UID Azərbaycan 20 Yanvar faciəsinin ildönümü münasibətilə şəhidlərimizin əziz xatirəsini yad etmək və cəmiyyətdə həmrəyliyi gücləndirmək məqsədilə qanvermə aksiyası təşkil edir.
Musavat.com xəbər verir ki, “Qan Birliyimiz, Can Birliyimizdir” şüarı altında keçirilən aksiya bu gün – yanvarın 17-də baş tutur. Aksiya çərçivəsində toplanan qan Azərbaycan Qan Bankası tərəfindən qana ehtiyacı olan xəstələrin müalicəsində istifadə olunacaq.
Tədbirin əsas məqsədi humanizm, birlik və sosial məsuliyyət dəyərlərini təşviq etməkdir. Təşkilatçılar hər kəsi bu nəcib təşəbbüsə qoşularaq bir damla qanla bir ömür xilas etməyə çağırırlar.
Sıxlığın qarşısını almaq üçün iştirakçılardan afişada qeyd olunan əlaqə nömrələri ilə əvvəlcədən zəng edərək gələcəkləri saatı bildirmələri xahiş olunur. Aksiyada 18–60 yaş aralığında olan, sağlam şəxslər iştirak edə bilərlər.
Aksiya ilə bağlı məlumatlara görə, tədbir yanvarın 17-də saat 10:00-dan 18:00-dək UID Azərbaycan Ofisində keçirilir. Ünvan Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi 59, Tac Residence, 4-cü mərtəbədir.
Əlaqə nömrələri 055 231 59 61 və 050 325 96 16-dır.
Musavat.com






