İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə lirəsi “qara zolaq”dan çıxdımı? - təhlil

1653 28.05.2024 09:02 İqtisadiyyat A A

Ekspert: “Son bir ildə qardaş ölkədə həyata keçirilən islahatlar...”

“Türkiyə lirəsinə inamın artması fonunda onun dəyərdən düşməsi dayanıb”. Belə bir əminliyi Türkiyənin maliyyə və xəzinə naziri Mehmet Şimşək dilə gətirib. “Türk lirəsi artıq dəyərdən düşməyəcək. Ona inam artıb”, - Şimşək TRT Haber telekanalında bildirib.

Nazirin sözlərinə görə, Türkiyənin xarici ticarət kəsiri azalır və maliyyə mənbələri ilə bağlı heç bir problem yoxdur. “Hazırda Türkiyədə çoxlu xarici valyuta var, ona tələbat azaldığı halda ölkəyə artıq miqdarda valyuta idxal olunur”, - nazir vurğulayıb. O həmçinin türkiyəli ixracatçıları narahat olmamağa çağırıb, çünki hökumət onlara hər cür dəstəyi verməyə davam edəcək.

Mart ayında Türkiyə lirəsinin dollar qarşısında dəyəri ilk dəfə olaraq 1 dollar üçün 32 lirə səviyyəsinədək azalaraq, tarixi antirekord vurmuşdu. Hazırda lirə 1 dollar 32,2 lirədən satılır.

Türkiyənin Statistika İnstitutunun (TÜİK) məlumatına görə, aprel ayında illik inflyasiya mart ayındaki 68,5 faizdən 69,80 faizə yüksəlib. Bu, illik inflyasiyanın 84,39 faiz olduğu 2022-ci ilin noyabrından bəri ən yüksək göstəricidir. ENAG-ın bir qrup müstəqil iqtisadçısı isə ötən ayın sonunda illik inflyasiyanı 124,35 faiz səviyyəsində qiymətləndirib. Nazir Mehmet Şimşək daha əvvəl bəyan etmişdi ki, hökuməti 2026-cı ilə qədər qiymət sabitliyinə və birrəqəmli inflyasiyaya nail olunacağına ümid edir.

Prezident R.T.Ərdoğan isə bildirib ki, inflyasiya mayın sonlarında zirvəyə çatacaq və ondan sonra sürətlə azalmağa başlayacaq. “İllik inflyasiyanın may ayında pik səviyyəsinə çatacağını və bunun ardınca sürətlə azalacağını gözləyirik. İlin ikinci yarısından etibarən biz dez-inflyasiya dövrünə qədəm qoyacağıq”, - Ərdoğan əlavə edib.

Türkiyə Ticarət Nazirliyinin məlumatına görə, aprel ayında ölkənin ixracı2023-cü ilin eyni ayı ilə müqayisədə 0,1 faiz artaraq 19 milyard 271 milyon dollara, idxal isə 4,2 faiz artaraq 29 milyard 171 milyon dollara çatıb.

Ümnumi xarici ticarət həcmi 2,6 faiz artaraq 48 milyard 442 milyon dollara çatıb.

Yanvar-aprel aylarında ixrac əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,7 faiz artaraq 82 milyard 873 milyon dollar, idxal 8,9 faiz azalaraq 113 milyard 117 milyon dollar, xarici ticarət həcmi 4,3 faiz azalaraq 195 milyard 990 milyon dollar olub.

Sözügedən dövrdə xarici ticarət kəsiri 30,5 faiz azalaraq 30 milyard 243 milyon dollar təşkil edib.

Ölkəyə xarici valyuta axınını təmin edən turizmdə birinci rübdə artım qeydə alınıb. Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə, bu dövrdə Türkiyəyə gələn əcnəbilərin ümumi sayı 13,37 faiz artaraq 7,04 milyon nəfərə çatıb. Yanvar-mart aylarında Türkiyəyə ən çox turist gələn ölkələrin siyahısında ilk üç yeri İran, Almaniya və Rusiya tutub.  

Hesabat dövründə Türkiyəyə 737,5 min İran vətəndaşı, 688 min Almaniya vətəndaşı, 682 min Rusiya vətəndaşı səfər edib. Bu, xarici turistlərin ümumi sayının müvafiq olaraq 10,6 faizini, 9,7 faizini və 9,6 faizini təşkil edir. Eyni zamanda 2024-cü ildə iranlı turistlərin payı ilin birinci rübündə 4 faiz artıb, rusiyalı turistlər isə təxminən 3 faiz azalıb.

Türkiyə hökuməti inflyasiyanın qarşısını almaq üçün süni qiymət artımına gedənlərə qarşı mübarizəni sərtləşdirir. May ayında Türkiyə parlamenti ölkənin ticarət qanunvericiliyinə dəyişiklikləri təsdiqləyib. Dəyişikliklər  həddindən artıq və əsassız qiymət artımına və malların saxlanması ilə süni qıtlıq yaradılmasına görə cərimələrin tətbiqini nəzərdə tutur. Dəyişikliklərin əsaslandırılması sənədində qeyd olunur ki, qiymət sabitliyinə nail olmaq və inflyasiyanı azaltmaq üçün Türkiyədə əmtəə və xidmət istehsalçılarına və tədarükçülərinə qarşı yeni tənzimləyici və sanksiya tədbirlərinin qəbulu zərurətə çevrilib. Təkcə son bir ildə 60 faizdən çox inflyasiya fonunda bir çox mal və xidmətlərin qiymətləri on faizdən bir neçə dəfəyə qədər artıb. Bu, eyni zamanda maliyyə müstəvisində problemi kəskinləşdirir və sosial sabitliyin pozulmasını artırır.

Bundan sonra mal və xidmətlərin satış qiymətinin əsassız olaraq artırılması hər bir belə pozuntuya görə 3 min dollardan 30 min dollara qədər (100 mindən 1 milyon lirəyə qədər) cərimə ilə cəzalandırılacaq. Bu, istehsalçılara, təchizatçılara və pərakəndə satıcılara aiddir.

Onlar həmçinin süni şəkildə malları anbarlarda saxlayaraq çatışmazlıq yaratdıqlarına görə cəzalandırılacaqlar. Cərimələr 30 min dollardan 370 min dollara qədər olacaq. Son vaxtlar Türkiyədə bir sıra bazar iştirakçıları istehsalçılardan mağazalara qədər bütün zəncir üzrə qiymət dəyişikliyi dinamikası ilə bağlı qeyri-müəyyənlik səbəbindən daim artan inflyasiya nəzərə alınmaqla onların xərclərini ödəyə biləcək daha yüksək qiymətlər və daha çox mənfəət əldə etmək üçün malları qəsdən anbarlarda saxlayır və ya gözlənilmədən kifayət qədər miqdarda istehsal etmirlər. Bu davranış tədarük zəncirində daimi və idarəolunmaz qiymət artımı riski ilə qapalı dairə effekti yaradıb.

Türkiyə iqtisadiyyatında qeydə alınan pozitiv dəyişiklikləri “S&P Global Ratings” Beynəlxalq Reytinq Agentliyi qiymətləndirib. Agentlik may ayında Türkiyənin uzunmüddətli xarici və yerli valyutada reytinqini “B”dən “B+” səviyyəsinə yüksəldib. “Yeni Müsavat” agentliyin yaydığı məlumata istinadən xəbər verir ki, reytinq proqnozu “müsbətdir”.

Məlumatda həmçinin qeyd olunur: “Biz gözləyirik ki, ölkədə keçirilən bələdiyyə seçkilərindən sonra Türkiyə hakimiyyəti pul siyasətini sərtləşdirmək və tədricən fiskal konsolidasiya yolu ilə inflyasiya ilə mübarizəni davam etdirəcək”.

S&P inflyasiyanın azaldılması və iqtisadiyyatın dollarlaşmasının yavaşlaması ilə yanaşı, qarşıdakı iki il ərzində Türkiyənin cari hesab kəsirinin daralacağını proqnozlaşdırır. Bununla yanaşı, agentlik analitikləri ölkədə inflyasiyanın 2028-ci ilin əvvəlinə qədər ikirəqəmli səviyyədə qalacağını düşünürlər.

S&P bildirib ki, Türkiyənin Mərkəzi Bankı əsas faiz dərəcəsini 2024-cü ilin sonuna qədər hazırkı 50 faiz səviyyəsində saxlayacaq: “Ölkənin tədiyyə balansı yaxşılaşmağa davam edərsə, inflyasiya yavaşlarsa və türk lirəsi ilə daxili əmanətlər artarsa, ölkənin valyuta ehtiyatlarını yenidən qurmağa imkan verərsə, Türkiyənin reytinqini yenidən yüksəldə bilərik”.

Ölkənin maliyyə sabitliyinə və ya hökumət büdcəsinə təzyiq artarsa, məsələn, lirənin zəifləməsini dayandırmaq mümkün olmadıqda və ya hakimiyyət inflyasiyanın qarşısını almaq üçün tədbirlərdən imtina edərsə, S&P Türkiyənin reytinq proqnozunu “stabil”ə dəyişə bilər.

Türkiyə iqtisadiyyatında, xüsusilə milli valyutasının məzənnəsində qeydə alınan dəyişikliklər dönməz xarakter almış sayıla bilərmi? Türkiyə lirəsinin qara zolaqdan tamamilə çıxdığını söyləmək olarmı? 

Elman Sadıqov: “Əsas məsələlərdən biri 2026-cı ilə qədər Azərbaycan  manatını sabit saxlamaqdır” - Oxu.az

 Elman Sadıqov

İqtisadçı-ekspert Elman Sadıqovun “Yeni Müsavat”a dediyinə görə, Mehmet Şimşeyin rəhbərliyi ilə yeni hökumət iş başına keçəndən sonra Türkiyə iqtisadiyyatında bir dönüş baş verdi: “Əslində bu dönüş bütövülkdə iqtisadi siyasətdə baş verdi və onun müsbət nəticələri artıq hiss olunmaqdadır. Bununla bağlı iqtisadçılar arasında fikir ayrılıqları vardı: bir qisim atılan addımların nəticəsiz qalacağını gözləyirdilər. Mehmet Şimşeyin iqtisadçı kimi baxışlarına bələd olan adam olaraq, mən o vaxtdan dedim ki, o, nəzərdə tutduğu islahatların həyata keçiriləcəyinə əmin olmasa, işi öz üzərinə heç zaman götürməzdi. Doğrudan da, zaman keçdikcə, biz gördük ki, Mehmet Şimşek iqtisadiyyatı böhrandan çıxarmaq üçün zəruri hesab etdiyi bütün dəyişikliklərə, qərarlara nail oldu. Türkiyə iqtisadiyyatında çətinliklərin yaranmağa başlaması 2006-cı ildən müəyyən əlamətlərlə görünməyə başlamışdı, 2013-cü ildə onların dərinləşdiyi açıq görünürdü. 2018-ci ildə ən ciddi problemlər üzə çıxarkən müəyyən addımlar atıldı, tamamilə fərqli bir modelin tətbiqinə başlandı. Bu proses 4 il davam etdi və o model özünü doğrultmadı. Həmin müddətdə problemlər o qədər dərinləşdi ki, onların aradan qaldırılması 6-7 il vaxt tələb edə bilərdi. Lakin Mehmet Şimşeyin təklif etdiyi addımlar sayəsində qısa müddətdə - 1 il ərzində problemlərin dərinləşməsinin qarşısı alındı, müəyyən sabitliyə nail olundu, mənfi tendensiya müsbətə çevrildi. Amma əlbəttə ki, bütün məsələlər həllini tapmayıb. İnflyasiyanın ikirəqəmli ədədlərin ən aşağı həddinə düşməsi üçün ən azı 2025-ci ilin sonunu gözləmək lazım gələcək”. 

Ekspert bildirir ki, Türkiyədə son 1 ildə əldə olunan müsbət nəticələrdən biri dövlət ehtiyatlarının mənfi 65 milyard dollardan mənfi 13 milyard dollara çatmasıdır: “Bu, böyük irəliləyişdir və ona başlıca olaraq Türkiyə Mərkəzi Bankının valyuta bazarında məzənnəyə müdaxilə etməməsi sayəsində nail olundu. Eyni zamanda valyuta bazarı tam bazar tənzimlənməsinə keçdi ki, bu da lirənin real kursu müəyyənləşdi. İndi Türkiyə Mərkəzi Bankı nəinki valyuta bazarına dollar müdaxiləsi etmir, əksinə, bazardan dollar alır. Bu, lirəyə olan inamı artırdı.

İkinci önəmli məsələ tədiyə balansında mənfi saldolarla bağlıdır. Ötən il aylıq mənfi saldo 10-12 milyard dollara çatırdı. 2024-cü ilin yanvarında bu, 2 milyard 556 milyon dollara qədər azaldı. Bu, çox önəmlidir. Yanvardan bəri bəzən 3-4 milyard dollara qədər artsa da, artıq 10 milyardlardan 2 dəfədən də çox aşağıdır. İllik mənfi saldo 45,4  milyard dollardan 37,5 milyard dollara qədər azalıb. 

Daha bir mühüm məsələ budur ki, qızıl və enerjini kənara qoysaq, Türkiyənin tədiyə balansında 3 milyard 595 milyon dollarlıq müsbət saldo olar. 

Beləliklə, ixracın artması, tədiyə balansının mənfi saldosunun kəskin azalması, mənfi ehtiyatların azalması, valyuta bazarında tam üzən məzənnə rejiminin bərqərar olması, lirə/dollar kursunun sabitləşməsi Türkiyənin yeni hökumətinin atdığı addımların müsbət effektləridir. Və islahatlar davam edərsə, gözləntilər bu effektlərin davam edərək, daha müsbət xəttə keçməsi istiqamətlidir. Bu proses yalnız Türkiyənin cəlb olunması qlobal böhran, hərbi toqquşma və sair hallar səbəbilə dayana bilər ki, inşallah, bu, baş verməyəcək".

Dünya SAKİT,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR