İnsanlara hürriyət, millətlərə istiqlal!

Rus nazir Pentaqona nə üçün zəng edib? - Rusiyanı qorxudan məxfi əməliyyatın DETALLARI

1063 30.07.2024 08:53 Siyasət A A

Xəbər verildiyi kimi, Rusiyanın müdafiə naziri Andrey Belousovun iyulun 12-də Pentaqona etdiyi zəngin səbəbi məlum olub. “The New York Times”ın öz mənbələrinə istinadən yazdığına görə, səbəb Ukrayna kəşfiyyatının Rusiyada keçirməyi planlaşdırdığı məxfi əməliyyatla bağlı olub.

Bildirilir ki, Belousov ABŞ-ın müdafiə naziri Lloyd Ostinə əməliyyatla bağlı xəbərdarlıq edib və amerikalılar da ukraynalılardan “bunu etməməyi” tələb ediblər. 

“Ruslar Ukraynada Rusiyaya qarşı hazırlanan gizli əməliyyatı aşkar ediblər və onların qənaətincə, amerikanlar buna "xeyir-dua" veriblər. Pentaqon belə bir qəsddən, eləcə də Moskva ilə Vaşinqton arasında gərginliyi artırma potensialından xəbərdar olubmu? Belousov Ostindən soruşub. Pentaqon rəsmiləri isə bu iddiadan təəccübləniblər və belə bir plandan xəbərsiz olublar", - qəzet yazır.

Lakin bundan sonra “amerikalılar ukraynalılarla əlaqə saxlayaraq "əgər belə bir şey etmək fikrindəsinizsə, bunu etməyin" deyiblər. Konkret nə planlaşdırıldığı barədə isə məlumat verilmir. Qəzetin iddiasına görə, Ukrayna heç də həmişə ABŞ-ı öz əməliyyatlarına cəlb etmir. 

Söhbət Ukraynanın Rusiya ərazisində hansı gizli əməliyyatından gedə bilərdi ki, Moskva belə narahat olub?

Pentaqonun sözçüsü Hərbi Hava Qüvvələrinin general-mayoru Patrik Rayder jurnalistlərə bildirib ki, görüşün təşəbbüskarı Ostin olub və bu, 2023-cü ilin martından bəri ilk görüşdür.

Rusiya Müdafiə Nazirliyi bildirib ki, Belousov Ostinə ABŞ-ın 28 aydır davam edən müharibədə Ukraynaya silah tədarükünü davam etdirməsinin təhlükələri barədə xəbərdarlıq edib.

U.S. and Russia defense chiefs speak as tensions rise over Crimea attack -  The Japan Times

Siyasi şərhçi Heydər Oğuz “Yeni Müsavat”a açıqlamasında bildirib ki, “The New York Times”ın bu məlumatında bir az qeyri-dəqiqlik var: “Məlumdur ki, Rusiyanın müdafiə naziri Belousov indiki vəzifəyə təyin olunandan onun ABŞ müdafiə naziri Ostinlə iki telefon danışığı olub. Bunlardan biri iyunun 26-da, digəri isə iyulun 12-də baş tutub. İlk telefon danışığı Ostinin təşəbbüsü ilə reallaşıb və o, həmkarına yanlış anlaşılmaların qarşısını almaq üçün bir-biriləri ilə telefon xəttini açıq tutmalarını xahiş edib. İyulun 12-də baş tutan telefon danışığında isə zəng edən tərəf Rusiya müdafiə naziri Belousov idi. Hər halda, Pentaqonun məlumatında belə deyilirdi. Məntiqlə, Rusiya tərəfi əldə etdiyi məlumatı Pentaqona çatdırmaq istəyibsə, deməli, telefon danışığı təşəbbüsü də Belousovdan gəlməli idi. Bunlar sözsüz ki, xırda detallardır. Əsas sual isə Ukraynanın ABŞ-ın razılığı olmadan həyata keçirmək istədiyi əməliyyatla bağlıdır”. 

 “The New York Times”ın ciddi mətbuat orqanı olduğunu xatırladan Heydər Oğuz onun yaydığı məlumatın indiyədək təkzib edilməməsinin xəbərin səhihliyini göstərdiyi qənaətindədir: “O ki qaldı Ukraynanın ABŞ-dan xəbərsiz Rusiyaya qarşı hazırladığı əməliyyata, məncə, bu, iki dövlət arasında nüvə savaşını başlada biləcək mövzu ilə əlaqədar ola bilər. Çünki ABŞ-la Rusiya arasında yaradılan "qırmızı telefon xətti" məhz bu cür təhlükələrin qarşısını almağa hesablanıb. Nə Krım körpüsünün vurulması, nə də Rusiyanın sərhədlərinin dərinliyinin atəşə tutulması nüvə silahlarının işə düşməsi üçün əsas sayıla bilməz. Zira ABŞ və digər Avropa ölkələri Ukraynaya bu obyektləri vurmaq izni verib. Hətta Belousov bu sadə atışların qarşısını almaq üçün Pentaqona zəng etmiş olsa belə, ABŞ yetkililəri Kiyevə telefon açıb gizli əməliyyatı dayandırmağı tapşırmaz". 

