İnsanlara hürriyət, millətlərə istiqlal!

“Təzminatı Azərbaycan yox, Ermənistan verməlidir” - Deputat

485 24.10.2023 12:20 Siyasət A A

Milli Məclisin növbəti plenar iclası spiker Sahibə Qafarovanın sədrliyi ilə öz işinə başlayıb.

Musavat.com-un xəbərinə görə, cari məsələlərin müzakirəsi zamanı çıxış edən deputat Ceyhun Məmmədov bildirib ki, bir neçə gündür Ermənistan rəsmiləri ard-arda Qarabağdan onların təhriki ilə çıxmış ermənilərə təzminat verilməsilə bağlı bəyanatlar verirlər:

“Məlum olduğu kimi, Qarabağdan çıxan ermənilər özləri dəfələrlə bəyan etdilər ki, onlara “Qarabağdan çıx” deyilib, ona görə onlar bu əraziləri tərk ediblər. Burada digər diqqət çəkən məsələ Qərb dövlətlərinin parlamentarilərinin ard-arda Azərbaycan əleyhinə bəyanat vermələridir. Burada da Avropa Şurası və Fransanın izi özünü açıq göstərir. Heç şübhəsiz ki, bu məsələdə birmənalı olaraq heç kimin Azərbaycanı günahlandırmağa haqqı yoxdur”.

Ermənilərin iddia etdiyi təzminata gəldikdə, deputat qeyd edib ki, onu Azərbaycan yox, Ermənistan verməlidir:

“10 000 kv.km ərazidəki bütün infrastrukturu, mədəni irsi dağıtdığına görə. Azərbaycan bu ərazilərin həqiqi sahibi kimi, azad etdiyi ərazilərdə hər şeyi olduğu kimi qoruyur və qoruyacaq. Kiminsə bunu bizə deməsinə ehtiyac yoxdur”.

Ceyhun Məmmədov Ermənistanı himayə edən ölkələrin əsassız iddialarını da cavablandırıb:

“Burada yenə belə bir haqlı sual yaranır. Niyə həmin bu dövlətlər Azərbaycana qarşı eyni münasibəti sərgiləmirlər? Ermənilər işğal etdikləri rayonlarımızda bütün dini abidələri dağıdıblar. Buradakı muzeylərdə olan tarixi abidələri Ermənistana və Avropaya daşıyıblar. Şuşa xalçalarını Ermənistanda erməni xalçası kimi təqdim ediblər. Görünür, yalançı xristian təəssübkeşliyi buna imkan vermir. Ermənilər tarixi Azərbaycan torpaqlarındakı həmin avropalıların da din qardaşı olan albanların yüzlərlə kilsə və tarixi abidələrini dağıdıb və ya saxtalaşdırıblar. Biz hələ 8-ci əsrdə ermənilərin albanlara qənim kəsilərək həmin dövrdə erməni keşişin ərəb xəlifəsinə alban din xadimindən şikayət etdiyini və məktub ünvanladığını yaxşı xatırlayırıq. Məhz ermənilərin təhriki ilə 1836-cı ildə sinodun qərarı ilə Alban Apostol Kilsəsi ləğv olunaraq onun bütün mədəni irsi erməni kilsəsinə verildi. Bu gün Qarabağdakı tarixi kilsələrin hamısı albanlara aiddir, ermənilərə aidiyyəti yoxdur.

Ermənistanın havadarları narahat olmasınlar. Onlar bizim abidələrdir. Tarixən olduğu kimi, bu gün də biz o abidələrin həqiqi varisləri kimi onları qoruyacağıq. Hesab edirəm ki, həmin Qərb dairələri Ermənistandan hesabat istəməlidirlər ki, onlar niyə bu abidələrə qənim kəsilərək onları dağıdıb və ya saxtalaşdırıblar. Burada təzminatı Azərbaycan yox, Ermənistan verməlidir, həm də albanların pozulmuş hüquqlarına görə”.

E.Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR