Xəbər verdiyimiz kimi, Qusar şəhərində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə "Dini mövzuların mediada təqdimatı: dini sabitliyin qorunmasında birgə məsuliyyət" adlı konfrans öz işinə başlayıb.
Musavat.com xəbər verir ki, konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədrinin Ramin Məmmədov dövlət-din siyasətinin regional müstəvidə tətbiqi, mövcud çağırışlar və həyata keçirilən layihələr barədə iştirakçılara məlumat verib.
Komitə sədri çıxışında vurğulayıb ki, reallaşdırılan bütün layihələrin və təşəbbüslərin əsas qayəsi ölkəmizdə həyata keçirilən dövlət-din siyasətini, dünyəvilik prinsiplərini və onların bir-birini tamamlamasını ictimaiyyətə daha aydın şəkildə təqdim etməkdir. Sədrin sözlərinə görə, konfransda təqdim olunan filmlər və vizual materiallar da məhz bu məqsədə xidmət edir: "Bu layihələr ölkəmizdə baş verən tarixi və siyasi proseslər fonunda dini və ictimai sabitliyin, həmçinin milli-mədəni müxtəlifliyin bədii-vizual təqdimatıdır. Bizim əsas məqsədimiz dövlətin din sahəsindəki siyasətini hər bir vətəndaşa rəqəmsal və müasir formatda çatdırmaqdır. Bu baxımdan Dövlət Komitəsinin rəqəmsallaşma sahəsindəki ən böyük töhfələrindən biri "AMİN" informasiya portalıdır".
Komitə sədri qeyd edib ki, bu platforma dövlətin din siyasəti kontekstində xidmətlərin tam rəqəmsallaşdırılmasına xidmət edir: "Vətəndaşlar bütün xidmətlərdən daha rahat və sürətli şəkildə yararlana biləcəklər. Doğru və etibarlı məlumat ala biləcəklər. Portal vasitəsilə cəmiyyətə səhih və rəsmi məlumatlar ötürüləcək. Bu yolla müasir internet məkanında din adı altında yayılan saxta xəbərlərə (fake news) və manipulyasiyalara qarşı güclü bir mübarizə aləti olacaq".
Çıxışda toxunulan ən həssas məqamlardan biri də Azərbaycandakı məscidlərin tarixi funksiyası ilə bağlı olub. Sədr qeyd edib ki, ölkəmizdəki məscidlər tarixən təkcə ibadət yeri deyil, həm də elm, irfan və maarifçilik mərkəzi olub, ziyalılar yetişdirib: "Lakin müəyyən tarixi-siyasi proseslər nəticəsində bu müqəddəs məkanların maarifçilikdən uzaq düşmək təhlükəsi yaranmışdı. Dövlət Komitəsinin həyata keçirdiyi yeni layihə məhz bu boşluğu doldurmağa yönəlib. Tarixi maarifçilik ənənələri müasir dövrün tələblərinə uyğunlaşdırılaraq yenidən cəmiyyətə təqdim olunur. Layihənin icrası zamanı ictimaiyyətdən gələn rəylər və edilən düzəlişlər göstərir ki, bu təşəbbüs insanlar tərəfindən böyük maraq və rəğbətlə qarşılanır".
Komitə sədri səmimi qonaqpərvərliyə görə Qusar sakinlərinə təşəkkür edərək bildirib ki, bu bölgə dövlət-din siyasəti kontekstində hər zaman diqqət mərkəzindədir: "Qusarın coğrafi mövqeyi, etnik və mədəni zənginliyi onu ölkəmiz üçün xüsusi dəyərli edir".
Ramin Məmmədov regional çətinliklərə və çağırışlara toxunaraq bildirib ki, dövlət qurumları bu sahədəki tənzimləyici rolunu uğurla icra edir: "Biz bu sahədə mövcud olan çağırışları problem kimi deyil, yeni inkişaf imkanları kimi qiymətləndiririk. Yerli icmalarla, dindarlarla və ictimaiyyət nümayəndələri ilə çiyin-çiyinə, əl-ələ verərək bölgəmizdə və ölkəmizdə sabitliyi qorumağa, hər hansı kənar təhdidlərin qarşısını vaxtında almağa tam qadirik. Hər kəsə bəllidir ki, Azərbaycanın tolerantlıq və multikulturalizm modeli bu gün dünya üçün nümunədir. Bu baxımdan Dövlət Komitəsinin rəqəmsallaşma, maarifçilik və regional dialoq istiqamətində atdığı bu addımlar ölkədəki dini sabitliyin dayanıqlı təməllər üzərində gələcəyə daşınacağına olan inamı daha da gücləndirir".
E.Məmmədəliyev,
Musavat.com