Pentagon chief talks to Russia's new defence minister for the first time |  Ukrainska Pravda

Məhz bu məntiqdən çıxış edən Heydər Oğuz Ukraynanın iki mühüm hədəfə zərbə endirməyi planlaşdırdığını təxmin edir: “Bunlardan biri nüvə obyektləri, digər isə Moskvadır. Məlumdur ki, bu gün Rusiyanın işğal etdiyi ərazilərdə Zaporojye AES yerləşir. Onun vurulması müharibənin getdiyi əraziləri yaşanmaz hala gətirə və rus qoşunlarını dərhal Ukraynanı tərk etmək məcburiyyətində buraxar. Nüvə partlamasının yaradacağı ekoloji problem Ukraynanı təhdid etsə belə, hər halda, Rusiyanın uzun illər bu bölgələrə yaxınlaşmasını əngəlləyə bilər. Üstəlik, Rusiyanın qərb bölgələri də bundan böyük zərər görər və təxribatın məsuliyyətini  kimin daşıdığı mübahisəli olar.

Nüvə təhdidi yaradan digər obyektlər Voronejdə yerləşən nüvə başlıqlı silah anbarlarıdır. Amma burada problem ondadır ki, həmin anbarlar vurularsa, bunun Ukrayna tərəfindən həyata keçirildiyini gizlətmək mümkün deyil. Digər təhlükəli obyekt Rostov AES ola bilər. Bildirildiyinə görə, Rusiyanın cənubundakı ən böyük enerji müəssisəsi olan Rostov AES vilayətin elektrik enerjisi ehtiyacının 75%-ni ödəyir. Maraqlıdır ki, Ostinlə Belousovun sonuncu telefon danışıqlarından bir neçə gün əvvəl AES-in 2 bloku öz fəaliyyətini dayandırmışdı. Rusiya yetkililəri bunu zəruri təmir amili ilə əlaqələndirmişdilər. “Rosenerqoatom” konserni rəsmi açıqlamasında bildirmişdi ki, iyulun 16-da saat 15:21-də generatorun mühafizəsinin yanlış işləməsi səbəbindən 1 nömrəli enerji bloku söndürülüb. Nəticədə Rusiyanın cənubunda elektrik təchizatı müvəqqəti məhdudlaşdırılıb.

“Rosenergoatom” həmçinin bildirmişdi ki, AES-in yalnız 2-ci və 4-cü blokları normal işləyir. 3 saylı enerji blokunda isə iyunun 22-dən planlı təmir işləri aparılır".

Heydər Oğuzun fikrincə, Rostov AES-in iki blokunun işini dayandırması zəruri təmirlə bağlı olmaya da bilər: “Mümkündür ki, Rusiya Müdafiə Nazirliyi Ukrayna kəşfiyyatının ciddi təxribatlara hazırlaşdığı barədə təkzibolunmaz məlumatlar aldıqdan sonra bu cür profilaktik tədbirlərə əl atıb”.

O ki qaldı digər versiyaya, Heydər Oğuzun fikrincə, Moskvada Rusiya siyasi hakimiyyət orqanlarından birinin vurulması da nüvə savaşını tətikləyə bilər: “Söhbət daha çox Kremlin və digər strateji obyektlərin vurulması ehtimalından gedir. Rusiya belə məsələlərə çox həssas yanaşır. Təsadüfi deyil ki, Rusiya prezidenti Vladimir Putin dünən Rusiya Hərbi Donanmasının yaranması günü münasibətilə Sankt-Peterburqda keçirilən tədbirdə ABŞ-ın Almaniyada uzunmənzilli raket yerləşdirməsinə sərt reaksiya bildirmiş və arzuolunmaz sürprizlərlə qarşılaşarsa, ölkəsinin də buna ağır cavab verəcəyini, hətta Avropa paytaxtlarını hədəfə alacağını bildirmişdi. Putin bunu onunla izah etmişdi ki, "Rusiyanın mühüm dövlət və hərbi nəzarət obyektləri, inzibati və sənaye mərkəzləri və müdafiə infrastrukturu o silahların mənzilində olacaq". Qeyd edək ki, Almaniyada bu silahların 2026-cı ildə yerləşdirilməsi planlaşdırılır. Rusiya isə ABŞ-a və Avropaya öz təhdidlərini 2 il əvvəl göndərir. Bu fakt onu göstərir ki, Rusiya özünün strateji hədəflərinin vurulması ehtimalından narahatdır".

E.MƏMMƏDƏLIYEV,
“Yeni Müsavat”



Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR