İnsanlara hürriyət, millətlərə istiqlal!

Tokayevin səfəri, dostluğun zəfəri - qazax lider ölkəmizə “Qızıl qartal”la gəlib

1219 25.08.2022 19:50 Analitika A A

Yaxşı münasibətləri olan dövlət başçılarının bir-birini yüksək dövlət mükafatlarıyla, orden və medallarla təltif etməsi köhnə ənənələrdəndir. Ancaq elə mötəbər ordenlər var ki, onlarla çox az, barmaqla sayılacaq şəxslər təltif olunurlar.

“Qızıl qartal” daha kimlərin sinəsinə “qonub”?

Avqustun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstanın ali ordeni ilə təltif edilib. “Altın kıran” - “Qızıl qartal” ordenini Azərbaycan rəhbərinə Qazaxıstan Respublikasının ölkəmizdə rəsmi səfərdə olan prezidenti Kasım-Comart Tokayev təqdim edib. Bu, iki xalq arasında dostluq və qardaşlığın təsdiqi olmaqla yanaşı, Prezident İlham Əliyevin Azərbaycan-Qazaxıstan münasibətlərinin möhkəmlənməsi yolunda gördüyü işlərə verilən yüksək qiymətdir.

55.jpg (84 KB)

“Qızıl qartal” ordeni 1995-ci ildə təsis edilib. İndiyədək bu ordenlə 19 nəfər, son 27 ildə dünya siyasətində boy göstərən, siyasətə damğa vuran şəxslər təltif olunub. “Qızıl qartal” ordeninin kavalerləri sırasında Rusiyanın eks-prezidenti prezidenti Boris Yeltsin, Böyük Britaniya kraliçası II Yelizaveta, Ukraynanın sabiq prezidenti Leonid Kuçma , Rusiyanın hazırkı prezidenti Vladimir Putin, Misirin eks-prezidenti Hüsnü Mübarək, Yaponiya imperatoru Akixito, Almaniyanın sabiq federal kansleri Gerhard Şröder, Fransanın eks-prezidenti Nikolya Sarkozi, Türkiyənin keçmiş və hazırkı prezidentləri Abdulla Gül və Rəcəb Tayyib Ərdoğan, İspaniya kralı Xuan Karlos və başqaları var.

İndiyədək bu ordenlə Qazaxıstanla dostluq-müttəfiqlik münasibətlərində olan siyasi xadimlər təltif olunub. Tokayevin Əliyevi bu ali ordenlə təltif etməsi Azərbaycan və Qazaxıstanın müttəfiqliyinin nəticəsi, hər iki dövlətin bütün məsələlər üzrə eyni mövqeyi nümayiş etdirməsinin göstəricisidir. Qazaxıstan və Azərbaycan istər sovet dövründə, istərsə də müstəqillik dönəmində etnik kökəncə və iqtisadi əlaqələr etibarilə bir-birinə yaxın olublar, hazırda da strateji tərəfdaş və müttəfiqdirlər. Dostluğun, qardaşlığın yüksələn xətt üzrə tərəqqi edəcəyi heç bir tərəfdə şübhə doğurmur.

Qazax qardaşlardan Füzuli sakinlərinə hədiyyə

654.jpg (89 KB)

Bu münasibətlərin sınaqdan keçirilməsi və möhkəmlənməsi üçün zəmin və müstəvilər də var. Qazaxıstan erməni işğalından azad olunmuş Qarabağın yenidən qurulmasında iştiraka həvəslə razıdır. Bu ölkənin işğaldan azad edilmiş ərazilərdə tikiləcək Uşaqların Yaradıcılığının İnkişafı Mərkəzini ölkəmizə hədiyyə etməsi qardaşlıq münasibətinin təzahürüdür.

Məlum olduğu kimi, sözügedən mərkəz Füzuli şəhərində tikiləcək. Artıq Füzuli şəhərinin tikintisinin baş planı təsdiqlənib, bu gün-sabah yaşayış fondunun ilk tikililərinin inşası başlayır. Qazax qardaşların tikəcəyi mərkəz hazır olanda Füzulinin ilk sakinləri oraya köçürüləcək.

İki postsovet ölkəsinin bir-birinə dost “sovet”i

Həm Qazaxıstan, həm də Azərbaycan uzun müddət Rusiyanın patronajlığı altında, çar-sovet-rus imperiyasının tərkibində olublar və 31 il əvvəl müstəqillik əldə edərək, milli dövlətçilklərini inkişaf etdirməyə başlayıblar. Min ilin dövlətlərinin arasına qatılan, onların təsis etdikləri birlik və təşkilatlara üzv olan bu ölkələr zaman-zaman bir-birinin dəstəyinə ehtiyac duyublar və hazırda da
onların beynəlxalq səviyyədə əməkdaşlığı yüksələn xətt üzrə inkişaf edir. Adi bir misal: 44 günlük müharibənin gedişində və ondan sonra təcavüzkar və işğalçı Ermənistan Qazaxıstanın da üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı adlanan rus hərbi blokundan ölkəmizə qarşı istifadə etməyə çalışdı. Ancaq Qazaxıstan liderlərinin təpkisi ilə üzləşdi və bu təşəbbüs beşiyindəcə boğuldu.

Ümumiyyətlə, bu iki ölkənin əməkdaşlıq etdiyi beynəlxalq təşkilatların sayı kifayət qədər çoxdur və hər yerdə Qazaxıstan və Azərbaycan nümayəndələri sıx əməkdaşlıq edir, qarşılıqlı anlaşma, məsləhətləşmə şəraitində fəaliyyət göstərirlər.

Xəzər dənizinin o üzü, bu üzü - orta və ortaq dəhlizin özü

789.jpg (465 KB)

Həm Qazaxıstan, həm də Azərbaycan dünyanın təbii sərvətlərlə zəngin bölgələrində yerləşirlər və varlı dövlətlər sayılırlar. Qazaxıstan ərazisinə görə dünyanın 9-cu böyük dövlətidir. Bəzən obrazla deyirlər ki, bu ölkədə Mendeleyev cədvəlindəki elementlərin böyük bir çələngi mövcuddr. Azərbaycanın ərazisi kiçik olsa da, kimyəvi elementlərin bolluğu sarıdan kasadlığı yoxdur. Yetər ki, bu sərvətlərdən lazımınca və səmərəli şəkildə faydalanaq. Bundan ötrü ilk növbədə nəqliyyat-logistika infrastrukturunun inkişafı ilə bağlı böyük planlar həyata keçirilməlidir. Bu infrastrukturun yaradılması üçün həm Qazaxıstanda, həm də Azərbaycanda vaxtında tədbirlər görülüb. İki dövlətin arasındakı Xəzər dənizi artıq maneə deyil, əksinə, yüklərin qarşılıqlı daşınması üçün birbaşa və etibarlı nəqliyyat dəhlizidir. Həyata keçirilməkdə olan Orta Dəhliz layihəsi isə böyük perspektivə malikdir və bütün türk dövlətlərinin birləşdirilməsini nəzərdə tutur.

Həm siyasət, həm ticarət

Müasir dünyada dövlətlərin müttəfiqliyi quru sözlərlə, bəyannamələrlə, kommünikelərlə məhdudlaşmır. İki dövlət gerçək müttəfiqlərdirsə aralarındakı iqtisadi-ticari əlaqələr maksimuma qədər artmalıdır. Hətta yüksək səviyyədə olan iqtisadi-ticari əlaqələr müttəfiqliyin, dostluğun ən bariz göstəricisi sayılır. Bütün dövlətlər ən yaxın müttəfiqləri ilə ən yüksək ticarət dövriyyəsinə malikdirlər.

Tokayev-və-Əliyev-Qazaxistan-Azərbaycan-sənədlərini-imzaladilar-1021x580.jpg (94 KB)

Bu ilin birinci rübündə Qazaxıstan və Azərbaycan arasında ticarət dövriyyəsi keçən ilki göstərici ilə müqayisədə 3 dəfə artıb. Bu, çox pozitiv yenilikdir və ondan xəbər verir ki, bu istiqamətdə iş davam edəcək. Çünki əmtəə dövriyyəsinin daha da artırılması üçün hələ böyük ehtiyatlar var. Prezidentlərin görüşündə bu məsələlər də müzakirə olunub, gələcək iqtisadi-ticari əməkdaşlığın bəzi istiqamətləri barədə fikir mübadiləsi aparılıb, qarşılıqlı tədarüklərin artırılması məsələsi müzakirə olunub. Demək, həm Qazaxıstanın, həm də Azərbaycanın iş adamları qarşılıqlı olaraq bu iki dövlətin iqtisadiyyatına xarici investisiya yatıracaq, bu istiqamətdə səyləri birləşdirəcəklər. Yaxın perspektivdə iki ölkə arasında 1 milyard dollar həcmində əmtəə dövriyyəsinə nail olmaq tamamilə realdır. Təsadüfi deyil ki, Tokayevin Azərbaycana səfəri zamanı tərəflər arasında 20-dən artıq sənəd imzalanıb. Bu qarşılıqlı fəaliyyətin möhkəmlənməsinə ciddi kömək edəcək. İmzalanmış sənədlər iki ölkə arasındakı iqtisadi, ticarət, siyasi, mədəni, nəqliyyat, kommunikasiya, elm, təhsil, xarici siyasət və digər sahələrdə əlaqələri, demək olar ki, bütün sferaları əhatə edir.

Bir arada toplaşmaq – çadır qurmaq, yurt salmaq...

Əsas məsələ odur ki, həm dövlət başçıları, həm də hökumət üzvləri arasında intensivləşən görüşlər hər iki dövlətin və xalqın yaxınlaşma, qardaşlaşma yolundakı qətiyyətlərinin göstəricisidir.

Hər iki dövlətdə inanırlar ki, “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında Bəyannamə” kağız üzrəində qalmayacaq, həm strateji tərəfdaşlıq, həm də hərtərəfli müttəfiqliik səciyyəsi daşıyacaq.

Ümumi tendensiya isə bu müttəfiqliyin Qazaxıstan və Azərbaycanla məhdudlaşmaması istiqamətindədir. Dövlət başçıları qazax şatırı ilə Azərbaycan çadırının yerləşdiyi yaylada hamıya yer saxlayıblar, burada qırğız və özbək yurtuna da yer var, türkmən alaçığına da.

Ümid edək ki, Əliyevlə Tokayevin dost əllərlə, türkləri demişkən, tokalaşması, əl sıxışması xalqlarımız üçün xeyirli-uğurlu olacaq.

Kamal Göytəpəli, Musavat.com üçün

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR