İnsanlara hürriyət, millətlərə istiqlal!

Türk Dövlətləri Təşkilatında ilginc qərar - vahid Təhlükəsizlik Şurasına doğru addım

810 25.10.2023 15:32 Siyasət A A

Üzv dövlətlərin Təhlükəsizlik Şurası katiblərinin 2-ci iclasında TDT-nin vahid təhlükəsizlik sisteminin yaranması müzakirə edilib, İşçi Qrup yaradılıb - iki ekspertin proqnozu

Türk Dövlətləri Təşkilatına (TDT) üzv olan ölkələrin Təhlükəsizlik Şurasının katibləri regiondakı və dünyadakı təhlükəsizlik şəraitini və son hadisələri müzakirə ediblər. “Yeni Müsavat”ın verdiyi xəbərə görə, Özbəkistanın paytaxtı Daşkənddə TDT Təhlükəsizlik Şurası katiblərinin 2-ci iclası keçirilib.

Toplantıda Azərbaycanı Təhlükəsizlik Şurasının katibi general-polkovnik Ramil Usubov təmsil edib. İclasda təşkilata üzv ölkələrdə həyata keçiriləcək təhlükəsizlik tədbirləri barədə danışılıb. Tərəflər TDT ölkələrini hədəf alan mövcud təhlükəsizlik təhdidləri və çağırışları ilə yanaşı, bəzi regional və beynəlxalq məsələlərin Türk dünyasına ehtimal edilən təsirlərini detallı şəkildə müzakirə ediblər. İclasda qurumun qəbul etdiyi qərarların həyata keçirilməsi üçün İşçi Qrupun yaradılması və “yol xəritəsi”nin hazırlanması barədə razılığa gəlinib.

Bəzi ekspertlərə görə, bu, Türkdilli Dövlətlər Təşkilatının birgə Təhlükəsizlik Şurası yaratmağa doğru ilk addım hesab oluna bilər. Bu isə o deməkdir ki, üzv dövlətlər müdafiə və təhlükəsizlik siyasətini koordinasiya etmək istiqamətində irəliləyirlər. Yada salaq ki, 15 iyun 2021-ci ildə imzalanmış Şuşa Bəyannaməsində önəmli məsələlərdən biri də hər iki ölkənin Təhlükəsizlik Şurası arasında ortaq toplantıların keçirilməsidir. Bundan başqa, TDT-nin TŞ-si yaransa, artıq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) müəyyən mənada əhəmiyyətini itirə bilər. Çünki KTMT-yə üzv olan türkdilli dövlətlər var. Bu təşkilat da təhlükəsizlik blokudur. Hətta onu “Putin NATO”su adlandırırlar. İndi isə yeni perspektivlər açılmaqdadır - Türk Dövlətləri Təşkilatına (TDT) üzv olan ölkələrin Təhlükəsizlik Şurası yaradıla bilər. Bu baş verərsə, növbəti mərhələdə hərbi qanadın yaranması istisna deyil. Yəni türkdilli ölkələrin ordularının birgə təlimləri keçirilə, bölgədə “Turan ordusu”nun yaranması gerçəkləşə bilər.

Ötən il Türkiyə Xüsusi Təyinatlı Qüvvələrinin Təlim Mərkəzində Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin birgə hərbi təlimləri keçirilmişdi. Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə ilə yanaşı TDT-də  müşahidəçi statusu almış Şimali Kipr Türk Respublikasının hərbçiləri də təlimlərdə iştirak ediblər. Bu, təşkilatın dövlət başçılarının Səmərqənddə keçirilən sammitindən sonra  ilk təlimdir. “O zaman Rusiyanın "Nezavisimaya qazeta" nəşri yazırdı ki, Türkiyədə TDT dövlətlərindəki böhranlara operativ reaksiya verə bilən hərbi strukturun - Birgə Türk Qüvvələrinin yaradılması ilə bağlı müzakirələr başlayıb.

İlham İsmayıl: “Düşmən bizim real addımlarımızı hiss etməlidir”

 İlham İsmayıl 

Təhlükəsizlik mövzusu üzrə ekspert İlham İsmayıl “Yeni Müsavat”a qeyd etdi ki, bəzi məsələlərdə ümumiləşdirilmiş mərkəzlər yaradılıb. Onun fikrincə, söhbət daha çox mədəniyyət, iqtisadiyyatla bağlı sahələrdir: “Gələcəkdə təhlükəsizliklə də bağlı ola bilər. İndi birmənalı qərar vermək olmaz. Çünki üzv ölkələrin təhlükəsizliyi KTMT-də qorunur. İndi nə dərəcədə qorunur, ayrı məsələdir. Amma təhlükəsizlik şuralarının yaradılması üçün ilkin addımlar atıla bilər. Belə desək, Turanın hərbi sisteminin yaranması mümkündür. Təxminən NATO kimi bir sistem yaradılmasından söhbət gedir”. İ.İsmayıl hesab edir ki, bu məsələnin Rusiyada qısqanclıq yaradacağı mütləqdir: “Rusiya təhlükəsizliyi öz qanadı altında görür. Çünki Türk Dövlətləri Təşkilatında iqtisadiyyat, mədəniyyət mərkəzlərinin yaranmasına göz yuma bilər, amma mövzu hərbi, təhlükəsizlikdən gedəndə Kreml buna isti yanaşmaz. Ancaq hər şey gedişatdan, Çin-Rusiya əlaqələrindən asılıdır”.

Qalib orduda neqativ hallar

Alp Arslan İmamqulu

Təhlükəsizlik eksperti Alp Arslan İmamqulu isə “Yeni Müsavat”a bildirdi ki, TDT-nin Təhlükəsizlik Şurasının yaradılması ilə gələcəkdə güc strukturunun formalaşdırılması mümkün ola bilər. Onun sözlərinə görə, bu məsələ cavabdeh şəxslər arasında razılaşdırılmalıdır: “Necə ki, NATO var, Türk Dövlətləri Təşkilatının da güc strukturunun yaradılmasına zərurət var. Azərbaycanla Türkiyə arasındakı Şuşa Bəyannaməsində bu məsələ qeyd olunub. Qalır digər türk dövlətlərinin də iştirakı, bu da ola bilər. O ki qaldı KTMT-də təmsil olunan türkdilli ölkələrə, onların heç bir iştirak məhdudiyyəti yoxdur. Sadəcə, Türk Dövlətləri Təşkilatında fəaliyyət sferası artdıqca, onların KTMT-dən daha çox bu blokda nizamnaməyə uyğun təmsilçiliyi genişlənə bilər".

Qeyd edək ki, TDT 3 oktyabr 2009-cu ildə Naxçıvanda imzalanan “Naxçıvan” müqaviləsi ilə Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan arasında qurulmuş olan beynəlxalq təşkilatdır. Özbəkistan 30 aprel 2018-ci ildə qatılma niyyətinin olduğunu açıqlayıb, 14 sentyabr 2019-cu ildə də Türk Şurasına üzv olub. Bu əməkdaşlıq şurasının qurulması fikri ilk dəfə 2006-cı ildə Qazaxıstan prezidenti Nursultan Nazarbayev tərəfindən təklif edilib. 24 may 2019-cu ildə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın təklifi və şura üzvlərinin razılığı ilə Nursultan Nazarbayev Türk Şurasının ömürlük fəxri rəhbəri ünvanını alıb. 2018-ci ilin sonlarından bu yana Macarıstan müşahidəçi dövlətdir və yaxın zamanda Türk Şurasına tam üzvlüyə qəbul edilməsi gözlənilir.

Emil SALAMOĞLU
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR