İnsanlara hürriyət, millətlərə istiqlal!

Torpağın dəyəri

1429 31.01.2023 11:10 Yazarlar A A

Uca şeyximiz Allahşükür müəllim İrandakı proseslərə öz qiymətini vermişdir, mənim fikrim belədir ki, bununla İranın fatihəsi oxunmuşdur. Sitat: “İranda 40 milyona yaxın azərbaycanlı yaşayır. Onlar bu gün fars rejiminin əlində əsirdirlər. İnanıram ki, həqiqət gələcəkdə öz yerini tapacaq. Bu gün biz İrandan şəhid aldıq. Hansı ki, onu qardaş hesab edirdik. Biz indi bilirik ki, onlar bizim yox, Ermənistanın qardaşıdır. Prezident İlham Əliyev dediyi kimi baş verənlər terror aktıdır. Məsələ dəqiqliyinə kimi incələnməli və dünya həqiqətin nə olduğunu bilməlidir”. Sitatın sonu.

Bəs mən niyə bunu İranın sonu, oradakı molla rejiminin viran qalacağı əlaməti sayıram? Çünki uca şeyximiz həyatı boyunca boş söz danışmayıbdır. Həmişə az danışıb, lakin saz danışıb. Onda ilahidən gələn bir vergi, öncəgörmə qabiliyyəti vardır. Məsələn, 1990-cı ilin 20 yanvar hadisələrindən sonra şeyx Qorbaçovu lənətlədi, SSRİ-nin axırının çatdığını bəyan etdi. Biz də buna şahid olduq. Şeyxin kontingentinin, dini təbəələrinin üzərində, elə şeyxin özünə də İranın həmişə məlum səbəblərdən böyük təsiri olmuşdur. Kobud yazsam, bir şiə üçün İranı pisləmək hardasa oturduğun budağı doğramaq tipli hərəkət sayılmışdır. Ancaq görün vəziyyət hara çatıb ki, şeyx İranı açıq-aşkar terrorçu adlandırır. Bu elə durumdur ki, bunda geriyə dönüş yoxdur.

Geriyə dönüş demişkən, keçid alıram başqa mövzuya. Bu mövzunu rabitə nazirinin keçmiş aparat rəhbəri Vidadi müəllim ortaya atıb. MTN generalları tutulanda ona da 10-15 il həbs vermişdilər, əfvə düşdü. İndi isə Vidadi müəllim ümumrespublika trendinə uyaraq müsadirə edilən mal-mülkünü geri istəyir. Məhkəmədə iddia qaldırıblar. Mülklərin qiyməti isə, əşşi, heç zad, xırda bir şeydir. O qədər azdır, adam yazmağa ərinir. Nəsə, ta xahiş edirsinizsə yazıram: 45 milyon manat. Semiçka, şirniquş pulu. Vasif müəllimin Naxçıvan büdcəsindən hər il əkişdirdiyinin onda biri qədər. Vidadi müəllimin ümumilikdə bu dəyərdə torpaq, ev, villa və sairə əmlakı dövlət hesabına keçmişdi. İndi deyir dövlət mülkləri geri qaytarsın, çünki onların korrupsiyaya dəxli yoxdur, hamısı halal yolla alınıbdır.

Əlbəttə. Kimin şübhəsi var? Lazım gəlsə şeyxdən onların halal olması barədə sertifikat almaq olar. Ancaq Vidadi müəllim mülklərin əslində çox ucuz olmasını, guya hökumətin, istintaqın qəsdən qiyməti şişirtdiyi söyləyir və burada bir-iki xırda səhvə yol verir.

Sitat: “Gedin İsmayıllıda baxın, cəmi 12 belə torpaq var, üst-üstə yığanda cəmi 3 hektar yarım torpaqdır. Bunlar həmin torpaqları 700 neçə min manata yazıblar. İsmayıllıda ən yaxşı yerdə torpağın hektarı 5 min manatdır. Gedib yazıblar da, qiyməti şişirdiblər, şou yaradıblar”. Sitatın sonu.

Mən maraq üçün makler, torpaq alqı-satqısı saytlarında baxdım, İsmayıllıda torpağın sotu ən aşağısı 2500 manatdır. 3500, 4000 olan da vardı. Yerindən asılı olaraq orta qiymət sotu 3000 manat ətrafındadır. 1 hektar 100 sotdur. Deməli Vidadi müəllimin İsmayıllıda müsadirə edilən torpağı 350 sot imiş. Bunu da 3 min manata vuranda 1 milyon manatdan çox edir. Deməli hətta istintaq Vidadi müəllimin əmlakını aşağı qiymətləndirib, nəinki onun iddia etdiyi kimi “şişirdiblər”. Hektarı 5 min manat... Yox, bir, armud cecəyi...

Ancaq bu simvolik qiymətləndirmədir. Bu məmurlar qamarlayanda vətən torpağını acgözlüklə tuturlar, əllərindən alınanda isə pişik mövqeyinə keçirlər: “əşşi, murdar ətdir də”.

Yəqin tezliklə bunun da mülklərini geri verərlər. Akif Çovdarovdan əskik deyil ki? 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR