İnsanlara hürriyət, millətlərə istiqlal!

Təxribatların məqsədi: “Bakıya təzyiqlər artsın...”

993 05.08.2022 10:20 Gündəm A A

Azərbaycanın haqlı tələbində israrına qarşı Ermənistan kənardan özünə dəstək axtarmaqdadır

Avqustun 3-də Laçında əsgərimiz şəhid edildikdən sonra Azərbaycan Ordusu Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinə qarşı antiterror əməliyyatı keçirib. Nəticədə 4 erməni terrorçusu məhv edilib, 15-i yaralanıb. Əməliyyat çərçivəsində terrorçuların gizləndikləri sığınacaq və mövqelərə zərbələr endirilib, silah-sursat anbarları sıradan çıxarılıb.

Aydındır ki, bu hadisələrdən sonra beynəlxalq reaksiyalar qaçılmazdır. Siyasi şərhçilər hesab edirlər ki, ermənilər təxribat və gərginlik yaratmaqla kənar müdaxilə olmasında maraqlıdırlar. Ermənilər “gərginlik” atmosferi ilə tələblərin icrasını ən azı uzatmaq niyyətindədirlər. Məlumdur ki, artıq Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar “gərginliyin artmasından” narahat olduqlarını açıqlayıb: “Cənubi Qafqazda silahlı insidentlər və insan itkiləri ilə bağlı xəbərlərdən son dərəcə narahatıq”.

“Biz Azərbaycan və Ermənistanı gərginliyin azaldılması və dialoqun bərpası üçün bütün lazımi tədbirləri görməyə çağırırıq. Biz regionda sülhün möhkəmləndirilməsinə yönəlmiş bütün səyləri dəstəkləməkdə qərarlıyıq”. Bunu isə ATƏT-in Polşa sədrliyi twiterdə açıqlayıb.

Birləşmiş Ştatlar Dağlıq Qarabağ ətrafında insan tələfatı ilə nəticələnən intensiv döyüş əməliyyatları barədə məlumatlardan “dərindən narahatdır” və diqqətlə izləyir. Dövlət Departamentinin nümayəndəsi Ned Prays belə deyib. “Biz gərginliyin azaldılması və gələcək eskalasiyanın qarşısının alınması üçün dərhal addımlar atmağa çağırırıq”, -  o əlavə edib. “Gərginliyin artması Dağlıq Qarabağ münaqişəsi və ya ondan irəli gələn bütün digər məsələlərin razılaşdırılmış, hərtərəfli və davamlı həllinin zəruriliyini ortaya qoyur”,- Prays qeyd edib.

Yada salaq ki, Blinkenin köməkçisi Karen Donfrid də avqustun 2-də Bakı və İrəvana zəng edib, hər iki ölkənin xarici işlər naziri ilə danışıb. Rəsmi məlumatda qeyd olunmasa da, telefon söhbətində ermənilərin “gərginlik” iddiasının müzakirə edildiyi, yaxud zəngin səbəblərindən birinin bu olduğu bəllidir.

İddialara görə, ermənilər telefon trafikində (Putinə zəng) Rusiyadan istədiyi dəstəyi ala bilməyib, İrəvana üçtərəfli bəyanatdakı öhdəliklərə əməl etməyə çağırılıb. Beləliklə, Azərbaycanın haqlı tələbi, Laçının boşaldılması və yeni dəhlizdən istifadə edilməsi ilə bağlı tələbində israrına qarşı Ermənistan kənardan özünə dəstək axtarmaqdadır. İrəvan güman edir ki, Azərbaycana beynəlxalq təzyiqləri artırmaqla Bakının haqlı tələblərinin icrasından bir müddət də yayına bilər.Bu mümkünmü?

Əziz Əlibəyli: Tibbi maska istehsalı həm koronavirusla mübarizəyə mühüm  töhfədir, həm də Azərbaycanın bu sahədə asılılığını aradan qaldırır - "İki  sahil"

Əziz Əlibəyli 

Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli erməni tərəfin hələ baş verənlərdən nəticə çıxarmadığını söylədi: “Paşinyan və Ermənistanın xarici işlər nazirinin son açıqlamaları göstərir ki, avqustun 3-də baş verən prosesi anlamaq və onu bir mesaj kimi qəbul etmək əvəzinə, 10 noyabr razılaşmasını yalan yönləndirirlər, izah edirlər. Bu da onu göstərir ki, baş verənlərdən bir nəticə hələ çıxarmayıblar. Onlar Azərbaycanı daha artıq şəkildə təxribata çəkməkdə maraqlıdırlar. Bütün bunlar da onu göstərir ki, sülh danışıqları müsbət nəticələnməyəcək. Ermənistan üçün “Dəmir yumruğ"un yenidən işə salınması gündəmdədir. Biz bunu təkcə Qarabağda, yəni Azərbaycan ərazilərində baş verən proseslərlə izah etməmişdik. Həm də onu deyirdik ki, 10 noyabr razılaşmasının Zəngəzur dəhlizi istiqamətinin reallaşması gündəmdədir”.

Təxribatlarda Ermənistan qədər Rusiya da məsuliyyət daşıyır

Züriyə Qarayeva

Politoloq Züriyə Qarayeva son əməliyyatlarda Rusiyaya verilən mesajdan söz açdı: “Düşmən yenə 10 noyabr razılaşmasını pozdu və sülh əleyhinə provokativ hərəkətlərə yol verdi. Diversiya aktlarının intensiv hal alması, əli silahlı separatçıların bölgədən təmizlənməkdənsə daha da ”militarizasiya" olunması, qaçqınların öz yurdlarına qayıtması prosesinin ləng getməsi, Zəngəzur dəhlizinin açılmaması göstərir ki, qarşı tərəf sülh gündəliyinə götürən yolu əngəlləyir. Müharibədə ordusu darmadağın edilmiş, diplomatik cəbhədə dalana dirənmiş bir dövlətin bu ritorikanı belə cəsarətlə yürütməsi arxalı köpəyin qurdu basması el məsəlini xatırladır. “Köpəy”in arxasında dayananlar isə hər vəchlə öz varlıqlarını nümayiş etdirirlər. Məsələn, dünyada “ədalət” carçısı ABŞ, Ukraynada, Gürcüstanda, Moldovada separatçılara qarşı acımasız olan dövlət Azərbaycana gələndə tam başqa mövqe sərgiləyir. Nəticə isə ondan ibarətdir ki, Qarabağda separatçılar durmadan silahlanır, İrəvan Brüssel razılaşmasını qəbul edən və sülhə razı olan tərəf kimi görünməyə çalışır, Moskva isə bölgədə ona ehtiyac olduğunu daha qabarıq nümayiş etdirir. Əlbəttə ki, Rusiya tərəfi bölgədə ən azından indiki durumunda (Ukrayna ilə savaş) müharibənin yenidən təkrarlanmasını istəmir və blokada vəziyyətindən çıxmaq üçün sakitliyin bərqərar olmasından və yaxın gələcəkdə Zəngəzur dəhlizinin işə düşməsindən yanadır. Lakin bu o demək deyil ki, münaqişə ocağının da tamamilə aradan qalxmasını istəyir. Bunun baş verməsi şimal qonşumuzun 200 illik bölgə planlarını alt-üst edə bilər. Bakı isə status-kvo-nun saxlanılmasından narahatdır. Qisas əməliyyatını labüd edən məhz bu hallardır. Hesab edirəm ki, bu antiterror əməliyyatları separatçılara dərs verməkdən ziyadə, rus sülhməramlı qüvvələrinə də mesaj xarakteri daşıyır: “Ya bəyanatın şərtlərinə əməl edəcəksiz, ya da ölkənizə geri dönəcəksiz”.

Novator.az-ın məlumatına görə, gərginliyə münasibət bildirən Müsavat Partiyasının başqanı Arif Hacılı yazır ki, Rusiya qoşunları Azərbaycan ərazisindən çıxmamış sülh olmayacaq: “Bütün Qarabağ üzərində suveren hüquqlarımız təmin edilməyincə münaqişənin bitdiyini, qalib gəldiyimizi deyə bilmərik. Rus və erməni hərbi birləşmələri Azərbaycan ərazisindən çıxarılmalıdır. Bu gün ən vacib milli hədəflərdən biri budur”.

Əli Kərimli sosial şəbəkənin erməni təbliğatçısına çevrilib

Əli Kərimli 

AXCP sədri Əli Kərimli qeyd edir ki, Rusiya Azərbaycanla Ermənistan arasında danışıqların pozitiv yekunlaşması, sülhün əldə edilməsi və Rusiya hərbçilərinin bölgədə qalması üçün bəhanənin aradan qalxması perspektivindən narahatdır: “Rusiya hərbi kontingentinin Qarabağda daha uzun müddət qalması üçün Azərbaycan və erməni qüvvələri arasında vaxtaşırı toqquşmaların olması zəruridir. Silahlı münaqişənin davamlı olması üçün Rusiya ”sülhməramlıları" özləri atəşkəsin vaxtaşırı pozulmasında maraqlı olacaqlar. Erməni silahlı dəstələrinin və onları müdafiə edən Rusiya “sülhməramlılarının” Azərbaycan ərazisində uzun müddət qalması ölkənin milli maraqlarına qətiyyən uyğun deyil. Bölgədə sülhə nail olmaq üçün Azərbaycan və Ermənistan rəhbərliyi Avropa Birliyi və Gürcüstanın vasitəçiliyi ilə aparılan ikitərəfli sülh danışıqlarını ciddiləşdirməlidir. Yalnız bu halda Rusiya ssenarilərini pozmaq və Rusiya “sülhməramlılarının” Qarabağı tərk etməsinə nail olmaq mümkündür".

Pənah Hüseyn Elçibəyin DTK-ya verdiyi ifadəsini YAYDI | KONKRET

Pənah Hüseyn 

Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn yazır ki, region gərginlik, qarşıdurma, müharibə təhlükəsindən birdəfəlik azad edilməlidir: “Vətənimizdə, bölgədə sülhün və təhlükəsizliyin qəti şəkildə təminatı Xankəndində Azərbaycan bayrağının ucalmasıdır”.

Cavanşir ABBASLI
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR