İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə-Ermənistan birbaşa danışıqları – Ankaranın dəyişməyən mövqeyi - ŞƏRH

303 01.08.2024 14:51 Siyasət A A

Son günlər Türkiyə ilə Ermənistan arasında normallaşma prosesi istiqamətində danışıqların getdiyinə dair xəbərlər yayılır.

İyulun 30-da Türkiyənin normallaşma üzrə xüsusi nümayəndəsi Serdar Kılıçla ermənistanlı həmkarı Ruben Rubenyan sərhəddə görüşüb. Bu, xüsusi nümayəndələrin beşinci görüşü sayılır. Onlar diplomatik/rəsmi pasport sahibləri üçün qarşılıqlı viza prosedurlarını asanlaşdırmaq barədə razılığa gəliblər. Tərəflər normallaşma prosesini heç bir ilkin şərt irəli sürülmədən davam etdirməyə razı olduqlarını təsdiqləyiblər.

Türkiyənin xarici işlər naziri Hakan Fidan isə “Sabah”a müsahibəsində bildirib ki, Ermənistanla sərhədlər Azərbaycanla Ermənistan arasında normallaşma prosesindən sonra açılacaq. O, rəsmi Bakı ilə İrəvan arasında danışıqlar prosesinin davam etdiyini qeyd edərək deyib: “Biz danışıqların mümkün müsbət başa çatması ssenarisinə hazır olmalıyıq. Əgər normallaşma prosesi müsbət sonluqla başa çatarsa, onda biz sərhəd qapılarını aça bilərik”.

H.Fidanın açıqlaması Azərbaycan və Türkiyənin Ermənistanla normallaşma prosesinə eyni mövqedən yanaşması anlamına gəlir. Çünki rəsmi Ankara Ermənistanla quru sərhəd qapılarını Kəlbəcərin işğalından sonra - 1993-cü il aprelin 3-də bağlayıb. Ondan sonra Türkiyədə bir-birini əvəzləyən bütün iqtidarlar bu qapını Ermənistan Azərbaycan torpaqlarını işğaldan azad etdikdən sonra açacaqlarını bildirib.

İki ölkə arasında sərhəd xəttinin uzunluğu 328 km-dir. Türkiyə və İranla Ermənistan arasında dövlət sərhədinin isə Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidməti mühafizə edir.

Bu baxımdan, Hakan Fidan açıqlaması ilə sələflərinin mövqeyini davam etdirəcəklərini bildirib. Viza isə yalnız diplomatik/rəsmi xarakterli olacaq.

Əsas məsələlərdən biri ilkin şərtlə bağlıdır. Azərbaycan torpaqları işğal altında olanda da rəsmi İrəvan ilkin şərt irəli sürülmədən normallaşma prosesini irəli aparmağa hazır olduqlarını bildirmişdi.

İlkin şərtsiz kimi müzakirə olunan məsələlərə bir ştrix əlavə etmək istərdik. 2009-cu il oktyabrın 10-da İsveçrənin Sürix şəhərində Ermənistan və Türkiyənin xarici işlər nazirləri “Ermənistan Respublikası ilə Türkiyə Respublikası arasında diplomatik münasibətlərin qurulması haqqında” və “Ermənistan Respublikası ilə Türkiyə Respublikası arasında əlaqələrin inkişafı haqqında” protokollar imzalamışdı. Ancaq protokollar imzalanandan sonra rəsmi Ankara mövqeyini dəyişdirərək, razılaşmalardan imtina edərək Türkiyə Böyük Millət Məclisində münaqişənin həlli ilə bağlı sazişlərin təsdiqini Azərbaycan torpaqlarının işğaldan azad edilməsi kimi əvvəlki şərtinə qayıtmışdı.

Vəziyyətin belə dəyişməsində əsas rollardan birini də Ermənistanın Konstitusiya məhkəməsi oynamışdı. Bu instansiya protokollara düzəliş etmək niyyətində olmuşdu. Rəsmi Ankara qurumun bu addımı haqqında ABŞ-yə də məlumat vermişdi.

Ermənistan parlamenti Sürix razılaşmasını təsdiqləsə də, sonradan ondan çıxmaq haqqında qərar qəbul etdi. Bunun ardınca ovaxtkı prezident Serj Sarqsyan ali qanunverici orqanın bu qərarını təsdiqləmişdi.

Rəsmi Ankaranın şərtlərindən biri isə İrəvanın saxta erməni tarixi və Türkiyəyə qarşı ərazi iddialarından əl çəkməsidir.

Ermənistan rəsmiləri iddia edirdi ki, ilkin şərtlərlə normallaşma prosesini irəli aparmaq mümkün deyil.

Xüsusi nümayəndələrin görüşündə ilkin şərtin çıxarılması haqda qərarın qəbul edilməsi ilk baxışda belə Türkiyə -Ermənistan sərhədlərinin bu gün, sabah açılacağı təəssüratını yaradır. Ancaq Hakan Fidan açıqlaması ilə rəsmi Ankaranın 31 illik mövqeyində bu istiqamətdə dəyişikliyin olmadığını deməyə əsas verir. Məlum şərtdə torpaqların işğaldan azad edilməsi məsələsi vurğulanırdı. İndi bir neçə kəndin hələ də Ermənistanın nəzarəti altında qaldığını qeyd etməklə, torpaqlar işğaldan azad edilib. Ancaq bu, hələ Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması, sərhədlərin müəyyənləşməsi, normallaşam prosesinin başa çatması demək deyil. Odur ki, iki ölkə arasında problemlər həll olunmadığından o, yarımçıq sayılır. Hakan Fidanın açıqlaması isə xüsusi nümayəndələrin əldə etdikləri razılaşmalara aydınlıq gətirməsi kimi də qiymətləndirilə bilər.

Başqa bir məsələ - Ermənistan Türkiyəyə qarşı ərazi iddiasından əl çəkib?

Rəsmi İrəvanın konstitusiyaya dəyişikliklə bağlı əməli addım atmaması Ankara və Bakının etirazları ilə qarşılanır.

Bununla belə Ermənistan rəsmilərinin, baş nazir Nikol Paşinyanın "Ağrı dağı (Ararat deyir ermənilər-red.) Türkiyənin beynəlxalq səviyyədə tanınmış ərazisindədir” və parlament sədri Alen Simonyanın “Ermənistan gec-tez himn və gerbini dəyişməlidir” deməsi rəsmi İrəvanın Türkiyəyə qarşı ərazi iddiasından əl çəkmək istiqamətində addım atmaq istəyindən xəbər verir.

Bundan başqa, Ermənistan Respublikasının yeni Dövlət Atlası üçün texniki spesifikasiyalar tərtib etmək və hazırlamaq üçün idarələrarası işçi qrupu yaradılacaq. Bu barədə uyğun qərarı baş nazirin müavini Tiqran Xaçatryan imzalayıb. Qrupun tərkibinə Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları, Müdafiə Nazirliyinin, eləcə də digər nazirlik və dövlət qurumlarının nümayəndələri də daxil olacaq.

Belə qənaətə gəlmək olar ki, atlasda Ermənistanın Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiasından əl çəkməsi öz əksini tapa bilər.

Ağ ev isə iyulun 30-da keçirilən görüşə münasibət bildirməyib. ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel Türkiyə-Ermənistan nümayəndə heyətinin normallaşma üzrə danışıqlarını şərh etməyib. “Şərhim yoxdur. Mən iki uyğun ölkəyə məsələ ilə bağlı mövqelərini açıqlamalarına imkan verərdim”, - o deyib.

Bəyanatdan belə qənaətə gəlmək olar ki, beynəlxalq ictimaiyyət bu kimi görüşləri ölkələrin ixtiyarına buraxıb. Belə görüşlər ikitərəfli birbaşa əlaqələrin daha uğurlu keçdiyini göstərir. 14 il əvvəl ATƏT-in keçmiş Minsk qrupunun üç həmsədr ölkəsinin iştirakı ilə keçirilən toplantıların, imzalanan protokolların səmərəli nəticəsi olmadı. Ancaq Azərbaycan torpaqlarını işğaldan azad edəndən sonra Azərbaycan və Türkiyənin Ermənistanla keçirdiyi ikitərəfli birbaşa görüşlər uğurlu nəticə verməkdədir. Bu format regional əməkdaşlıq üçün də faydalı ola bilər. Çünki Ermənistanın nicat yolu Azərbaycan və Türkiyədən keçir.

Sədrəddin İsmayılov,
Report.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR