İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədə seçkilərə hazırlıqla tanış olan deputatdan SENSASİON açıqlama: “Bizə deyirdilər ki...”

2260 28.05.2023 17:40 Siyasət A A

Parlamentin bir qrup deputatı Türkiyədə prezident seçkilərinin ikinci mərhələsinə hazırlıqla tanış olmaq üçün bu ölkəyə səfər edib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, deputatlar Hikmət Məmmədov, Fatma Yıldırım, Mahir Abbaszadə, Elman Nəsirov, Sahib Alıyev İzmir şəhərində, Tahir Rzayev, Aydın Mirzəzadə, Rəşad Mahmudov, Sevil Mikayılova Antalya şəhərində, Musa Quliyev, Elşad Mirbəşiroğlu, Vüqar İskəndərov, Ceyhun Məmmədov, Arzu Nağıyev, Ramil Həsən İstanbul şəhərində prezident seçkilərinin ikinci turuna hazırlıq və prosesin gedişi ilə tanış olublar.

Həmin səfərdə iştirak edən millət vəkili Elman Nəsirov Musavat.com-a açıqlamasında bildirib ki, Yeni Azərbaycan Partiyası ilə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) arasında əməkdaşlıq haqqında razılaşmaya əsasən, tez-tez qarşılıqlı səfərlər həyata keçirilir.

elman.jpg (79 KB)

Millət vəkili qeyd edib ki, budəfəki səfərlər həm birinci, həm də ikinci tur seçkilərinə hazırlıq prosesi ilə bağlı olub:

“Birinci tur seçkiləri öncəsi mən zəlzələdə ən böyük itkilərlə üzləşən Kahramanmaraşda oldum. Bu dəfə isə seçki öncəsi proseslə yaxından tanış olmaq üçün İzmir şəhərində olduq. İzmir Cümhuriyyət Xalq Partiyasının əsas məntəqələrindən biri hesab olunur. Mən xatırlamıram ki, bu şəhərdə nə zamansa Cümhuriyyət Xalq Partiyasının nümayəndəsi az səs toplasın. Bu nöqteyi-nəzərdən bizim üçün bəlli idi ki, İzmir şəhərində Cümhuriyyət Xalq Partiyasının nümayəndəsinə səs verilməsi ehtimalı yenə də böyük olacaq. Amma bizim əsas məqsədimiz o idi ki, seçki prosesinə hazırlıqla tanış olaq, görək cəmiyyətin müxtəlif təbəqələrinin bu prosesə münasibəti necədir. Çünki 4 namizədin iştirak etdiyi reallıqda İzmir seçicilərinin mövqeyi bir cür ola bilər, amma son dövrlər Türkiyənin tarixində ikinci tur seçkilərinə rast gəlməmişik. Bəlkə də ikinci tur seçkilərinin özəlliyi müəyyən mənada İzmirdə seçicilərin mövqeyində bu və ya digər dəyişikliyə gətirib çıxara bilər. Bütün bu proseslər bizim üçün olduqca maraqlı idi. Şəhər valisi ilə görüşlərimiz oldu, mətbuata geniş müsahibələrimiz oldu. Brifinq keçirdik, eyni zamanda İzmirdə AKP-nin ofisində olduq. İnsanlarla cürbəcür məkanlarda görüşüb onların mövqelərini öyrənməyə çalışdıq. Hesab edirəm ki, ikinci tur seçkilərinin özü İzmir seçiciləri üçün də yeni bir hadisə idi. Bu yeni hadisə seçki prosesinin nəticələrinə 14 may seçkilərindən fərqli korrektələr gətirə bilər. Bu məqam bizim üçün maraqlı idi”.

Elman Nəsirov vurğulayıb ki, İzmir əsasən gənclərin yaşadığı şəhərdir:

“İzmir Türkiyənin ən liberal şəhərlərindən biri hesab olunur. Hətta bir çox hallarda İzmiri Almaniyanın Köln şəhəri ilə müqayisə edirlər. Bu nöqteyi-nəzərdən Türkiyə azad ölkədir və bu ölkənin azad vətəndaşlarının yaşadığı, daha çox gənclərin cəmləşdiyi İzmir şəhərinin seçicilərinin mövqeyi təbii ki, bizim üçün çox maraqlı idi.

izmir.PNG (1.35 MB)

Dünya praktikasına əsasən, təxminən 5% seçici seçki qutusuna yaxınlaşan anda öz mövqeyini dəqiqləşdirə bilir. Bu nöqteyi-nəzərdən Ədalət və İnkişaf Partiyasının da mövqeyi belə idi ki, onlar o niyyətdə deyildilər ki, 2-ci turda möcüzə baş verəcək və İzmir seçicilərinin mövqeyində kəskin dönüş olacaq. Amma hər halda sona qədər mübarizə, həmin 5 faizin mövqeyinə təsir etmək, təbliğat-təşviqat işlərini bu istiqamətdə qurmaq və 14 may seçkilərindən daha çox nəticəyə nail olmaq əsas hədəflərdən idi”.

Millət vəkilinin sözlərinə görə, müxalifətin əsas hədəfi o idi ki, Ərdoğan zəlzələ bölgələrində məğlub olacaq:

“Onlar təbliğatlarını bunun üzərində qurmuşdular. Amma onların bütün proqnozları alt-üst oldu. Əksinə, Rəcəb Tayyib Ərdoğan zəlzələ bölgələrində daha çox səs qazandı. Hesab edirəm ki, Ərdoğanın xüsusilə Kahramanmaraş şəhərində 70 faizdən çox səs qazanmasının bizim üçün də xüsusi çəkisi və mənası var idi.

Azərbaycandan gedən nümayəndə heyətinin istiqamətləndiyi əsas ərazilərdən biri də məhz Kahramanmaraş idi. Biz o prosesin hazırlıq gedişatını izləmişdik. Bəllidir ki, Prezident İlham Əliyev Kahramanmaraşda 1000 binanın tikintisi ilə bağlı söz verib və bu söz icra olunacaq. Hesab edirəm ki, bütün bunlar Türkiyə-Azərbaycan qardaşlığının bir nümunəsidir. Zəlzələ bölgəsinin seçiciləri də görürlər ki, Türkiyə-Azərbaycan qardaşlığı, Əliyev-Ərdoğan qardaşlığı ən ağır problemlərin həllinə vəsilə olur. Biz insanların Azərbaycana olan yüksək münasibətini də izləyirdik.

İzmirdə çoxsaylı insanlarla görüşərkən bizə deyirdilər ki, Türkiyədə prezidentliyə namizədin Azərbaycana olan münasibəti ona təxminən 10% səs də gətirə bilər, 10% səsini itirməsinə də gətirib çıxara bilər. Biz bütün bu reallıqları nəzərə alıb Türkiyədə insanlarla görüşür, onların mövqeyini öyrənir və bu fikirlərin kifayət qədər düzgün olduğu qənaətinə gəlirdik”.

Deputat seçki gözləntiləri barədə də danışıb:

“Birinci turda əsas namizədlərdən olan Sinan Oğan Rəcəb Tayyib Ərdoğanın mövqeyini müdafiə etdi. Oğan “Biz Qarabağı yox, Kandili dəstəkləməli idik?” - deyə sual verdi. 

sina.jpg (39 KB)

Cənab Ərdoğan Qarabağ müharibəsində birmənalı şəkildə Azərbaycanın yanında oldu. İlk turda 5,17% səs yığan Sinan Oğanın seçicilərini Ərdoğana səs verməyə dəvət etməsi seçkinin nəticələrinə təsir edən mühüm amillərdən biridir. Hesab edirəm ki, bir neçə faiz səs üstünlüyü ilə Ərdoğanın qalib gəlməsi labüd görünür”.

Aytən Novruz
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR