Ermənistan hökuməti TRIPP layihəsi ilə bağlı ABŞ tərəfi ilə müzakirələri davam etdirir.
Musavat.com-un məlumatına görə, bu barədə brifinqdə Ermənistan hökumət aparatının rəhbəri Arayik Arutyunyan deyib.
Onun sözlərinə görə, bir neçə gün əvvəl layihənin gedişi ilə yenidən maraqlanıb və hazırda həm erməni tərəfi, həm də ABŞ birgə iş aparır. Lakin o, layihənin konkret icra müddətləri ilə bağlı dəqiq məlumat verə bilməyəcəyini bildirib.

Arutyunyan xatırladıb ki, daha əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan qeyd etmişdi ki, hərbi toqquşmalarda iştirak edən ölkələr üçün təhlükəsizlik gündəliyi prioritet təşkil edir. Bununla belə, bu hal digər istiqamətlər üzrə işlərin dayandırılması anlamına gəlmir.
Qeyd edək ki, TRIPP (Trump Route for International Peace and Prosperity — “Beynəlxalq sülh və rifah üçün Tramp marşrutu”) və ya Zəngəzur dəhlizi layihəsi Ermənistanın cənubunda – Sünik (Qərbi Zəngəzur - red ) bölgəsindən keçən strateji tranzit dəhlizinin yaradılmasını nəzərdə tutur.
İnfrastruktur paketinə dəmir yolu, avtomobil yolu, neft və qaz kəmərləri, eləcə də optik lif xətlərinin çəkilməsi daxildir. Tikinti və idarəetmə işlərini ABŞ şirkəti həyata keçirəcək.
Razılaşmaya görə, ABŞ tərəfi layihənin icrası üçün 99 ilədək eksklüziv hüquqlar əldə edir. Eyni zamanda, bəzi seqmentlərin beynəlxalq konsorsiuma subicarəyə verilməsi mümkündür. Həmin konsorsium infrastrukturun inkişafı və təhlükəsiz istismarına cavabdeh olacaq.
E.Məmmədəliyev,
Musavat.com






