İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynaya əsir düşən azərbaycanlının FƏRYADI

1473 30.07.2024 09:23 Ölkə A A

Azərbaycana qaytarmaq mümkündürmü; səfirlik Ukrayna tərəfi ilə danışıqlar aparır

Rusiya Silahlı Qüvvələrinin tərkibində döyüşən azərbaycanlı əməliyyat zonasında Ukrayna tərəfinə əsir düşüb. “Yeni Müsavat" Teleqraf.com-a istinadla xəbər verir ki, Hacıqabuldan olan Fuad Rafaelov Rusiyanın miqrasiya xidməti tərəfindən hərbi xidmət müqaviləsi bağlamağa məcbur edildiyini bidirib. O, Azərbaycana təhvil verilməsi üçün səfirlikdən kömək istəyib.

Yəqin ki, bu ilk və sonuncu hal deyil. 

Azərbaycanlı əsirin ölkəmizə ekstradisiyası mümkünmü? Əgər o, Rusiya vətəndaşıdırsa, onda necə? Yaxud Azərbaycana verilsə, məsuliyyətə cəlb edilə bilərmi? Səfirlik hansı köməyi göstərə bilər?

Məsələ ilə bağlı sabiq XİN başçısı Tofiq Zülfüqarov “Yeni Müsavat"a danışıb. Tofiq Zülfüqarov qeyd edib ki, əvvəlcə əsir düşən azərbaycanlının hüquqi statusu müəyyən olunmalıdır: “Yəni müəyyən edilməlidir ki, o, Azərbaycan, yoxsa Rusiya vətəndaşıdır, daha sonra buna uyğun olaraq addımlar atılmalıdır.

Əgər şəxsin Azərbaycan vətəndaşlığı varsa, onda konsulluq xidməti onunla əlaqə yaradıb, hüquqi vəziyyətini müəyyənləşdirib, ondan sonra hansısa işlər apara bilər. Çünki əgər Ukrayna ərazisində hansısa qanunazidd əməl törədibsə, o, Ukrayna qanunları, məhkəməsi qarşısında məsuliyyət daşımalıdır".

Əsabəli Mustafayev: "Prokurorluğun vəkildən qisas almağa çalışması düzgün  deyil" - BBC News Azərbaycanca

Əsabəli Mustafayev

Hüquqşünas Əsabəli Mustafayev isə qeyd edib: “Hesab edirəm ki, əsir düşən azərbaycanlı Rusiya vətəndaşıdır. Çünki rəsmi çağırış Rusiya vətəndaşları üçün olur. Yaxud şəxs özü könüllü döyüşə gedib. Könüllü olması da inandırıcı deyil. Çünki bilirik ki, belə  faktlar var ki, Rusiyada yaşayan azərbaycanlılar işsizlikdən və yaxud digər problemlər üzündən bu yola əl atırlar. Yəni hesab edirlər ki, əgər Rusiya Silahlı Qüvvələrinin tərkibində Ukraynaya qarşı döyüşlərdə iştirak edərlərsə, onlara hansısa böyük güzəştlər verilir və sairə, nəticədə muzdlu kimi döyüşə gedirlər. Qanuna əsasən isə muzdlu şəkildə hansısa başqa ölkə üçün müharibədə iştirak etdikdə, bu, cinayət məsuliyyəti yaradır.

Qeyd etdiyim kimi, şəxs çox böyük ehtimalla Rusiya vətəndaşıdır və elə Rusiya vətəndaşı kimi də əsir düşüb.

Ukrayna onu özünün əsir düşmüş şəxsi ilə dəyişə bilər. Məlum olduğu kimi, müharibə dövründə Ukrayna və Rusiya arasında dəfələrlə əsir dəyişdirmə prosesi olub. Bu baxımdan bu məsələdə hüquqi əsas yoxdur ki, Ukrayna həmin şəxsi Azərbaycana təhvil versin.

Əgər şəxs Azərbaycan vətəndaşı olsa idi, bəlkə də Ukrayna və Azərbaycan arasındakı xoş münasibətlərdən irəli gələrək, onu ölkəmizə təhvil verə bilərdilər. Və yaxud da Azərbaycan Rusiyadan xahiş edə bilər ki, azərbaycanlı əsirin dəyişdirilməsi prosesinə dəstək olsun. Eləcə də Ukraynadan da xahiş edə bilər ki, bu dəyişdirmə prosesini tezləşdirsin. Yəni bu mümkün görünür. Şəxs Azərbaycan vətəndaşı deyilsə, artıq ciddi məsələlər ortaya çıxır və bu artıq Rusiyanın problemidir.

Həmçinin hesab edirəm ki, Azərbaycanın bu məsələdə ciddi siyasi marağı yoxdur, çünki şəxs gedib Rusiya Silahlı Qüvvələrinin tərkibində müharibəyə qatılıb. Üstəlik, bu cür azərbaycanlılar kifayət qədər var və aralarında həlak olan, əsir düşənlər də var.

Əgər Fuad Rafaelova dəstək göstərilərsə, gərək ayrı-seçkilik etmədən digərlərinə də dəstək verilsin. 

Məsələ ilə bağlı Azərbaycanın Xarici İşlər Nazirliyinin də mövqeyini öyrənməyə çalışdıq. Nazirlikdən sorğumuza cavab olaraq bildirildi ki, artıq adıçəkilən azərbaycanlı əsirlə bağlı Ukrayna tərəfi ilə danışıqlar aparılır.

“Azərbaycanın Ukraynadakı səfirliyinin bu məsələ ilə bağlı məlumatı var. Fakt təsdiqlənib. Əsir kimi vətəndaşın hüquqları qorunur. Səfirlik Ukrayna tərəfi ilə danışır", - deyə açıqlamada bildirilib.

Xalidə GƏRAY,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR