İnsanlara hürriyət, millətlərə istiqlal!

Tiflisdə üç Qafqaz ölkəsi rəhbərinin gözlənilən görüşü - İrəvan “ağıllanır?”

1062 03.02.2023 09:25 Siyasət A A

Tiflis platformasında Amerikanın marağı var

Ötən ay Prezident İlham Əliyev yerli telekanallara müsahibəsində  üç Cənubi Qafqaz ölkəsinin əməkdaşlıq formatının lazımlılığını qeyd edib.

İlham Əliyevin ötən ilin sonunda Gürcüstana rəsmi səfərində də bu mövzu müzakirə mövzusu olub. Prezident bildirib ki, tərəflər Gürcüstan-Azərbaycan-Ermənistan məsləhətləşmələrinin başlanması ilə bağlı fikir mübadiləsi aparıblar. “Əgər Ermənistan tərəfi buna hazırdırsa, biz də hazırıq”, - deyə dövlət başçısı bildirib.

Prezident İlham Əliyev yanvarın 19-da Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən panel iclasında da bu barədə danışıb. 

Dövlətimizin başçısı deyib: “Mən dostum İrakli Qaribaşvilinin səylərini yüksək qiymətləndirirəm. Onun himayəsi altında Gürcüstan xarici işlər nazirinin iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü təşkil edildi. Bizim təklifimiz ondan ibarət idi ki, Gürcüstanda liderlərin görüşü təşkil olunsun. Çünki tarixən Gürcüstan bütün qonşuların bir araya gəldiyi ölkə olub. Lakin Ermənistan buna hazır deyil. Bu, potensial risklərdən biridir”.

Azərbaycan Prezidenti qeyd edib ki, Qafqazın üç ölkəsi enerji, nəqliyyat, təhlükəsizlik, sabitlik və sərhədlərin delimitasiyası kimi məsələlərdə səylərini birləşdirsə, region daha təhlükəsiz olar.

Bununla bağlı Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın açıqlaması diqqət çəkir. O bəyan edib ki, Ermənistan Cənubi Qafqaz ölkələrinin üçtərəfli dialoqunun inkişafında maraqlıdır: “Ermənistan Cənubi Qafqaz ölkələri arasında üçtərəfli dialoqun inkişafına böyük maraq göstərir. Biz mümkün Tiflis platformasını regional üçtərəfli müzakirələr prizmasından nəzərdən keçiririk. Hazırda Ermənistan və Gürcüstan baş nazirləri ilə Azərbaycan Prezidenti arasında görüş gündəmdədir”.

Ermənistan anlamalıdır ki, başının üstündə bir etibarlı “dam”ın olması üçün sülh müqaviləsini imzalamalı, regionda əməkdaşlıq və təhlükəsizlik istiqamətində addımlar atmalıdır. Bəs Mirzoyanın açıqlaması buna ümid verirmi?

Anar Əliyev: "Paşinyan anlayır ki..."

Anar Əliyev

Politoloq Anar Əliyev “Yeni Müsavat”a bildirdi ki, Prezident İlham Əliyev dəfələrlə, xüsusilə də 44 günlük Vətən müharibəsi başa çatdıqdan sonra Cənubi Qafqazda münasibətlərin tənzimlənməsi və qarşılıqlı inam etimad mühitinin formalaşması ilə bağlı Cənubi Qafqaz ailəsinin mühüm rolunu qeyd edib: “Azərbaycanla Ermənistan arasında gələcək əməkdaşlıq perspektivlərinin müzakirəsi və birgə yaşayışın, qarşılıqlı bir çox istiqamətli fəaliyyətin təşkili ilə bağlı Gürcüstanın vasitəçiliyi ilə müzakirələrin səmərəli olacağı ilə bağlı dövlətimizin başçısı fikirlərini bildirib. Təəssüf ki, ötən dövr ərzində bu istiqamətdə uğurlu nəticələr əldə etmək üçün Ermənistandan ciddi reaksiya və müsbət addımlar müşahidə etməmişik. Azərbaycan Prezidenti ötən ilin sonlarında Gürcüstana səfər edərkən bir daha Gürcüstan vasitəsilə Ermənistanla Azərbaycan arasında münasibətlərin müzakirə predmetinə çevrilməsi perspektivlərini səsləndirib. Bu platforma çərçivəsində müzakirələrin uğurlu olacağına ümidini, inamını qeyd edib. Eyni zamanda ötən ayın 19-da Davosda keçirilən Dünya iqtiasadi Forumu çərçivəsində də Azərbaycan Prezidenti Gürcüstanın vasitəçiliyi ilə Ermənistan-Azərbaycan rəsmi şəxslərinin, xüsusilə də liderlərinin görüşü perspektivinə toxunub və belə bir platformanın perspektivlərinə inandığını bəyan edib. Çox təəssüf ki, bu günə qədər biz Ermənistan tərəfindən bu platforma çərçivəsində əməkdaşlığın edilməsi, qarşılıqlı birgə fəaliyyətlə bağlı alternativlərin müzakirəyə çıxarılması ilə əlaqədar ciddi iradə müşahidə etməmişik. Amma son dövrlər Ermənistan rəsmiləri, xüsusən xarici işlər naziri səviyyəsində Tiflisdə Gürcüstan vasitəsilə Ermənistan və Azərbaycan liderləri arasında görüşün keçirilməsinin mümkünlüyü haqda fikirlər səslənib. Mən hesab edirəm ki, bu, növbəti erməni riyakarlığından, erməni hiyləgərliyindən qaynaqlanan bir açıqlamadır”.

A.Əliyev fikrini belə əsaslandırdı ki, Ermənistan bu günə qədər Cənubi Qafqazda münasibətlərin tənzimlənməsi ilə bağlı müxtəlif platformalara və bu platformalar çərçivəsində müzakirələrə hər zaman hazır olduğunu bəyan edib, müxtəlif vaxtlarda və müxtəlif səviyyələrdə ayrı-ayrı platformalar çərçivəsində müzakirələrdə aktiv iştirak edərək müəyyən öhdəlikləri üzərinə götürməyə belə, razılıq verib, amma əməldə bunların əksini edib: “İndiyə qədər bütün platformalarda keçirilən görüşlərdə Ermənistan üzərinə götürdüyü öhdəliklərlə bağlı məsələlər konkretləşəndə və öhdəliyin yerinə yetirilməsi ilə bağlı tələblər səslənəndə müxtəlif vasitələrlə bu razılaşmaları sabotaj etmək və sülh gündəliyini pozmağa cəhdlər edib. Bir çox vaxtlarda pozmağa nail də olub. Məsələn, 31 avqust 2022-ci il tarixində Brüsseldə keçirilən görüş çərçivəsində çox ciddi nəticələr əldə olunmuş və sülh müqaviləsinin imzalanmasına böyük ümidlər yaranmışdı. Ermənistan vəziyyəti qəlizləşdirmək və razılaşmalardan, öhdəliklərdən yayınmaq üçün 12-14 sentyabrda Azərbaycanla sərhəddə hərbi təxribatlar törətdi. Bununla da əldə olunmuş razılaşmaları, sülh gündəliyini sıfırlamış oldu. Hesab edirəm ki, Tiflis formatı ilə bağlı səslənən fikirlər də Ermənistanın növbəti ikiüzlü riyakar siyasətinin nəticəsidir və guya danışıqlar prosesinə hazır olduğu manipulyasiyasını etməkdir. Məqsəd danışıqların imitasiyasını həyata keçirməklə vaxt udmaqdır. Ermənistanda hesab edilir ki, müəyyən bir dövrdən sonra Ermənistanın Azərbaycanla daha uyğun şərtlərlə danışmaq imkanları formalaşa bilər və prosesləri həmin vaxta qədər uzatmaq lazımdır”.

Politoloq Tiflis formatında ABŞ-ın da marağının olduğunu qeyd etdi: “Həm Rusiya vasitəçiliyində, həm də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə keçirilən görüşlərdə Amerika mümkün qədər arxa planda idi və proseslərə müdaxilə etməməyə çalışırdı. Ötən ilin sonları və bu ilin əvvəllərindən başlayaraq Amerika Cənubi Qafqazdakı proseslərdə daha aktiv iştirak etməyə çalışır. Bununla bağlı müəyyən cəhdləri də müşahidə etməkdəyik. Bu mənada Tiflis platforması, Gürcüstan variantı həm də ABŞ-ın proseslərdə iştirakla bağlı bir ehtiyat variantı kimi - B variantı kimi qiymətləndirilir. Nəzərə almaq lazımdır ki, Ermənistanla Azərbaycan arasında ilk dəfə mina xəritələrinin və buna qarşılıq olaraq sərhədlərmizi pozmuş erməni terrorçuların qarşı tərəfə təhvil verilməsi ilə bağlı razılaşma da məhz Amerikanın iştirakı ilə Gürcüstan vasitəsilə reallaşmışdı. Hesab edirəm ki, indiki halda da Gürcüstan variantının reallaşmasında Vaşinqton da maraqlıdır. Bu platforma çərçivəsində liderlərin görüşü baş tutarsa, burada ABŞ-ın da ciddi şəkildə rolu və proseslərə müdaxilə etmə maraqları dayanır”.

Həmsöhbətimiz hesab edir ki, bu görüş baş tutsa belə, Ermənistana açıq üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsinə məcbur edilməyəcəksə, Gürcüstan platforması da uğursuzluqla nəticələnəcək: “İndiki halda, yeganə  variant Ermənistanın sülhə məcbur edilməsidir. Hesab edirəm ki, 2023-cü il Azərbaycanın sülh təkliflərinin gündəlikdə və masada olduğu son müddət kimi qiymətlındirilə bilər. Proseslər Ermənistanın hadisələrə nə dərəcədə ciddi və səmimi yanaşmasından asılı olacaq”.  

Etibar SEYİDAĞA
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR