İngiltərədə bir pilot sınaq uçuşu zamanı təyyarənin marşrutunu elə qurub ki, səmada “I’m bored” (“Darıxıram”) sözü yaranıb.
İngiltərə və Uels sərhədi yaxınlığında qeydə alınan qeyri-adi uçuş marşrutu “Flightradar24” platformasının məlumatlarında əks olunub.
Məlumata görə, “Ravenair” aviaşirkətinə məxsus təyyarənin sınaq uçuşu təxminən iki saat davam edib. Pilot səmada “Darıxıram” sözünü yazmaq üçün 20 dəqiqə ərzində ardıcıl və kəskin manevrlər edib.
Şirkət nümayəndələri pilotun 20 yaşlarında olduğunu və hadisə ilə bağlı ona qarşı heç bir intizam tədbirinin görülmədiyini açıqlayıblar.
“Ravenair” şirkətinin əməliyyatlar üzrə meneceri Ueyn Barrett bildirib ki, təyyarə texniki hissələrinin dəyişdirilməsindən sonra sınaq uçuşuna çıxarılıb.
“Belə uçuşlar zamanı bütün sistemlərin düzgün işlədiyinə əmin oluruq. Yoxlama zamanı heç bir problem aşkarlanmayıb. Təyyarə təhlükəsiz şəkildə anqara qayıdıb, pilot isə bu gün məzuniyyətdədir”, – deyə Barrett qeyd edib.//Qafqazinfo






