ABŞ Prezidenti Donald Tramp Tehranla əldə olunmuş yeni sülh razılaşması ətrafında yaranan kəskin müzakirələrə münasibət bildirərək, tənqidçilərə olduqca sərt cavab verib.
Musavat.com xəbər verir ki, "The New York Post" nəşrinə verdiyi müsahibədə Ağ Ev rəhbəri bu sazişin qlobal iqtisadiyyatı böyük bir fəlakətdən xilas etdiyini bəyan edib.
Tramp sazişin əleyhinə çıxanları kəskin dillə tənqid edərək, bu addımın atılmasının qaçılmaz olduğunu vurğulayıb: "Bu razılaşmanın alternativi qlobal depressiya (böyük iqtisadi böhran) olardı. Axmaq adamlar qlobal depressiyanın yaşanmasını istəyirlər. Onlar həqiqətən axmaq insanlardır. Əgər bu addımı atmasaydıq, ilk növbədə strateji Hörmüz boğazı heç vaxt açılmayacaqdı".
Prezident bununla da boğazın qapalı qalmasının dünya neft bazarlarını və qlobal ticarəti tamamilə iflic edəcəyinə diqqət çəkib.
Müsahibə zamanı jurnalistin "Saziş çərçivəsində İranın yenidən qurulması üçün 300 milyard dollarlıq xüsusi fondun yaradıldığı barədə məlumatlar var, bu doğrudurmu?" sualına cavab verən Tramp, yayılan xəbərləri qətiyyətlə təkzib edib və bu iddiaları "yalan xəbər" adlandırıb:
"Xeyr, bu tamamilə yalandır. Biz ora heç bir investisiya yatırmırıq. Digər insanlar, şirkətlər ora pul qoymağa qərar verə bilərlər, lakin bu, artıq onların öz işidir. Siz məndən o ölkəyə heç kimin investisiya qoymamasını tələb etmək bəyanatı verməyimi istəyirsiniz?"
Tramp ABŞ-ın dövlət büdcəsindən İrana heç bir birbaşa maliyyə vəsaitinin ayrılmayacağını, fondun yalnız sanksiyaların götürülməsindən sonra beynəlxalq özəl investisiyalar hesabına formalaşa biləcəyini vurğulayıb.
Musavat.com






