İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyənin silah şirkətlərinin Bakıda toplaşmasının ilginc səbəbi

1973 09.04.2024 11:54 Ölkə A A

Ekspert: “Ermənistanla Azərbaycan arasında müharibənin olmasını istəyənlər bilməlidir ki...” 

Bir neçə gün öncə Türkiyənin bütün silah şirkətləri Bakıda idi. “Yeni Müsavat”ın xəbərinə görə, Türkiyənin NATO-dakı nümayəndə heyətinin rəhbəri, Böyük Millət Məclisinin deputatı, keçmiş xarici işlər naziri Mövlud Çavuşoğlu da Azərbaycanda səfərdə idi. O,  jurnalistlərə açıqlamasında  mühüm mesajlar verib. 

M.Çavuşoğlu Ermənistanı silahlandıran Qərb dövlətlərinə sərt xəbərdarlıq edib: “Məqsədləri Ermənistanı gücləndirərək yenidən müharibəyə təşviq etməkdirsə, bilsinlər ki,  Azərbaycan yalnız deyil. Heç bir zaman da yalnız qalmayacaq!  Türkiyə hər zaman Azərbaycanın yanındadır. Onlar bir verərsə biz üç verərik. Bütün müdafiə sənayesi şirkətlərimiz buradadır. Biz təbii ki, Azərbaycanı dəstəkləyəcəyik!” 

Fransanın, Avropa İttifaqının, ABŞ-ın Ermənistanı silahlandıracağı fonunda Çavuşoğlu Bakıda mühüm açıqlamalar verdi. Bu, həm də iki ölkə arasında hərbi sahədə daha geniş əməkdaşlıqların ismarışı da sayıla bilər. Hərbi sahədə əməkdaşlıq çərçivəsində nə kimi yeniliklər var?

Xatırlatmaq yerinə düşər ki, bundan əvvəl Azərbaycanla Türkiyə arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən birgə təlimlər keçirilib. 

Qeyd edək ki, daha əvvəl iki ölkənin dövlət başçılarının keçirdikləri geniştərkibli görüş zamanı da Prezident İlham Əliyev hərbi sahədə və müdafiə sənayesi sahəsində əməkdaşlığın önəmini xüsusi vurğulayıb. Həmçinin Prezident İlham Əliyev “Baykar Holding”in Azərbaycanda təlim, tədris və təmir mərkəzinin yaradılmasını yüksək qiymətləndirib.

Səxavət Məmməd – Yeni Çağ Media

Səxavət Məmməd 

Hərbi ekspert Səxavət Məmməd mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, son günlər baş verənlər onu göstərir ki, Ermənistanla Azərbaycan arasında müharibənin olmasını, regionda gərginliyin olmasını istəyənlər var: “Faktiki olaraq Ermənistan silahlandırılır. Bu silahlandırmanı daha çox Fransa adı altında Avropa İttifaqı (Aİ) və ABŞ edir. Yəni bu regionda Avropa İttifaqı (Aİ) və ABŞ-ı Fransa təmsil edir. Bütün bunlar 5 aprel görüşündən sonra bəlli oldu. Azərbaycanla Türkiyə münasibətlərinə gəldikdə isə onsuz da zaman-zaman iki ölkə arasında müqavilələr var idi, 1994-cü ildə və bundan sonrakı dönəmdə. Bəzi müqavilələr var idi ki, heç açıqlanmırdı. Ən sonra Şuşa Bəyannaməsi imzalandı. Yəni Azərbaycanla Türkiyə ərazisində hərbi texnologiyaların qarşılıqlı əməkdaşlığı, Türkiyə sənayesinin Azərbaycanda mövqelənmələri, Türkiyə şirkətlərinin Azərbaycana gəlməsi artıq sıradan hal almağa başlayıb. Çünki faktiki olaraq Türkiyənin bir neçə böyük şirkətinin Azərbaycanda nümayəndəliyi, zavodları var, bu istiqamətdə ciddi işlər görülür. Burada bir məsələni də qeyd etmək lazımdır. Ermənistanla Azərbaycan arasında baş verənlərlə bağlı Türkiyə açıq şəkildə bildirdi ki, Azərbaycanın yanında olacaq. Bu həm də hüquqi bir bağlılıqdır”.

Ekspert əlavə edib ki, Şuşa Bəyannaməsi əslində Qars müqaviləsinə  sadiqlik nümayişidir: “Bəyannaməni oxuyanlar bilir ki, birinci cümlə məhz Qars müqaviləsinə sadiqliklə başlayır. Azərbaycanla Türkiyə arasında hüquqi baxımdan elə bir vəziyyət yaranıb ki, demək olar ki, Azərbaycan bəzi məsələlərdə özünü ciddi şəkildə sığortalaya bilib. Bu onu deməyə əsas verir ki, Azərbaycana qarşı addımlar atılarsa, yaxud Ermənistanın yanında hansısa qüvvələr olarsa (xüsusilə son vaxtlar Naxçıvan istiqamətindən atəşkəs pozulur, erməni tərəfi ora qüvvələr yeridir), bu o deməkdir ki, birbaşa Türkiyə o istiqamətdə hərəkət edəcək. Ümumiyyətlə, Ermənistanın, yaxud hansısa başqa bir ölkənin Naxçıvan üzərindən Azərbaycana gəlməsi o deməkdir ki, nəinki Şuşa Bəyannaməsi, Qars müqaviləsi də hərəkətə keçəcək. Bu baxımdan Azərbaycan sözün əsl mənasında hüquqi sənədlərlə, birbaşa müqavilələrlə özünün təhlükəsizliyini qorumuş olur. Son baş verən proseslərlə bağlı demək olar ki, ciddi şəkildə siyasi oyun gedir. Çalışırlar ki, Ermənistan tərəf hansısa bir təxribat törətsin və Azərbaycan buna çox aqressiv cavab versin. Misal üçün, bizdə də bəziləri bildirir ki, Azərbaycan tərəfi antiterror əməliyyatı keçirməlidir. Hesab edirəm ki, indi doğru məqam deyil. Çünki antiterror əməliyyatından sonra Fransa azı iki dəfə BMT Təhlükəsizlik Şurasına bu məsələni çıxarıb və Azərbaycana sanksiyalar tətbiq etməyə çalışıb. Düzdür, bunu bacarmadı, Azərbaycanı dəstəkləyən dövlətlər oldu. İndiki məqamda Azərbaycanın bütün addımları adekvat olmalıdır. Əgər bir mövqedən Azərbaycanın hansısa postuna, hərbiçisinə qarşı təxribat törədilərsə, əsgərimiz yaralanarsa, ya da şəhidimiz olarsa, Azərbaycan tərəfi cavab olaraq həmin postu vurub sıradan çıxarmalıdır. Amma o posta tərəf hərəkət edib, orada oturmaq düzgün olmaz. Bunu istəyən qüvvələr var, Azərbaycan məhz bunu etsin. Bunu elədiyimiz təqdirdə, Azərbaycanı ciddi sanksiyalara məruz qoyacaqlar. Ona görə Azərbaycan tərəfi indiki dönəmdə səbirli davranmalıdır, yalnız adekvat cavablar verməlidir”. 

Afaq MİRAYİQ,
“Yeni Müsavat” 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR