İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvandakı rus səfir Zəngəzurla bağlı elə AÇIQLAMALAR verdi ki... - SENSASİON DETALLAR

1569 24.07.2024 09:18 Siyasət A A

 

Sergey Kopırkin “oriyentir”i itirib; rəsmi Moskva üçün vacib layihəyə qarşı çıxışın pərdəarxası; Bakıdan ilginc reaksiyalar

Zəngəzur dəhlizi ətrafında siyasi intriqa bitmir. Bu dəfə Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin qəribə, bir qədər də ikibaşlı açıqlaması ilə diqqət çəkib. 

“Yeni Müsavat”ın məlumatına görə, ötən həftəsonu “Sputnik Ermənistan”a danışan diplomat öncə ermənicə “Sünik” adlandırdığı Qərbi Zəngəzurda (Qafanda) Rusiya konsulluğunun yaxınlarda açılmasının mümkünlüyündən söz açıb. Qafanda tərəflərin bu məsələdə əhəmiyyətli irəliləyiş əldə etdiklərini və konsulluğun nota mübadiləsi aparılmadan sadələşdirilmiş sxem üzrə açılacağını söyləyib. Onun sözlərinə görə, “Sünik” bölgəsi Ermənistan və Avrasiya İttifaqının İranla ticarəti üçün “qapı”dır: “Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin bir hissəsi buradan keçir ki, bu da respublika üçün böyük əhəmiyyət kəsb edir. Bildiyiniz kimi, Rusiya tərəfi bu magistralın tikintisinə yardım edir”. 

Davamında isə diplomat bildirib ki, "iddiaların əksinə olaraq, Zəngəzur dəhlizi" Rusiyanın gündəmində deyil, - hansını ki, Qərbdə Moskvanın ayağına yazmaq istəyirlər". Səfir əlavə edib ki, Cənubi Qafqazda nəqliyyat və iqtisadi əlaqələrin blokadadan çıxarılması ilə Rusiya, Azərbaycan və Ermənistan baş nazir müavinlərinin rəhbərlik etdiyi üçtərəfli işçi qrupu məşğul olur. 

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən imzalanmış 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatda Azərbaycandan Azərbaycana (Naxçıvana) maneəsiz keçidi nəzərdə tutan Zəngəzur dəhlizi haqqında konkret müddəa var - 9-cu bənd. Belə çıxır ki, səfir Putinin imzasını ciddiyə almır? 

İnandırıcı deyil, təbii ki. Sadəcə, ötən illər ərzində Rusiyanın İrəvandakı səfiri o qədər ermənilərin mövqeyindən çıxış edib ki, sanki “oriyentir”i itirib. Ermənistan “sülh kəsişməsi” adı altında manipulyasiya edir. Eyni zamanda İranın və Fransanın diktəsi ilə Zəngəzur dəhlizini əngəlləməyə çalışır. Ancaq unudur ki, Zəngəzur dəhlizi həm də onun özünü xilas layihəsidir, bunu bir müddət öncə Türkiyə lideri də İrəvana mesaj olaraq bildirmişdi. 

Amma səfir doğrudanmı özbaşına danışır, bu da maraqlıdır və mübahisəli məsələdir. Bu da var ki, 2020-ci ilin üçtərəfli bəyanatının sonuncu bəndinin icrası daha çox Rusiyaya lazımdır. Səfirin dedikləri isə fərqli situasiya yaradır. Rusiyaya Qərbin sərt sanksiyaları fonunda Zəngəzur dəhlizi gerçəkdənmi gərək deyil, yaxud gərəkdirsə, hansı şərtlər daxilində? Səfir Bakıya nəyin ismarışını verir? Ekspertlərin mövzu ilə bağlı maraqlı şərhləri var.

Sahib Məmmədov: "Terrora çağırış edənlərə qarşı cinayət işi açılmalıdır"

Sahib Məmmədov

Sosial Tədqiqatlar Mərkəzinin icraçı direktoru Sahib Məmmədov “Yeni Müsavat”a açıqlamasında öncə bildirdi ki, Ermənistan kiçik bir dövlətdir, bu başından o biri başına bir neçə saata getmək olur: “Bu halda həmin ölkədə paytaxtdan kənar ərazidə hansısa dövlətin konsulluq açması konsul xidməti göstərməkdən daha çox siyasi məqsəd daşıyır. İrandan sonra Rusiyanın həmin ərazidə konsulluq açması da yəqin daha çox siyasi məqsəd daşıyır. Amma həmin ərazidə başqa dövlətlərin konsulluq açması Zəngəzur dəhlizinin işə salınmasına birbaşa mənfi, yaxud müsbət təsir göstərmir. Zəngəzur dəhlizi heç Ermənistanın özünə və digər dövlətlərə Ermənistan ərazisi üzərindən İranla kommunikasiya əlaqlərini qurmağa və inkişaf etdirməyə də mane olmur. Adı bir yol ötürücüsü tikməklə problem həll olunur. Dəfələrlə qeyd etdiyimiz kimi, Zəngəzur dəhlizindən keçəcək dəmiryol və avtomobil yolunun yerləşdiyi ərazi üzərində eksterritorial yurisdiksiya olmayacaq. Bu ərazilər Ermənistanın suveren əraziləridir. Sadəcə, həmin yoldan keçən Azərbaycan yükləri, nəqliyyat vasitələri və sərnişinlərin yoxlanılması olmayacaq. Yolların mülkiyyətçisinin, yaxud operatorunun da hansı dövlət olacağı o qədər əhəmiyyətli deyil. Əsas odur ki, təhlükəsizlik təmin olunsun". 

S.Məmmədov qeyd etdi ki, Rusiya danışıqlarda vasitəçi olarkən sülh proseslərinin tərkib hissəsi olaraq Zəngəzur dəhlizi məsələsinə də diqqət yönəltməli olurdu: “Amma indi Ermənistan Rusiyanın proseslərdə tərəf olmasında maraqlı deyil. Rusiyanın Ermənistana davam etməkdə olan münasibəti fonunda Ermənistan demarşlarını davam etdirməkdədir və artıq Avropa İttifaqı ilə vizasız gediş-gəliş üçün proseslərə başlayıb. Ermənistan Gürcüstanın illər əvvəl yeritdiyi xarici siyasəti təkrarlayır bir növ. Amma Rusiya da yaxşı bilir ki, Ermənistan tutduğu xarici siyasət kursunu uzun müddət davam etdirə bilməyəcək. Ermənistanın bir gün üzünü Avropadan və Qərbdən çevirəcəyi də istisna olunmur. 

Hazırda Rusiya üçün Zəngəzur dəhlizi məsələsi o qədər də böyük önəm kəsb etməyə bilər. Səfirin də qeyd etdiyi kimi, bu məsələ üçün yaradılmış işçi qrup var. Amma hazırda onun da fəaliyyəti gözə dəymir. Hazırda Rusiyanın marağında olan Ermənistanla əlaqələrinin daha da soyumamasıdır. Ola bilər Azərbaycan Prezidentinin son dərəcə uğurlu səfəri də bəzi dairələrin xoşuna gəlməyib. 

Bir sözlə, Zəngəzur dəhlizi məsələsində də digər məsələlərdə olduğu kimi, Ermənistan gözləmə mövqeyini davam etdirir. Ermənistan sülh müqaviləsi bağlamaq istəmir və nəyi isə gözləyir və ya nəyə isə hələ də ümid etməkdədir".

Politoloq Tural İsmayılov isə bildirdi ki, biz Zəngəzur dəhlizini zorla açmaq niyyətində deyilik:

24jpg_16841363391687534982168856.jpg (56 KB)

“Baxmayaraq ki, Ermənistan Azərbaycanı Zəngəzur dəhlizi ilə bağlı hərbi aqressivlik və hərbi ritorika göstərməyə çalışmaqda ittiham etməyə davam edir. Sülh müqaviləsi imzalanmadan kommunikasiyaların açılması realdır. Lakin bu gün Zəngəzur dəhlizi layihəsinin əleyhinə çıxan təkcə Ermənistan deyil. Prosesin arxasında daha böyük güc faktorları var. Onlar Türk dünyasını gücləndirəcək, bölgəni ayağa qaldıracaq layihəni başqa formada şərh edərək Zəngəzur dəhlizinin açılmasını əngəlləyirlər”. 

T.İsmayılova görə, Azərbaycan Mehri üzərindən Naxçıvana quru keçidlə bağlı öz ritorikasını və siyasətini davam etdirəcək: “Amma biz hansısa güc yolu ilə, yaxud digər vasitələrdən istifadə edərək Zəngəzur dəhlizini zorla açmaq niyyətində deyilik. İstənilən halda hesab edirəm ki, Azərbaycanın bu məsələdə mövqeyi sabitdir. Sülh şəraitində, iki ölkənin anlaşması şəraitində bu dəhlizin açılmağını istəyirik. Ancaq faktiki olaraq Ermənistanın və Ermənistanın Qərbdəki havdarlarının indiki tormozlayıcı mövqeyi yaxın zamanda dəhlizin açılma imkanlarını sual altına alıb. 

Bütün hallarda Azərbaycan dayanmır. Və alternativ yolların üzərində ciddi şəkildə işlər gedir. Rusiya səfiri Kopırkin ola bilsin ki, Ermənistanda güclənən anti-Rusiya əhval-ruhiyyəsini dağıtmaq üçün müəyyən açıqlamalar verir. Rusiyanın Zəngəzur dəhlizinin təhlükəsizliyinə cavabdehlik daşıması da 10 noyabr bəyanatında əks olunub. Bu gün Ermənistanın sürətlə Rusiyadan uzaqlaşması fonunda rus səfirin açıqlamaları erməni ictimai rəyinə təsir məqsədi də daşıya bilər".

Ölkəmiz Kremlin istədiyi kimi bu ölkədən silah almayacaq-Məhəmməd  Əsədullazadə

Məhəmməd Əsədullazadə

Politoloq Məhəmməd Əsədullazadə dedi ki, Ermənistanda Rusiyanın səfiri Kopırkin daima anti-Azərbaycan ritorikasına üstünlük verib: “Zəngəzur dəhlizi Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 10 noyabr birgə bəyannaməsinə uyğun olaraq razılaşdırılıb. Məhz Rusiya israr edir ki, dəhliz açılsın və Federal Təhlükəsizlik Xidməti burada yerləşsin. İndiyə qədər də məhz Ermənistan Rusiya amilinə görə dəhlizin açılmasını ləngidir. Əldə edilmiş razılığın üstündən xətt çəkməklə, bir növ Qərbin maraqlarına uyğun açıqlama verib. Yəni Rusiya burada maraqlı deyil, Qərb dəhlizin açılmasını Rusiyaya bağlayır. 

Təbii ki, səfirə Rusiya XİN xəbərdarlıq etməlidir. Əgər Rusiya bu dəhlizdən imtina edirsə, bunu açıq formada rəsmi şəkildə bildirməlidir. Hazırda ABŞ dəhlizin açılmasına maraqlıdır. Türkiyə də bu məsələdə israr edir. Hətta Ermənistanı dəhlizi açmağa çağırır. Qərb Rusiyanın burada iştirakını qəbul etmir. Qeyd edim ki, Türkiyə və Rusiya dəhlizin açılmasında maraqlıdır. İkitərəfli dəmir yolu əlaqəsi yaranır". 

M.Əsədullazadə əlavə etdi ki, Zəngəzurda Rusiya konsulluğunun açılması sual altındadır: “Ermənistan buna qarşıdır. Rusiya həmçinin yaxşı bilir ki, Ermənistan üzərindən dəmir yolu xəttinin Zəngəzurdan çəkilməsi də uzaq perspektivdədir. Yəni hazır Şimal Cənub nəqliyyat dəhlizi var Azərbaycan üzərindən. Səfirin dedikləri Rusiyanın Zəngəzur dəhlizi və regiondan imtinasına əsaslanır. Əgər belədirsə, demək, Rusiya Ermənistandan çıxır və geopolitik maraqlarından əl çəkir”.

Yazı çapa hazırlanarkən Rusiyanın erməni şirkətlərinə sanksiya qərarı ilə bağlı xəbər yayıldı. Belə ki, Rusiyanın “Rosselxoznadzor” qurumu 16 erməni şirkətinə Rusiya bazarına meyvə-tərəvəz ixracına qadağa qoyub.

Modern.az xəbər verir ki, bu barədə Ermənistan Qida Təhlükəsizliyi Müfəttişliyinin məlumatında bildirilib.

Məlum olub ki, qərar iyulun 15-dən qüvvəyə minib. Xatırladaq ki, iyulun 17-də Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti Federal Xidməti (“Rosselxoznadzor”) Ermənistandan Rusiyaya ixrac edilən meyvə-tərəvəzin aprel-iyun partiyalarında pozuntular qeydə aldığını bildirmişdi.

Rusiya tərəfinin bildirdiyinə görə, onlar bir ay əvvəl problemlə bağlı məlumat veriblər. Ermənistanın Qida Təhlükəsizliyi Müfəttişliyi isə belə bir məktubu iyulun 17-də, yəni qadağanın tətbiqindən 2 gün sonra aldığını qeyd edir. Yükləri problemli olan təsərrüfat subyektlərinə dərhal məlumat verilib və onlar nəzarət tədbirlərinə, xüsusən də Ermənistan-Rusiya strukturları arasında danışıqlara başlayıblar. 

Hər halda, maraqlı gedişatdır. Rus səfir Ermənistanın xilas layihəsinə qarşı çıxır. Digər tərəfdən, erməni şirkətlərinə sanksiya tətbiq edilir. Qərbə “inteqrasiya” Ermənistana Rusiya basqılarını artırır.

E.PAŞASOY,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR