İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə anti-Rusiya sanksiyalarına qoşulur? - Azərbaycan da ABŞ-nin hədəfinə gələ bilər

911 04.02.2023 09:12 Siyasət A A

Türkiyə ABŞ sanksiyaları səbəbindən Rusiya, Belarus və İrandan gələn “Boeing” və “Airbus” təyyarələrinə texniki xidmət göstərməyi dayandırır. Rusiyanın RBK saytının məlumatına əsasən qardaş ölkənin ən böyük hava limanı yer xidmətləri təminatçısı “TAV Airports”un törəmə şirkəti olan “Havaş”ın baş direktoru yanvarın 31-də müvafiq şirkətlərə məktub göndərərək, Amerika istehsalı olan “Boeing” və bir neçə Avropa istehsalı olan “Airbus” təyyarələrinə texniki xidmət göstərilməyəcəyini bildirib.

RBK-nın yazdığına görə, “Havaş” Rusiya şirkətlərinə məxsus 170-dən çox “Boeing” təyyarəsinə xidməti dayandıracaq. Bundan əlavə, şirkət eyni addımı 7 Belarus, 4 İran təyyarəsinə qarşı da atmalı olacaq.

Rusiyadan Türkiyəyə uçan “Boeing”lərin çox Rusiya Dövlət Hava Yolları Şirkəti olan “Aeroflot”a, qalanları isə yükdaşıma aviaşirkəti olan AirBridgeCargo-ya, həmçinin Azur Air, I Fly, Pegas Fly, “Pobeda”, “Rusiya”, S7, Utair, Ural Hava Yolları, Red Wings, Nordwind və “Yamal” şirkətlərinə, Belarusun “Belavia”, İranın “İran Air” və Mahan Airlines şirkətlərinə məxsusdur.

“Havaş”ın xəbərdarlıq məktubunda bundan əlavə, Roman Abramoviçə məxsus olduğu güman edilən “Boeing 787 Dreamliner” və “Gulfstream G650" biznes-jetlərinin də adı çəkilir. Lakin  sanksiyalara məruz qalan biznesmenin nümayəndəsi RBK-ya Abramoviçin Türkiyədə hər hansı təyyarəsinin olmadığını deyib.

Türkiyə şirkətinin siyahısında qeyd olunan bütün təyyarələr ABŞ Ticarət Nazirliyinin 2022-ci ilin yazında elan etdiyi sanksiya qərarına salınıblar. Həmin qərara əsasən, istehsalında 25 faiz və ondan yuxarı ABŞ mənşəli detallar və texnologiyalardan istifadə olunan bütün təyyarələrə texniki xidmət qadağan olunub.

ABŞ Ticarət Nazirliyi bu sanksiyanın tələblərinə əməl olunması üçün Türkiyə aviasiya sənayesi nümayəndələrinin hamısına məktubla müraciət edib. “Havaş” bu tələbi nəzərə almaya bilmədiyinə görə, Rusiya, Belarus və İrandan uçan bütün təyyarələrin istehsal mənşəyinə dair məlumatları toplayır: “Bu tələbə görə biz sizin bir neçə, yaxud bütün reyslərinizə xidmət göstərə bilməyəcəyik. Buna görə də sizdən 25 faizdən az Amerika texnologiyaları və detalları əsasında istehsal olunan təyyarələriniz barədə bizə məlumat verməyinizi xahiş edirik. Biz yalnız həmin təyyarələrə xidmət göstərə biləcəyik”.

Xatırladaq ki, yanvarın 26-da “Wall Street Journal” yazmışdı ki, ABŞ Rusiyaya qarşı sanksiyalara əməl olunması məqsədilə Türkiyəyə təzyiqləri gücləndirmək qərarına gəlib. Bu sırada Rusiyadan Türkiyəyə sanksiyalı təyyarələrlə uçuşların dayandırılması ilk yerlərdə gəlir. 2022-ci ilin dekabrında ABŞ-nin yüksək vəzifəli məmurları Türkiyəyə ciddi xəbərdarlıq edərək, Rusiyanın və Belarusun mənimsədiyi təyyarələrə texniki qulluğun davam etdirilməsinin ağır nəticələri olacağını bildiriblər.

Qəzetin yazdığına görə, bu xəbərdarlığı Ankaraya ABŞ ticarət nazirinin köməkçisi Teya Rozman Kendler çatdırıb.

Türkiyənin “Bosphorus Observer” konsaltinq şirkətinin rəhbəri Yoruk Işık qəzetə bildirib ki, texniki baxımdan həmin təyyarələr oğurlanıblar.

“Cirium” aviasiya-analitik şirkətinin məlumatına əsasən, 2022-ci ilin 1 oktyabrından 2023-cü il yanvarın sonunadək Belarus və Rusiyadan “Boeing”lərlə Türkiyəyə 2,1 mindən artıq reys həyata keçirilib.

Rusiyadan Türkiyəyə bu ölkəyə məxsus “Pegasus” və “Turkish Airlines” şirkətləri də uçuşlar həyata keçirirlər.

“Havaş” fevralın ortalarına qədər problemin həlli yolları ilə bağlı Rusiya aviaşirkətləri ilə müzakirələr aparmaq niyyətindədir. Lakin aydın görünür ki, təyyarələrə xidməti dayandırmaqdan başqa yol qalmayacaq.

Rusiyada isə əmindirlər ki, Türkiyəyə uçuşları “Havaş” deyil, digər şirkətlərin xidmətindən istifadə etməklə davam etdirə biləcəklər. Bu ölkədən Türkiyəyə uçan şirkətlərin nümayəndələri RBK-ya digər şirkətlərlə əməkdaşlığa başlayacaqlarını və problemin Rusiyadan Türkiyəyə uçuşlara mane olmayacağını bildiriblər.

“Rosaviasiya”nın rəhbəri Aleksandr Neradko bildirib ki, bir sıra ölkələrin sanksiya qərarına əsasən, aviadaşımalarda beynəlxalq əməkdaşlığın dayanması mümkün deyil. Onun sözlərinə görə, Ukrayna müharibəsi başlayandan sonra Rusiya ilə aviaəlaqənin dayandırılması, ABŞ və Avropa istehsallı təyyarələrə qulluğun dayandırılması qərarlarından sonra, Türkiyə də daxil olmaqla, 26 ölkənin 53 hava şirkəti Rusiyaya birbaşa uçuşları dayandırmayıb. Rusiyalı məmur bu sıraya yaxın günlərdə Küveytdən Moskvaya uçuşlara başlayacaq “Jazeera Airways”i də daxil edib. Onun sözlərinə görə, hazırda 14 Rusiya aviaşirkəti beynəlxalq uçuşlar həyata keçirir. Onların uçduğu ölkələr sırasına Laos, Tailand və Myanma da qoşulacaq.

Neradko bildirib ki, sanksiyalara qədər Rusiyanın xaricdən aldığı təyyarələrin böyük əksəriyyəti Bermud adaları və İrlandiyada qeydiyyata alınıblar. Sanksiyalardan sonra hər iki tərəf Rusiya təyyarələrinə verilən yay uçuş sertifikatlarını və qeydiyyat icazələrini ləğv ediblər. Bundan sonra Rusiya şirkətlərinin lizingə götürdüyü 647 təyyarə Rusiyanın özündə qeydiyyata alınaraq sertifikatlaşdırılıb. Lakin bu sertifikatları beynəlxalq aviasiya şirkətləri və qurumları tanımırlar.

Rusiya şirkətləri bir müddət ehtiyatda olan detallarla təyyarələrə qulluq ediblər. Son vaxtlar isə onlar ehtiyat hissələrin ikinci əl idxalını yoluna qoyublar. Yəni Rusiya aviaşirkətləri ABŞ və Avropa istehsallı təyyarələr üçün ehtiyat hissələri üçüncü ölkələr vasitəsilə əldə edirlər ki, bu da sanksiyalardan yayınmaq deməkdir.

İqor Korotçenko: Türkiyə antirusiya sanksiyalardan faydalanan əsas ölkədir  » Sumqayit.TV

ABŞ hökuməti məhz buna görə Rusiyadan müxtəlif ölkələrə uçan təyyarələrə xidməti dayandırmaq qərarına gəliblər.

2022-ci ildə Rusiya hökuməti sanksiyalardan zərər çəkən aviasiya şirkətlərinə 172 milyard rubl subsidiya verib. Lakin bu il maliyyə imkanlarının məhdudluğu üzündən cəmi 23 milyard rubl ayrılıb. Rusiya hökumətinin hazırladığı proqrama əsasən, 2030-cu ilədək ölkədə yerli detallar və texnologiyalar əsasında mindən artıq təyyarə istehsal olunması nəzərdə tutulur. Bunların arasında 270 ədəd MC-21 sərnişin təyyarəsi də var.

A.Neradkonun verdiyi məlumata əsasən, Rusiya aviaşirkətləri 2030-cu ilədək balanslarında olan ABŞ və Avropa istehsallı təyyarələri istismarını davam etdirə biləcəklər. Ona qədər yerli istehsal təyyarələri hesabına tədricən xariciləri bazardan çıxarmaq mümkün olacaq. Həmçinin o, bir sıra Rusiya aviaşirkətlərinin artıq xarici təyyarələrin ikinci əl alışına dair bəzi xarici aviaşirkətlərlə razılığa gəldiklərini də qeyd edib.

Onu da qeyd edək ki, “Rosaviasiya”nın rəhbərinin nikbin açıqlamalarına baxmayaraq, Qərbin Rusiyaya qarşı sanksiyalara əməl olunması prosesinə nəzarəti gücləndirməsi Moskvanın onlardan yayınması imkanları sürətlə daraldır. Artıq ABŞ Dövlət Departamentindən Rusiya ilə birbaşa uçuşları bərpa etmək istəyən Gürcüstana sərt xəbərdarlıq olunub. Departamentdən “Amerikanın Səsi”nə bildirilib ki, Gürcüstan və Rusiya arasında birbaşa uçuşların bərpa olunması Gürcüstan hava limanlarında Rusiya şirkətlərinə xidmət edən şirkətləri sanksiyalar təhdidi altında qoyacaq.

Qeyd olunub ki, hazırda ABŞ da daxil olmaqla, bir sıra Qərb ölkələri Rusiya təyyarələrinin öz hava məkanlarına daxil olmasını qadağan edib və belə bir vəziyyətdə birbaşa uçuşların davam etdirilməsi narahatlıq doğurardı.

Türkiyə anti-Rusiya sanksiyalarına qoşulur? - Azinforum.az İnformasiya  Portalı

“Bütün Qərb qəddar rejimlə özü arasında məsafə qoyub - indi Rusiya ilə əlaqələri artırmağın vaxtı deyil”, - deyə departamentin açıqlamasında bildirilib.

Qeyd edək ki, yanvarın 19-da Gürcüstanın hakim “Gürcü Arzusu” partiyasının sədri İrakli Kobaxidze Rusiya ilə birbaşa uçuşların bərpasının mümkünlüyünü və bunun Gürcüstan vətəndaşları üçün faydalı ola biləcəyini deyib. O, Rusiya tərəfinin belə bir qərarının alqışlana biləcəyini qeyd edib.

Gürcüstan Prezidenti Salome Zurabişbili isə birbaşa uçuşların davam etdirilməsinin əleyhinə olduğunu bəyan edib.

Xatırladaq ki, Rusiya və Gürcüstan arasında birbaşa uçuşlar 2019-cu ilin yayında Tbilisidə keçirilən Rusiya əleyhinə aksiyalardan sonra Rusiya Prezidenti Vladimir Putinin göstərişi ilə dayandırılıb.

Rusiyanın sanksiyalardan yayınmaq istiqamətindəki bütün cəhdlərinin qarşısı kəskinliklə alınır. Ötən il Rusiyanın bank əməliyyatları üçün yaratdığı “Mir” ödəniş sisteminə qarşı atılan addımlar buna nümunə ola bilər. Belə ki, Türkiyə də daxil olmaqla, 16 ölkədə banklar “Mir” kartlarına xidmət göstərməyə başlamışdılar. 2022-ci ilin sentyabrında ABŞ Maliyyə Nazirliyinin xəbərdarlığından sonra əksər ölkələr bu prosesi dayandırmalı oldular. Bu baxımdan Rusiyanın Qərbdən oğurladığı təyyarələrlə beynəlxalq aviasiya qurumlarında təmsil olunan ölkələrə uçuşların dayandırılmasını da artıq qısa zaman məsələsi hesab etmək olar.

TÜRKİYƏ RUSİYA-UKRAYNA MÜNAQİŞƏSİNDƏ HƏLLEDİCİ OYUNÇUDUR” - » Yenixeber.org  - Oxu, xəbərin olsun

Rusiya aviaşirkətlərinin birbaşa uçuşlar yerinə yetirdiyi daha bir ölkə Azərbaycandır. Hazırda AZAL-la yanaşı, Rusiyadan Azərbaycana Rusiyanın “Aeroflot”, “Rossiya”, “Utair”, “Azimuth”, “Pobeda” və digər aviaşirkətləri də reyslər yerinə yetirir. Bu reyslər Soçi, Həştərxan, Samara, Kazan, Sankt-Peterburq, Moskva, Mineralnıe Vodı, Novosibirsk, Yekaterinburq, Ufa, Volqoqrad, Həştərxan, Qroznı, Surqut, Tümen şəhərlərindən icra olunur. Azərbaycana həmçinin Belarusun “Belavia” şirkəti də uçuşlar həyata keçirir.

ABŞ-dən xəbərdarlıq alınarsa, Azərbaycanın da qadağalara qoşulması, Rusiyadan Bakıya uçan və sanksiya siyahısında olan təyyarələrə texniki qulluğu dayandırması qaçılmazdır. Əks halda Azərbaycanın texniki qulluq şirkətləri sanksiyalara məruz qala bilər.

Azərbaycandan Rusiyanın Şərq əyalətlərinə - Tümen, Surqut kimi şəhərlərə əsasən yük təyyarələri daha çox hərəkət edir. Onlar kənd təsərrüfatı məhsullarının daşınması ilə məşğuldurlar. Bu uçuşların azalması Azərbaycanın aqrar ixracının azalmasına gətirib çıxara bilər. Bunun qarşısını almağın əsas yolu Rusiya tərəfinin Azərbaycan aviasiya şirkətlərinin həmin şəhərlərə uçuşlarının sayını artırmasına şərait yaratması ola bilər.

Türkiyəyə gəlincə, bu ölkənin yetərincə inkişaf etmiş aviasiyası var. Rusiya aviaşirkətlərinin daşıya bilməyəcəyi sərnişin sayını yerli aviaşirkətlər rahatlıqla daşıyacaqlar.

Dünya SAKİT,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR