İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyənin yeni hökumətinin çözməli olduğu əsas problemlər

564 03.06.2023 09:40 Siyasət A A

İqtisadçı-ekspert: “Vəziyyət kritikdir, lakin çıxılmaz deyil...”

Türkiyədə seçkilər başa çatdıqdan sonra gündəm iqtisadiyyatda gözlənilən islahatlara köklənib. Hazırda qardaş ölkədə, eləcə də dünya mətbuatında ən çox müzakirə olunan məsələ prezident postunu qoruyub saxlamağı bacaran Rəcəb Tayib Ərdoğanın formalaşdıracağı yeni iqtisadi komanda və iqtisadiyyatdakı ciddi problemlərin aradan qaldırılması üçün atılacaq addımlardır. Bu gün Ərdoğanın yeni kabineti elan edəcəyi gözlənilir.

Qeyd edək ki, Türkiyə iqtisadiyyatı ilin birinci rübündə 4 faiz artıb. Kənd təsərrüfatı və istehsal sektorunda daralmaya baxmayaraq, xidmət sektorundakı kəskin artım ümumi iqtisadi artımı dəstəkləyib. Türkiyə Statistika Qurumunun məlumatına əsasən, birinci rübdə ölkədə 4 trilyon 631 milyard 792 milyon lirə dəyərində ümumi daxili məhsul istehsal olunub. Bu dövrdə xidmət sektorunda 12,4 faiz, peşə, inzibati və yardımçı xidmət fəaliyyəti 12 faiz, maliyyə və sığorta fəaliyyəti 11,2 faiz, informasiya və rabitə fəaliyyəti 8,1 faiz, digər xidmət sahələrində 7,8 faiz, tikinti 5,1 faiz, dövlət idarəetməsi, təhsil, səhiyyə və sosial iş fəaliyyəti 3,6 faiz, daşınmaz əmlak fəaliyyəti isə 1,4 faiz artıb,  kənd təsərrüfatı sektorunda 3,8 faiz, sənayedə 0,7 azalma qeydə alınıb.

Yanvar-aprel aylarında Türkiyənin ixracı 3 faiz azalaraq 80 milyard 874 milyon dollara, idxalı isə 7,2 faiz artaraq 124 milyard 412 milyon dollara bərabər olub.

Türkiyə Mərkəzi Bankının açıqladığı məlumata əsasən mayın 19-da bitən həftə ərzində bankın ümumi valyuta ehtiyatları 60 milyard 815 milyon dollardan 58 milyard 825 milyon dollara qədər azalıb. Ümumi qızıl ehtiyatları da 44 milyard 312 milyon dollardan 42 milyard 765 milyon dollara düşüb.Beləliklə, TCMB-nin ümumi ümumi ehtiyatları 3 milyard 537 milyon dollar azalaraq 101 milyard 590 milyon dollar olub. TCMB-nin ümumi ehtiyatları ilin əvvəli ilə müqayisədə 27 milyard 165 milyon dollar azalıb.

Həmçinin hazırda svop əməliyyatları və bankların Mərkəzi Bankda saxladığı ehtiyatlar çıxılarsa, Türkiyənin valyuta ehtiyatları - 60 milyard həddindədir.

Seçkilərdən sonra ölkədə inflyasiya və lirənin dəyərsizləşməsi prosesi sürətlənib. Belə bir şəraitdə Türkiyənin yeni hökumət kabinetinin üzərinə böyük vəzifələr düşəcək. İqtisadçı-ekspert Elman Sadıqovun dediyinə görə, Türkiyədə yürüdüləcək iqtisadi siyasət həm də ölkəmiz üçün əhəmiyyət kəsb edəcək: “Bu həftə Türkiyədə yeni nazirlər kabinetinin üzvləri məlum olacaq. Türkiyədə mövcud iqtisadi vəziyyət, monetar siyasət və bu vəziyyətin bizim ölkəmizin iqtisadiyyatına da mövcud və gələcək təsirlərini nəzərə alaraq kimin hazine ve maliye Bakanı (xəzinə və maliyyə naziri), kimin Mərkəzi Bankın sədri olacağı və həmçinin hansı səlahiyyətlərlə olacağı önəmlidir. Türkiyə Prezidentinin iqtisadi məsələlər üzrə müşaviri, xəzinə və maliyyə naziri və Mərkəzi Bankın sədri vəzifələrinə keçmiş xəzinə və maliyyə naziri hörmətli Mehmet Şimşek və Lütfi Elvanın adları hallanır.

Ucuz valyuta inkişafa həmişə qarant verirmi? – ELMAN SADIQOV YAZIR… - FED.az

 Elman Sadıqov

Lütfi bəyin prinsipial, iqtisadi məsələlərdə doğru bildiyini həyata keçirən və doğru bilmədiyini etməyib istefaya qədər addım ata bilən bir xarakterə malik olduğu aydındır. Mehmet bəyin də səlahiyyət almadan, müəyyən şərtləri yerinə yetirilmədən, xüsusilə icraçı qismində müşavir, nazir və ya Mərkəzi Bank sədri olacağına inanmıram. Olacaqsa, deməli, səlahiyyət və məsuliyyət sahibi kimi olacaq. Ona görə yox ki, xarakter olaraq sərtdir. Xeyr. Ona görə ki, vəziyyət düşündüyümüzdən daha gərgindir".

Ekspert bildirir ki, Türkiyə uzun illərin bahalı lirə siyasətinin xoş görüntüsü şəraitində (xüsusilə 2006-cı ildən etibarən) rahat bir şəkildə borclanıb, bir çox sahələrdə ixrac idxalla əvəzlənib: “Ət, taxıl kimi strateji məhsullarda idxaldan asılı vəziyyətə düşdü. Qısamüddətli borclanmalarla uzunmüddətli tikinti və meqalayihələr tədricən lirəyə ciddi təzyiq yaratdı. Səbəblər və səhvlərə toxunmadan bundan sonrakı vəziyyət barədə deyə bilərəm ki, uzun illərin bahalı lirə siyasətinin sona çatmasını bazar şərtləri və iqtisadi vəziyyət diqtə edirdi. Türkiyə ucuz lirə siyasətinə getməli idi və getdi. Amma valyuta ehtiyatlarını tükətmədən və türk lirəsində lag (gecikmə) effekti yaratmadan getməli idi. Yəni 2019-cu ildə türk lirəsinin real kursu 12 olmalı idisə, 6-7 ətrafında saxlamağa dəyməzdi. Ehtiyatlar tükəndi, vəziyyət gərginləşdi. Nəticədə, 2021-ci ildə lirə dollar qarşısında 20 olmalı idisə, 12-13 həddində saxlamağa çalışmağa dəyməzdi. Türkiyə 2 il gecikmə ilə real kursa (məcburən) çatır, hər dəfə də zaman itkisi həm də valyuta ehtiyatlarının tükənməsi, mənfiyə düşməsi və getdikcə böyüyən cari açık (tədiyə balansında mənfi saldo) ilə üzləşdi. Əsas səbəb monetar siyasət və tərs faiz siyasəti. Bir böyük səhv. "Kur korumalı mevduat sistemi" kimi digər zərərli siyasət də əslində monetar siyasətin nəticəsi idi. Böyük mənfi nəticələri bu gün və sabah həyata keçiriləcək monetar siyasət baxımından qardaş Türkiyə üçün ən böyük baş ağrılarından biridir".

E.Sadıqova görə, Türkiyə iqtisadiyyatındakı problemlər ciddidir, amma aradan qaldırılması mümkün olmayan deyil: “Birincisi, Türkiyə sözün həqiqi mənasında o qədər təlatümlərə baxmayaraq, möhtəşəm məşğulluq siyasəti yürütdü. Türkiyədə məşğulluq ideal, işsizlik çox aşağıdır demirəm. Mövcud iqtisadi təlatüm və vəziyyətə görə qeyd edirəm. Hər ölkə bu devalvasiyalarla və bu monetar siyasətlə bu məşğulluq səviyyəsini saxlaya bilməzdi.  İkincisi, tam bir Keynesçilik həyata keçirdi. Nə olursa-olsun, alıcılıq gücünü zəiflətməmək, istehsalı dəstəkləmək üçün maaş, təqaüd, xüsusilə minimum əmək haqqını davamlı artırmaq. Nəticə, Mərkəzi Bankın 1.2 trilyon lirəlik balansı 3.6 trilyon lirəyə (3 dəfə artım) çıxdı. Bu isə növbəti mərhələlərdə daha yüksək inflyasiya təzyiqi formalaşdırsa da, istehsal və ixracı ön plana çəkmək və bazarları itirməmək məqsədi güdən bu siyasət daha doğru idi.

Üçüncüsü, beton iqtisadiyyatını dayandırıb istehsala, xüsusilə müdafiə sənayesi, yüksək texnologiyalara yönəlmək, digər istehsal sahələrini ayaqda saxlamaq (bir çox sahələrdə geriləmə əlbəttə var) və bəzi sahələrdə artıma nail olmaq müvəffəqiyyətli addımlar oldu.

“Yap, işlet, devret” mexanizminin Çindən gəldiyi, bu mexanizmin Çində qazandığı nailiyyətin nə üçün Türkiyə üçün ciddi zərərlərə yol açması ilə bağlı məsələyə geniş yer vermədən bircə qeydi xatırladım ki, layihələrdə öhdəliklər xarici valyutada olduğu üçün bahalı xarici valyuta bu layihələrin rentabelliyini minimallaşdırdı, zərərə çevirdi".

Ekspert neft-qaz qovşağına çevrilməni Türkiyənin ən böyük uğuru hesab edir: “Nefti və qazı olmadan ölkə neft və qaz qovşağına çevrilib. Nefti olmadan ən böyük neftayırma zavodlarından birini tikib. Qazı olmadan ən böyük qazpaylayıcı şirkətlərdən birinə malikdir və Avropa qaz məsələsində üzünü qazı olmayan Türkiyəyə çevirib. Bu sadə bir məsələ deyil.

İqtisadiyyatda mövcud olan digər çatışmazlıqlar və boşluqlar da var, digər müsbət amillər də. Siyahı böyükdür. Ən vacib məqamları qeyd etdim. Lakin ən əsas nəticə budur ki, bir səhv monetar, daha doğrusu, faiz siyasəti qeyd etdiyim və etmədiyim bir çox uğurlu addımların, iqtisadi uğurların səmərəsini, təsirini minimallaşdırdı, bəzən 0-a qədər endirdi. Ən böyük səhv isə doğru ideyanın, qərarın (ucuz lirə siyasəti) yanlış metodlarla tətbiqi oldu. Zamanlama yanlış oldu. Bir kiçik haşiyə çıxmaq istərdim. Burada bir də Rusiya-Ukrayna müharibəsi nəticəsində yüksək neft və qaz qiymətləri də Türkiyənin ticarət və tədiyə balanslarına ciddi zərbə vurdu".

E.Sadıqovun fikrincə, Türkiyə lirənin öz real dəyərini, bazar kursunu tapmasına imkan yaratmalı idi: “Müdaxilə etməməli, sonra isə bu kursun sabitləşməsinə nail olmaq üçün valyuta ehtiyatlarından deyil, faiz siyasətindən (lazım olduqda artırmaqla) istifadə etməklə yuxarıda qeyd etdiyim uğurlu addımların səmərəsini daha da artıra, valyuta ehtiyatlarını qoruya, istehsal və ixracı artıraraq tədricən müsbət saldoya keçə bilərdi. İndi itkilər böyükdür. Vəziyyət kritikdir. Lakin çıxılmaz, ümidsiz deyildir. Düzgün monetar siyasətlə ağrılı, çətin, təxminən 2 illik bir dövr keçiləcək. İqtisadiyyatın digər sahələri, xüsusilə qarşıdakı turizm mövsümü manevrlər etməyə, çökməyə məruz qalmadan düzgün monetar siyasət yürütməyə imkan verəcək. Türkiyənin çökməmək üçün ciddi dəstəkləri də mövcuddur. Dediyim kimi, bu siyasəti yürütmək üçün həm böyük səlahiyyət, həm müstəqillik (xüsusən Mərkəzi Bank üçün), həm də siyasi iradənin bunları ciddi şəkildə dəstəkləməsi tələb olunur. İqtisadiyyat və Mərkəzi Bankın sükanı arxasına keçəcək namizədlər bunları qarantiya altına alsalar, bu vəzifəyə razı olacaqlar. Türkiyə iqtisadiyyatının yüksəlməsi, inkişaf etməsi Azərbaycan üçün çox vacibdir. Bir çox səbəblərdən. Təkcə siyasi tərəfdən deyil, ən çox iqtisadi tərəfdən... Bu səbəbdən bundan sonrakı dövr bizi ciddi maraqlandıracaq və daha yaxından izləməyə məcbur edəcək”.

Dünya SAKİT,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR