İnsanlara hürriyət, millətlərə istiqlal!

Təxribata hərbi cavab oldu, bəs diplomatik CAVAB necə olacaq?

1072 13.02.2024 17:07 Siyasət A A

Azərbaycan-Ermənistan sərhədində baş verən təxribatla bağlı reaksiyalar müxtəlifdir. Avropa Şurasının baş katibi Ermənistan və Azərbaycanı təmkinli olmağa çağırıb.

Musavat.com xəbər verir ki, Mariya Peyçinoviç Buriç “X” platformasındakı paylaşımında yazıb:

“Ermənistan və Azərbaycan sərhədində atışma barədə məlumatlardan narahatıq. Hər iki tərəfi təmkinli olmağa çağırıram. Dialoq davamlı sülhü əldə etməyin yeganə yoludur”.

ERMANA.jpg (95 KB)

Rusiyalı analitik, Siyasi Tədqiqatlar İnstitutunun direktoru Sergey Markov isə APA-ya açıqlamasında bildirib ki, Azərbaycan-Ermənistan sərhədində baş verən eskalasiya Fransa tərəfindən təşkil olunub. Politoloq Bakı və İrəvanın sülh müqaviləsini imzalamağa hazırlaşdığı vaxtda baş verənlərin sual doğurduğunu söyləyib.

“Niyə? Axı hər iki tərəf sülh müqaviləsi imzalamaq istəyir. Mümkündür ki, suala cavab hadisə yerindədir. Çünki Ermənistan ordusu Avropa İttifaqı missiyasının yerləşdiyi ərazidən zərbələr endirib. Mümkündür ki, bunun təşəbbüskarı Fransa kəşfiyyatıdır. Çünki Makron Rusiyanı bu mövqedən itələyib çıxarıb, Ermənistanın əsas hərbi müttəfiqi olmaq istəyir. Ona görə də, Fransa, Aİ və NATO Ermənistanla Azərbaycan arasında hərbi əməliyyatların əsas benefisiarlarıdır”, - deyə Markov vurğulayıb.

MİRZE.jpg (70 KB)

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə Musavat.com-a şərhində bildirib ki, sərhəddə baş verən təxribatların məsuliyyətini birbaşa Ermənistan siyasi rəhbərliyi daşıyır.

Millət vəkilinin fikrincə, Azərbaycanla sülh danışıqlarını uzatmaqla, müxtəlif təxribat xarakterli bəyanatlar verməklə Ermənistan cəmiyyətini sülhə hazırlamaq əvəzinə, Azərbaycanla qarşıdurmaya dair siyasət yürütməklə dünənki təxribat baş verdi:

“Bir gündə iki dəfə Ermənistan Silahlı Qüvvələri Azərbaycana qarşı hərbi təxribat törətdi. Eyni zamanda təxribatın siyasi məsuliyyətini Ermənistanı Azərbaycanla qarşıdurmaya sürükləyən, onu silahlandıran xarici dairələr, konkret olaraq Fransa və Hindistan daşıyır. Onlar Ermənistanı silahlandırmaqla Azərbaycanla Ermənistan arasındakı kövrək sülh prosesinə ziyan vurulacağının fərqində olmalı idilər”.

A.Mirzəzadə hesab edir ki, dünənki təxribat vasitəsilə Ermənistan və onu müdafiə edən xaricdəki dairələr Azərbaycanı sınağa çəkmək istədilər:

“Azərbaycanda tarixi hadisə - prezident seçkisi keçirildi. Hazırda andiçmə mərasiminə hazırlıq gedir. Belə olan təqdirdə onlar Azərbaycan cəmiyyətində narahatlıq yaratmaq, Azərbaycan rəhbərliyini siyasi qarşıdurmaya çəkmək istədilər. Lakin Azərbaycan təmkinini və dövlətçiliyini qorumaq gücündə olduğunu göstərdi. Azərbaycan sərhədçisinə atəş açılan hərbi məntəqənin darmadağın edilməsi onu göstərdi ki, Azərbaycan ərazi bütövlüyü, suverenliyinə qarşı hər hansı təxribata dözmək fikrində deyil. Bizə qarşı edilən istənilən hərbi təxribatın qat-qat ağır cəzasını alacaqlar”.

Millət vəkili əlavə edib ki, Azərbaycan beynəlxalq təşkilatların sülh yaratmaq vasitəçiliyinə hörmətlə yanaşır, lakin ilk növbədə təxribatçının, sülh prosesinə zərbə vuran, ona ikili standartla yanaşan ölkənin - Ermənistanın adı çəkilməlidir.

XİN.jpg (228 KB)

Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistan Xarici İşlər Nazirliyinin təxribatla bağlı bəyanatını şərh edib.

Bəyanatda bildirilir ki, Ermənistan XİN-in eskalasiya ilə bağlı iddiası əsassızdır:

“Ermənistan Xarici İşlər Nazirliyinin Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan tərəfinin təxribatına qarşı gördüyü tədbirlərin eskalasiya üçün bəhanə olması ilə bağlı iddiaları tamamilə əsassızdır. Azərbaycan hərbi qulluqçusunun yaralanması ilə nəticələnən hərbi təxribatdan sonra Azərbaycan tərəfi erməni hərbi postundan irəli gələn təhlükəni aradan qaldırıb. Bu tədbir sırf cavab tədbiri idi. Azərbaycan sülh prosesinə sadiqdir və Ermənistan tərəfini bu istiqamətdə səyləri təhlükə altına qoya biləcək hərbi eskalasiyalardan çəkinməyə çağırır”.

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR