İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna müharibəsi bitirmi?..

867 26.07.2022 10:10 Yazarlar A A

Hamı avqustun gəlməsini gözləyir, özü də səbrsizliklə. Bəli, söhbət Rusiya-Ukrayna müharibəsindən gedir. Ən çox da tələsən jurnalistlərdir. Bu da təsadüfi deyil.

Bəli, ta əzəldən iki cür jurnalist olubdur. Bir hissəsi daim nəticə ilə tələsibdir, digər hissəsi isə səbrlə prosesin sonunu gözləyib və tələsik nəticə çıxarmamağa çalışıbdır.

O ki qaldı Ukrayna müharibəsinə, bu müstəvidə vasitəçilik etmək istəyənlər həmişə tapılacaq. Amma əvvəlcə bir suala cavab vermək lazımdır: müharibənin bitməsini kim istəyir?

ABŞ və Avropa ölkələri bunu istəmir. İstəsəydilər bu qədər vəsait ayırmazdılar Kiyev üçün. Bunun əvəzində gücü diplomatiyaya verər və çalışardılar ki, qısa müddət ərzində Ukrayna daha çox ərazi itirsin və tez məğlub olsun.

Amma belə bir şey yoxdur. Elə bu səbəbdən də Henri Kissincer Ukraynanı təslim olmağa çağıranda biz yazmışdıq ki, bu ABŞ-ın mövqeyi deyil, çünki o vaxt ABŞ Ukraynaya 44 milyard dollarlıq hərbi yardım göstərməyə hazırlaşırdı. Avropa ölkələri arasında da Rusiya qazından və neftindən imtina etməklə bağlı problemlər olsa da elə bir Avropa ölkəsi yoxdur ki, Kiyevə yardım göstərməsin...

Bu müharibə təkcə Ukraynaya qarşı müharibə deyil. İsveçin və Finlandiyanın NATO-ya qəbulu onu göstərdi ki, nə Alyans genişlənmədən imtina etməyə hazırlaşır, nə də Rusiya bu prosesə qarşı savaş açmağa - bəli, Rusiyanın davası post-sovet ölkələrilə bağlıdır.

Ona görə də bu savaşı elə post-sovet ölkələri uğrunda savaş kimi də qəbul etmək lazımdır. Əgər Moskva bu savaşı udsa, o halda onu dayandırmaq mümkün olmaycaq, Kreml post-sovet məkanında öz iradəsini diqtə etməyə çalışacaq. Bir vaxtlar, daha dəqiq desək, 90-cı illərdə Rusiya Monro doktrinasından danışırdı. Sonrakı illərdə də Kreml daim post-sovet məkanını öz nüfuz sferası kimi təqdim edirdi.

Məhz buna görə də Moskva bu ölkələrin ərazisində müxtəlif etnik və ərazi münaqişələri yaradırdı. Amma bu da kömək etməyəndən sonra Kreml post-sovet ölkələrinə qarşı açıq müharibəyə başladı. Birinci belə müharibə Gürcüstana qarşı oldu. Fəqət, alınmadı. Qərb diplomatiya yolu ilə Moskvanı dayandıra bildi.

İkinci savaş Ukraynaya qarşı başladıldı. Kremldə düşünürdülər ki, Ukraynaya qarşı da ildırım sürətli savaş baş tutacaq. Amm alınmadı. Artıq müharibənin altıncı ayı başlayıb. Altı ay yarım il deməkdir və bu müddət ərszində Moskva Şərqi Ukraynada ilişib qalıb. Halbuki bu ərazi uğrunda müharibə 2014-cü ildən başlayıb. Düz səkkiz ildir ki, Rusiya Donetski və Luqanskı almağa çalışır. Yalnız bu yaxınlarda o, Luqanskı tam nəzarətə götürə bildi. Ukrayna hərbçiləri bunu zəruri manevr cəhdi ilə izah etdilər.

Bəli, onların sözlərinə görə, avqust ayında Kiyev genişmiqyaslı əməliyyatlara başlayacaq və işğal olunmuş ərazilər qaytarılacaq. Nə demək olar? Avqusta beş-üç gün qalıb. Ona görə də savaşın bitməsindən yox, onun yeni fazaya keçməsindən danışmaq daha düzgün olardı...

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR