İranla Türkiyə arasında yük maşınlarına yanacaq vergisi ilə bağlı yaranan gərginlik davam edir.
Musavat.com Mehr Agentliyinə istinadən xəbər verir ki, İran hökuməti problemi həll etmək üçün Türkiyə ilə işləyir.
İranın yollar və şəhərsalma naziri Farzaneh Sadiq bildirib ki, yanacaq vergisi ilə bağlı mübahisələr səbəbilə iki ölkə sərhədində yığılıb qalan yük maşınları probleminin kökündən həllinə nail olmağa çalışırlar.
Sadiq qeyd edib ki, İran və Türkiyə arasında yanacaq vergisi mübahisəsinin həlli üzrə danışıqlar son günlər uzanıb, çünki iki ölkənin nəqliyyat idarələri və xarici işlər nazirlikləri arasında bir neçə istiqamətdə danışıqlar aparılıb.
Qeyd edək ki, dekabrın 29-da Türkiyə İran yük maşınları üçün yanacaq vergisindən azadolmanın dayandırıldığını elan edib. Bundan sonra mindən çox İran yük maşını Türkiyə ilə sərhəddə ilişib qalıb.
Onların sürücüləri Türkiyənin xüsusi istehlak vergisinin 155 faizinə bərabər olan yanacaq vergisini ödəyə bilməyəcəklərini deyirlər. Türkiyə rəsmiləri bildiriblər ki, yeni tədbir İranın xarici yük maşınlarından yanacaq vergisi almasına cavabdır.
İran Türkiyənin yeni yanacaq vergisi siyasətinə cavab olaraq yanvarın 3-dən türk yük maşınlarına yanacaq tədarükünü dayandırıb.
Musavat.com