İnsanlara hürriyət, millətlərə istiqlal!

Pezeşkian bu gün and içəcək - ilk 100 günün ən ağır sınağı

300 30.07.2024 10:14 Siyasət A A

Elxan Şahinoğlu: “Ondan həm daxildə, həm də xarici siyasətdə çox böyük gözləntilər var”

Bu gün - iyulun 30-da İranın yeni seçilmiş prezidenti Məsud Pezeşkian ölkə parlamentində and içəcək. Qeyd edək ki, bundan iki gün qabaq - iyulun 28-də Pezeşkianın səlahiyyətlərinin icrasına başlamasının dini lider Əli Xamenei tərəfindən təsdiq edilməsi mərasimi keçirilib. 

Mərasimin əvvəlində daxili işlər naziri Əhməd Vahidi növbədənkənar prezident seçkisinin necə keçirildiyi barədə rəsmi hesabat təqdim edib və İran xalqına, idarə əməkdaşlarına seçkini uğurlu keçirmələrinə görə təşəkkür edib. Xamenei daha sonra Pezeşkianın İranın 9-cu prezidenti elan edilməsi haqqında fərman verib. Bu təsdiqdən sonra prezidentin səlahiyyətlərini icra edən Məhəmməd Müxbir vəzifəsi ilə vidalaşıb. 

Xameneidən sonra çıxış edən Məsud Pezeşkian rəsmi olaraq vəzifəsinin icrasına başladığını söyləyib, qarşısına qoyulan vəzifələrin həyata keçirilməsi üçün əlindən gələni edəcəyinə söz verib: “Konstitusiyanın tələb etdiyi, ali rəhbərin təyin etdiyi və bizə göstərdiyi aydın yoldur. Bu isə İslam Respublikasının ümumi siyasətlərinin və proqramının doğru-düzgün irəli aparılmasını tələb edir”. 

Bu arada, İranın Azərbaycandakı səfirliyindən mediaya verilən məlumata görə, andiçmə mərasimində Azərbaycandan baş nazir Əli Əsədov, Azərbaycan-İran parlamentlərarası işçi qrupunun üzvləri - Cavanşir Paşazadə, Hikmət Məmmədov və Əziz Ələkbərli iştirak edəcəklər. Tədbirdə Tacikistan, Türkmənistan, Mərkəzi Afrika, Pakistan, Suriya, Serbiya, Kuba, Azərbaycan, Ermənistan, Gürcüstan və Qvineya-Bisau prezident və baş nazir səviyyəsində iştirak edəcək.

Bəs analitiklərin Pezeşkianın prezidentliyinin ilk 100 günündən əsas gözləntisi nədir? Azərbaycanlı prezidentin ən çətin sınağı nə olacaq? 

Elxan Şahinoğlu son çıxışı ilə özünü və “ağalarını” belə ələ verdi -  ƏTRAFLI | KONKRET

Elxan Şahinoğlu

Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan siyasi analitik, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib ki, Məsud Pezeşkiandan həm daxildə, həm də xaricdə çox böyük gözləntilər var: “Pezeşkian 17 il Təbrizin millət vəkili olaraq, eləcə də türk fraksiyasının üzvü olaraq İranın xarici və daxili siyasətini hər zaman tənqid edib. Misal üçün, daxildə qadınlara qarşı zorakılığı pisləyib, xarici siyasətdə Tehranın Azərbaycan və Türkiyə siyasətinə qarşı mövqeyini tənqid edib. Buna görə bizdə də, İran daxilində də böyük gözləntilər var. Onun ilk addımını müsbət qiymətləndirmək olar. İlk addımı odur ki, İran konstitusiyasının 15-ci maddəsi ilə bağlı bir komissiya yaradıb. Bu, çox vacibdir. Bu maddədə İranda yaşayan xalqların öz dillərində təhsil hüququ əksini tapıb. Çox təəssüf ki, İslam inqilabından sonra həmin o maddə yerinə yetirilməyib. Yalnız erməni azlığı üçün o bənd işləyir. Amma azərbaycanlıların sayı on milyonlarladır. Konstitusiyanın o bəndi azərbaycanlılar  və digər etnik qruplar üçün işləmir.  Ona görə daxildə bunu müsbət qiymətləndimək olar. 

Bir də daxildə Urmiya gölünün ciddi problemi var, bununla bağlı vacib addımların atılacağını gözləyirik. Xarici siyasətə gəldikdə isə Məsud Pezeşkianı ilk təbrik edənlərdən biri Azərbaycanın dövlət başçısı İlham Əliyev oldu. Daha sonra Türkiyə Cümhurbaşkanı oldu. Ona görə bizim başqa gözləntimiz odur ki, İran prezidentinin sonrakı mərhələdə ilk səfər edəcəyi ölkələrdən biri Azərbaycan və Türkiyə olacaq. Daha bir gözləntimiz də Azərbaycanla münasibətlərdə normallaşma, istiləşmə, ortaq layihələrin reallaşması ilə bağlıdır. Çox təəssüf ki, keçmiş prezidentlərin dövründə Azərbaycana qarşı təxribatlı açıqlamalar, hərəkətlər, təxribatçı materialların yayılması, hətta millət vəkilimizə qarşı sui-qəsd edildi ki, bunun da bir ucu İrana gedib çıxırdı. İrandakı səfirliyimizə qarşı terror hücumu, tələbəmizin hələ də Tehranda qanunsuz olaraq həbsdə saxlanılması kimi məsələlər həllini gözləyir. Düzdür, Məsud Pezeşkianın konstitusiyaya görə səlahiyyətləri o qədər də yüksək deyil, əsas səlahiyyət sahibləri ali dini lider və SEPAH-dır. Buna baxmayaraq, prezidentin müəyyən səlahiyyətləri çərçivəsi var ki, o çərçivədə müəyyən addımlar ata bilər. Ən azı bu qüvvələrə bir mesaj göndərə bilər ki, Azərbaycana qarşı təxribatlı addımlardan çəkinsinlər. Çünki bu iki dövlət arasındakı münasibətlərə təsir edir. Bu arada, Prezident İlham Əliyev çox müsbət bir addım atdı. İranın keçmiş hökuməti, helikopter qəzasında həlak olmuş keçmiş xarici işlər naziri dönə-dönə xahiş edirdi ki, səfirliyimizin fəaliyyətini bərpa edək. Amma Pezeşkian prezident seçilən kimi səfirliyin fəaliyyətini bərpa etdi. Bu müsbət bir jest idi. Qarşılıqlı belə bir addımı biz yenə gözləyirik ki, Məsud Pezeşkian heç olmasa bizim qanunsuz olaraq həbsdə saxlanılan tələbəmizi azad etsin. Bu dediklərim yüz gündə baş verməyə bilər. Çünki yüz gün etiraf edək ki, çox qısa müddətdir. Belə qəbul olunub ki, istənilən prezidentə və baş nazirə bu müddətdə seçim imkanları verilməlidir. Amma yüz gündən sonra artıq biz bu addımların atılmasını gözləyəcəyik".              

Xatırladaq ki, Azərbaycanla İran arasında aparılmış danışıqlar nəticəsində iyulun 15-dən etibarən Azərbaycanın İrandakı səfirliyi yeni ünvanda fəaliyyətini bərpa edib. Hazırda səfir və səfirliyin heyəti İrana geri dönüb. 2023-cü il yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum olub. Hücum nəticəsində diplomatik missiyanın təhlükəsizlik xidmətinin rəhbəri həlak olub, daha iki mühafizəçi yaralanıb. Tehran polisi şübhəli şəxsi həbs etdiyini bildirib.

İran rəsmiləri yanvarın 27-də baş verən hadisəni pisləyib və silahlı şəxsin siyasi deyil, şəxsi motivi olduğunu bildirib.

Azərbaycan Prezidenti İlham Əliyev silahlı hücumu terror aktı kimi qiymətləndirib.

Hücumdan sonra İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb. Azərbaycan Tehrandakı səfirliyinin diplomatik fəaliyyətini tamamilə dayandırıb, ölkədəki bütün diplomatlarını çıxarıb.

Bundan sonra aprelin 6-da Azərbaycan İran səfirliyinin 4 diplomatını ölkədən çıxarıb. İran isə mayın 5-də Azərbaycanın Təbrizdəki Baş Konsulluğunun 4 əməkdaşını ölkədən çıxardığını bildirib. Bununla yanaşı, həbs edilmiş şəxslə bağlı məhkəmə qərarı və qərarın icrası ilə barədə hələ rəsmi məlumatlar yayılmayıb. Beynəlxalq ictimaiyyət Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumu qınayıb və İrana Cenevrə Konvensiyasına uyğun olaraq ölkədəki xarici diplomatların qorunmasına dair öhdəliyini xatırladıb. 

Eyni zamanda son aylarda iki ölkənin xarici işlər nazirləri problemlərin həlli istiqamətində çoxsaylı telefon danışıqları aparıb. İran xarici işlər naziri Azərbaycan Prezidenti, Azərbaycan xarici işlər naziri isə İran prezidenti tərəfindən qəbul edilib. İki ölkənin rəsmiləri qarşılıqlı səfərlər edib.

Ötən ildən başlayaraq Azərbaycan və İran sərhəd-keçid məntəqələrinin, körpülərin, İran ərazisi vasitəsilə Azərbaycanla onun Naxçıvan Muxtar Respublikasını birləşdirəcək dəmir və avtomobil yollarının tikintisi barədə razılıqlar əldə edib.

Bu il mayın 19-da Azərbaycan-İran sərhədində, Araz çayı üzərində tikilmiş “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilib. Mərasimdə Azərbaycan və İran prezidentləri İlham Əliyev və Seyid İbrahim Rəisi iştirak edib. İştirakdan sonra İrana qayıdarkən helikopterin qəzaya uğraması nəticəsində bu ölkənin prezidenti və xarici işlər naziri daxil olmaqla bir neçə vəzifəli şəxsi həlak olub.

Azərbaycan Prezidenti İlham Əliyev yeni seçilmiş prezident Məsud Pezeşkianı təbrik edib və iyulun 9-da iki ölkənin prezidenti arasında telefon danışığı olub. Hər iki prezident bir-birini ölkəsinə səfərə dəvət edib və dəvət qəbul edilib. İranda Azərbaycan səfirliyinin fəaliyyətini bərpa etməsi iki ölkə prezidentinin telefon danışığından sonraya təsadüf edir.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR