İnsanlara hürriyət, millətlərə istiqlal!

Turizm reytinqində 56-cı yerimiz - nə pis, nə yaxşı...

870 22.06.2024 08:12 Ölkə A A

Ekspert: “Quru sərhədlər açılmırsa, bölgələrə ucuz qiymətə aviareyslər təşkil edilsin...” 

Dünya İqtisadi Forumu səyahət və turizmin inkişafı üzrə reytinq yayıb. 119 ölkəni əhatə edən reytinq mühit əlverişliliyi, infrastruktur, xidmətlər, turizm siyasəti, dayanıqlığı kimi meyarlara əsaslanır.

ABŞ-ın başçılıq etdiyi siyahıda Azərbaycan 56-cı yerdə göstərilir. Novator.az-ın məlumatına görə, Türkiyə 29-cu, Estoniya 36-cı, Litva 44-cü, Gürcüstan 45-ci, Qazaxıstan 52-ci, Latviya 65-ci, Ermənistan 72-ci, İran 73-cü, Özbəkistan 78-ci, Moldova 88-ci, Tacikistan 99-cu, Qırğızıstan 102-ci pillədə yer alır. 

2024-cü ilin yanvar-may aylarında Azərbaycana dünyanın 179 ölkəsindən 965,6 min turist gəlib. 

Dövlət Statistika Komitəsi xəbər verir ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 35,4 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. 

Gələnlərin 28,8 faizi Rusiya Federasiyası, 18,2 faizi Türkiyə, 9,4 faizi Hindistan, 9,3 faizi İran, 4,3 faizi Gürcüstan, 3,0 faizi Qazaxıstan, 2,5 faizi Səudiyyə Ərəbistanı, 2,4 faizi Pakistan, hər birindən 1,7 faiz olmaqla Özbəkistan və Birləşmiş Ərəb Əmirlikləri, 1,4 faizi Ukrayna, hər birindən 1,3 faiz olmaqla Türkmənistan, Çin və Küveyt, 1,2 faizi Belarus, 12,2 faizi digər ölkələrin vətəndaşları olub. Ötən ilin eyni dövrü ilə müqayisədə Çindən gələnlərin sayı 2,8 dəfə, Hindistandan - 2,6 dəfə, Türkmənistandan - 42,6 faiz, Pakistandan - 42,4 faiz, İtaliyadan - 42,4 faiz, Küveytdən - 41,2 faiz, Yəməndən - 39,7 faiz, İordaniyadan - 36,0 faiz, Misirdən - 33,5 faiz, Polşadan - 33,4 faiz, Almaniyadan - 25,2 faiz, Ukraynadan - 23,3 faiz, Türkiyədən - 23,1 faiz, Özbəkistandan - 23,0 faiz, Rusiya Federasiyasından - 20,3 faiz, ABŞ-dan - 19,5 faiz, Fransadan - 15,9 faiz, Gürcüstandan - 12,4 faiz, Birləşmiş Ərəb Əmirliklərindən - 12,0 faiz artıb. 

2023-cü ilin yanvar-may ayları ilə müqayisədə körfəz ölkələrindən gələnlərin sayı 1,5 dəfə artaraq 156,3 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 31,1 faiz artaraq 37,9 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 24,0 faiz artaraq 367,8 min nəfər olub. 

Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 71,5 faizi hava, 27,1 faizi dəmir yolu və avtomobil, 1,4 faizi isə dəniz nəqliyyatından istifadə edib. 

Yeri gəlmişkən, 2023-2032-ci illər arasında dünya üzrə səyahət və turizm sahəsində ÜDM-in ildə orta hesabla 5,8 faiz artacağı və ümumi iqtisadiyyatın ildə gözlənilən 2,7 faiz artımını üstələyəcəyi proqnozlaşdırılır. Turizm sahəsinin inkişafı ölkələrə həm iqtisadi, həm də sosial baxımdan bir çox üstünlüklər qazandırır. Bəs Azərbaycanın dünyanın turizm sektorunda payı nə qədər olacaq? Nəzərə alsaq ki, Azərbaycanda 4 ildir quru sərhədlər bağlıdır. Ekspertlərə görə, bu amilin turizm sektoruna mənfi təsirləri danılmazdır. Bununla belə, “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”na uyğun olaraq, bu sektorun davamlı inkişafını təmin etmək üçün strateji, institusional və maliyyələşmə mexanizmlərinin gücləndirilməsi nəzərdə tutulub. Sənədin icrası çərçivəsində daxili və gəlmə turizminin qeyri-mövsüm dövründə təşviqi əsas olmaqla ölkə və beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsi, turizm potensialının genişləndirilməsi üçün marketinq və kommunikasiya planının icrası, hədəf turizm bazarları ilə nəqliyyat-kommunikasiya əlaqələrinin şaxələndirilməsi və təkmilləşdirilməsi kimi bir çox tədbirlər həyata keçiriləcək. 

Eldəniz Əmirov: Dayanıqlı iqtisadiyyata nail olmaq üçün yaşıl enerjinin  tətbiqi böyük əhəmiyyət daşıyır - AZƏRTAC

Eldəniz Əmirov

Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan iqtisadçı-ekspert Eldəniz Əmirov deyib ki, Dünya İqtisadi Forumunun reytinqində ölkəmizin 56-cı yerdə qərarlaşması ortadan daha yuxarı səviyyəyə yer alması deməkdir: “Nəzərə alsaq ki, siyahıda 119 ölkə var, bu rəqəm aşağı deyil. Eyni zamanda, Türkiyənin 29-cu, Gürcüstanın 45-ci yerdə  mövqelərinə baxanda bizim 56-cı yerdə olmağımız mövcud vəziyyətin mütənasib göstəricisi kimi qiymətləndirilə bilər. Buna şübhə etmək qeyri peşəkarlıq olardı. Ona görə də bu reytinq göstəricisinə şübhə ilə yanaşa bilmərəm. Amma nəzərə alsaq ki, Azərbaycanda quru sərhədlər bağlıdır, açıq olardısa, bu göstəricilər daha yüksək səviyyədə olardı. Gürcüstan Azərbaycanla müqayisədə turizmdə inkişaf etmiş ölkədir. Onun üzərinə quru sərhədlərin açıq olması və ev təsərrüfatlarının turizmdə iştirakı nəticədə Gürcüstan turizmini Azərbaycandan fərqləndirən daha bir faktordur. Ümumiyyətlə, fakt onu göstərir ki, nə qədər ev təsərrüfatları ölkə turizmində çox iştirak edərsə, ölkənin turizm sektoru bir o qədər inkişaf edər. Azərbaycanda da ev təsərrüfatlarının turizmdə iştirak etməsi üçün ya quru sərhədlər açılmalıdır, ya da paytaxtdan bölgələrə ucuz qiymətə aviareyslər olmalıdır. Paytaxta təyyarə ilə düşən turist ucuz qiymətə, qısa müddətə bölgələrə gedə bilsin. Bölgələrdə hava limanlarının yetəri yerdə olmaması və məsafənin uzun olması, komfortlu gediş-gəlişin olmaması nəticədə ölkəmizə səyahət etmiş turistlərin 80-83 faizə qədərinin məhz Bakıda qalması ilə nəticələnir. Yaxud da quru sərhədlərin açılması strateji cəhətdən uyğun hesab edilmirsə, o zaman hava limanlarının infrastrukturunun yaradılması və ucuz qiymətə aviareyslərin təşkil edilməsi Azərbaycanın turizm sektorunda daha yüksək nəticə əldə olunmasına imkan verə bilər”. 

Yeri gəlmişkən, BMT-nin Ümumdünya Turizm Təşkilatı hansı ölkələrin turizmə ən çox pul xərclədiyini, hansıların bu sahədə ən çox gəlir əldə etdiyini və ötən il ən çox ziyarət edilən istiqamətlərin hansı olduğunu müəyyən edib. 2023-cü ildə turizmdən daha çox gəlir əldə edən ölkələr sırasında 164 milyard avro qazanan ABŞ olub. Onun ardınca 86 milyard avro qazanan İspaniya, 69 milyard avro ilə Böyük Britaniya, Fransa (64 milyard avro) və İtaliya (52 milyard avro) gəlir. BƏƏ, Türkiyə, Avstraliya, Kanada, Yaponiya, Almaniya, birlikdə, Makao (Çin), Hindistan və Meksika turizmindən ən çox gəlir əldə edən 15 ölkələr sırasındadır. Turistlərin ziyarət etdiyi ölkələr isə ötən il xarici səyahətçilərin sayına görə iki Avropa ölkəsi birinci yeri tutub. Fransa 100 milyon xarici turistlə dünyanın ən çox ziyarət edilən ölkəsi olaraq qalır. İkinci yerdə 85 milyonla İspaniya qərarlaşıb. Hər iki ölkə ABŞ (66 milyon), İtaliya (57 milyon) və Türkiyəni (55 milyon) qabaqlayır. Ümumilikdə, ən çox ziyarət edilən on yerdən yeddisi Almaniya və Avstriya da daxil olmaqla Avropadadır. Çin isə uzun illərdir ki, ən populyar istiqamətlərdən biri olaraq qalır, lakin COVID-19 epidemiyasından sonra ciddi giriş tələbləri tətbiq edildikdən sonra ziyarətçilərin sayı kəskin şəkildə azalıb - 2019-cu ildəki 65,7 milyondan 2023-cü ildə 35,5 milyona qədər. 

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR