayna daxilində humanitar ehtiyaclara cavab OCHA tərəfindən əlaqələndirilir və bu il 8,5 milyon insan üçün müvafiq yardım planının həyata keçirilməsinə 3,1 milyard dollar lazımdır. BMT QAK isə öz növbəsində 2,3 milyon ukraynalı qaçqına dəstək verilməsini əlaqələndirir. 2024-cü ildə bu məqsədlər üçün 1,1 milyard dollar vəsaitin ayrılması planlaşdırılır.

BMT-nin məlumatına görə, Ukraynada 14,6 milyon insanın humanitar yardıma ehtiyacı var. Təxminən 6,3 milyon insan ölkəni tərk edib. Ukraynalı qaçqınların əksəriyyəti Avropadadır, halbuki “onların yalnız 40-60 faizi işləyir, çox vaxt öz ixtisaslarından aşağı işlərdə və bir çoxları yaşayış vasitələri olmadan həssas olaraq qalır”. 

BMT-nin qaçqınlar üzrə ali komissarı Filippo Qrandi humanitar planın yayımlanması ilə bağlı bildirib ki, bütün qaçqınlara kömək göstərilməli və vəziyyət imkan verdikdə onları könüllü geri qayıtmağa hazırlamaq üçün istedadlarından istifadə etmək və inkişaf etdirmək imkanı verilməlidir.

ABŞ-ın isə Ukraynaya hərbi yardımı dayanıb. Bu barədə məlumatı ötən həftə Ağ Evin milli təhlükəsizlik üzrə koordinatoru Con Kirbi brifinqdə açıqlayıb. Hərbi yardımın bərpa etdirilib-etdirilməyəcəyi yaxın vaxtlarda bəlli olacaq. 

ABŞ-ın Ukraynaya hərbi yardımları dayandırması Ukraynanın tamamilə məğlubiyyətə sürüklənməsi, ABŞ-ın Ukrayna savaşından tədricən kənara çəkilməsi Rusiyanın hərbi qələbə şanslarının ciddi şəkildə artması kimi qiymətləndirilir. 

Bəs ABŞ-ın Ukraynaya hərbi yardımı dayandırması Vaşinqtonun Ukraynanı meydanda tək buraxması deməkdirmi? Və bu hadisə digər postsovet respublikalarında, Avropa Birliyi dövlətlərində və ümumiyyətlə dünyada ABŞ-a olan-qalan etimadı, inamı sarsıdacaqmı? 

Azad MƏSİYEV

Azad Məsiyev

Politoloq Azad Məsiyev “Yeni Müsavat”a bildirdi ki, ABŞ dünyada öz imperatorluğunu qorumaq üçün zaman-zaman ayrı-ayrı dövlətlərdə demokratiya, insan haqları ideyası adı altında dövlət çevrilişləri təşkil edib. Həmin çevrilişlər vasitəsilə o dövlətləri öz təsiri altına alaraq öz maraqlarını həyata keçirir: “Yəni çevrilişlər, yeni hakimiyyətlərin qurulması heç də ABŞ-ın həmin dövlətləri sevdiyindən, həmin dövlətlərin xalqına xoşbəxtlik gətirmək istəyindən irəli gəlmir. Belə dövlətlərdən biri də məhz Ukraynadır. Bu gün artıq gün kimi aydındır ki, Amerika öz maraqları naminə Ukrayna dövlətini faciəyə sürüklədi və məhv olmaq təhlükəsi ilə üz-üzə qoydu. Hər kəsdə əminlik yaranacaq ki, Amerikanın diktəsi ilə hərəkət etmək sonda fəlakətlə üz-üzə qalmaqdır. Çünki Amerika heç kimi sona qədər müdafiə etmir və öz maraqları naminə qurban verir.

ABŞ daha çox Rusiyanın ətrafında olan dövlətlərdə çevrilişlər təşkil edir. Bunun nümunələrini uzaq olmayan tarixə nəzər salsaq görəcəyik. Məqsəd bu dövlətlərdə anti-Rusiya mövqeli iqtidarlar qurub Rusiyaya qarşı istifadə etməkdir. Hətta Belarusda da bir neçə il öncə inqilab edib Rusiyaya qarşı siyasətçi xanımı hakimiyyətə gətirmək istədilər. Lakin baş tutmadı. Ukraynanı isə ABŞ demokratiya ideyası altında işğal etdi. Barak Obama Ukraynada hakimiyyəti Amerikanın devirdiyini şəxsən açıqlamışdı. Məqsəd Ukraynanı Rusiyaya qarşı istifadə etmək idi. Ukraynanı qurban vermək bahasına olsa da Rusiyanı müharibəyə cəlb edib ardınca da Rusiyaya qarşı saysız-hesabsız sanksiyalar tətbiq etməklə Rusiyanı çökdürmək, zəiflətmək, mümkün olarsa, tamam sıradan çıxarmaq hədəf idi. ABŞ Rusiyanı dünya siyasi xəritəsindən silmək üçün Rusiya ilə birbaşa müharibə aparmaqdan ehtiyatlandığı üçün onu təkləmək, bütün ətrafını NATO-laşdırmaq taktikasını həyata keçirirdi. Rusiya isə özünü qorumaq üçün “ən gözəl müdafiə hücumdur” prinsipini tətbiq elədi. Ukrayna müharibəsi başlandı. Nəticə isə artıq göz önündədir. ABŞ-ın siyasəti Ukraynanı Rusiya-NATO savaşının platsdarmına çevirdi. Qərb koalisiyası Rusiya ilə müharibəni özlərinin ərazisində deyil, çevrilişlə ələ keçirdikləri Ukraynanın ərazisində aparırlar. İki ilə yaxın müddət keçib və artıq Ukraynanın 20 faizdən çox ərazisinə Rusiya ordusu nəzarət edir".

Ekspert qeyd etdi ki, bu gün artıq ABŞ Ukraynanı meydanda tək buraxır. Çünki onun marağı heç də Ukraynanı xilas etmək və ya gücləndirmək deyildi. Necə ki, zaman-zaman başqa bir çox dövlətləri öz maraqlarını həyata keçirmək üçün qurban verdiyi kimi, indi də Ukraynaya qarşı bunu edir: “Ukrayna dövləti və xalqı Qərbin onlara əslində fəlakətlər gətirdiyini anlamağa başlayır. Eləcə də Ukrayna təcürbəsi  artıq digər ölkələr, əsasən də postsovet respublikalarında ABŞ-a olan-qalan etimadı sıfıra endirir və endirəcək. Artıq heç bir dövlət, heç bir xalq Amerikaya arxayın olub, onun maraqlarına xidmət edəcək addımlar atmaq yolunu seçməyəcək. Hər kəsdə əminlik yaranacaq ki, Amerika Ukraynaya xəyanət etdisə, ona qətiyyən etibar etmək olmaz. Ukrayna müharibəsinin nəticələri ABŞ-a inamı sarsıdır və daha da sarsıdacaq. Taktiki baxımdan Birləşmiş Ştatlar bir sıra məqsədlərinə çatsa da strateji baxımdan məğlubiyyətə uğrayır”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat” 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR