İnsanlara hürriyət, millətlərə istiqlal!

“Tərtər işi”nin istintaqı Azərbaycan naminə obyektiv aparılmalıdır" - hüquqşünas

622 26.04.2022 11:10 Gündəm A A

“Bu cinayəti də, müdafiə xərclərinə ayrılan milyonların oğurlanmasını da eyni şəxslər təşkil ediblər”

“Tərtər hadisələri” ilə bağlı yenilənmiş istintaq davam edir. Cinayət işinin istintaqı zamanı ayrı-ayrı hərbi qulluqçulara işgəncə verilməsi, onların qanunsuz azadlıqdan məhrum edilməsi və s. vəzifə cinayətləri edən 16 nəfər həbs edilib. Yenilənən istintaqla həbs olunanlara qarşı Cinayət Məcəlləsinin 145.3 (qanunsuz azadlıqdan məhrum etmə), 293.2 (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341.2.2 (vəzifə səlahiyyətlərini aşma) və 341.2.3-cü maddələri ilə ittiham irəli sürülüb. Məlum olduğu kimi,  ötən ilin dekabrında “Tərtər işi”nin araşdırılması ilə bağlı yeni istintaq qrupu yaradılıb. İşgəncəyə və digər qanunsuz əməllərə məruz qalmış 163 yeni şəxs müəyyən edilərək zərərçəkmiş şəxs qismində tanınmaqla işin halları üzrə tam, hərtərəfli dindirilib, onların məhkəmə-tibbi ekspertizadan keçirilmələri təmin edilib. Beləliklə, işgəncə faktları üzrə əvvəlki istintaq zamanı zərərçəkmiş kimi tanınmış şəxslərlə birlikdə cinayət işləri üzrə hal-hazıradək ümumilikdə 281 zərərçəkmiş şəxs müəyyən edilib.

Baş Prokurorluğun yaydığı son məlumatda bildirilir ki, 16 şəxs barəsində 16 cinayət işi üzrə yekun məhkəmə qərarları ləğv edilərək məhkəmələrə apelyasiya protestləri verilib. 18 nəfər isə vətənə xəyanət ittihamı ilə həbsə alınıb. 16 nəfərin barəsində yekun məhkəmə qərarlarının ləğvi həmin qərarlara imza atmış hakimlərin məsuliyyət məsələsini də gündəmə gətirib. Yəni üzə çıxıb ki, qondarma ittiham aktları tərtib olunandan sonra məhkəmələr həmin ittiham aktları üzrə mahiyyəti üzrə tam, hərtərəfli, obyektiv araşdırma aparmayıb, həqiqəti üzə çıxarmayıb, yalnız sifarişi təsdiqləyiblər. Sosial şəbəkələrdə işgəncələrə məruz qalanlar Hərbi Prokurorluğun yüksək vəzifəlilərinin birbaşa prosesdə iştirakından danışırlar.  Azərbaycan hərbçilərinə qarşı törədilən cinayətin icraçılarının bir qismi həbs olunub, amma bu cinayətin təşkilatçıları, xüsusən də Müdafiə Nazirliyinin Baş Qərargahının sabiq rəisi Nəcməddin Sadıkovun və başının dəstəsinin istintaqdan kənarda qalması və ya saxlanılması cəmiyyətdə birmənalı qarşılanmır. Bu işdə adı işgəncədə, qanunsuz həbsdə hallanan generalların cəzasız qala biləcəyi narahatlıq yaradır. Əsas fiqurant kimi N.Sadıkovun adı hallanan bu işdə onun həbsi reallaşa bilərmi?

Tərtər işi" yenidən araşdırılır. İşgəncəyə məruz qalmış hərbçilər və  onların ailələri bunu 5 ildir tələb edirdilər - BBC News Azərbaycanca

“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, “Tərtər işi” ümumilikdə Azərbaycanın Müdafiə Nazirliyi sistemində illərlə aparılan sistematik pozuculuq fəaliyyətinin tərkib hissəsi olub: “Yəni belə addımlarla Azərbaycan Ordusunun qüdrətini, döyüş potensialını aşağı salmağa yönəlib. Buna haradasa nail olunub. ”Tərtər işi"ndə adı keçən və istintaqda dəhşətli işgəncələrə məruz qalmış hərbçilərin əksəriyyəti 2016-cı il aprel döyüşlərində düşmənə qan udduranlar olub. Vətənə xəyanət edənlər bu işin təşkilatçılarıdır. Onlar günahsız hərbçilərə dəhşətli işgəncələr verib şikəst etməklə, öldürməklə özlərinin satqınlıqlarını ört-basdır etməyə, büdcədən müdafiə xərclərinə ayrılan pulları rahat şəkildə yeyib izlərini itirməyə, xaricdəki ağalarından “molodes” almağa nail olublar. Bu işdə xeyli zərərçəkən var. 281 nəfər zərərçəkənin olduğu artıq rəsmi açıqlamada qeyd edilir. “Tərtər işi”  Azərbaycan naminə obyektiv aparılmalıdır. Bu işin təşkilatçıları olan generallar həbsə alınmalıdır. Aşağı rütbəli zabitlərin həbsi ilə kifayətlənmək olmaz. Azərbaycan ordusuna qarşı cinayətin təşkilatçıları tam şəkildə ifşa olunmalı və ən ağır cəzaya çatdırılmalıdır. Əmri vermiş şəxsləri kənarda saxlayıb, əmri icra edənləri tutmaqla bu işin ört-basdır edilməsi yolverilməzdir. Bu cinayətlərin təşkilatçıları, əmri verənlər hələlik ortada yoxdur. Əslində isə əmri verənlər, təşkilatçılar da məsuliyyətə cəlb olunmalıdır. Bu qədər genişmiqyaslı qanunsuzluqları aşağı rütbəli zabitlər özbaşına edə bilməzdilər. İcraçılara əmri verənlər kimlər olub? İstintaq bu istiqamətə yönəldilməlidir və təşkilatçılar, əmr verənlər məsuliyyətə cəlb olunmalıdır. Hər kəs bilir ki,  bu işdə Müdafiə Nazirliyinin daha yüksək rütbəli şəxsləri iştirak ediblər. Mümkün deyil ki, aşağı ranqlı zabitlər, hərbçilər birbaşa özləri qərar verib, özləri icraçı olublar. Eyni zamanda istintaqı aparanların da məsuliyyət məsələsi var".

Hüquqşünas deyir ki, “Tərtər işi” üzrə əvvəlki istintaq “Tərtər işi”nin təşkilatçılarının maraqları çərçivəsindən kənara çıxmayıb: “O zaman istintaq o şəkildə aparılmışdı ki, icraçılar təşkilatçıların adını çəkməsin. Yenilənmiş istintaq həmin yolla getsə, heç nə dəyişməyəcək. Aradan 3-5 əlavə icraçı həbsə alınıb məsələni yenidən ört-basdır etməyə çalışacaqlar. Buna qətiyyət yol vermək olmaz. Həbs olunan aşağı ranqlı zabitlər, şəxslər əvvəl-axır danışacaqlar ki, göstərişi yuxarıda filankəslər verib. Həmin filankəslərin kimliyini aydınlaşdırmaq üçün aylarla istintaq aparılmasına gərək yoxdur”.

Hüquqşünas deyir ki, Müdafiə Nazirliyində maliyyəçilərin həbsi də bütün oxları qurumda rəhbər vəzifələrdə olmuş şəxslərə yönəldib: “İlkin yoxlamalarla aydın oldu ki, ölkənin müdafiəsinə ayrılan 20 milyon manatı oğurlayıblar. Bu işdə də tutulanlar icraçılardır. Onlar həbs edilməyəcəklərinə arxayın olublar. Belədə sual yaranır: kim olub həmin cinayətlərin başında?  İndi əsas məsələ bu cinayətlərin illərlə baş verməsinə şərait yaradan, hamilik edənlərin kimliyini ortaya qoymaqdır. Bu işlər eyni icraatda birləşdirilib araşdırılmalıdır. Məlum olacaq ki, ”Tərtər işi"ni də, müdafiə xərclərinə ayrılan milyonların oğurlanmasını da eyni şəxslər təşkil ediblər. Hər iki işdə dəfələrlə Nəcməddin Sadıkovun adı hallanıb. O isə əl-qolunu sallayıb ortalıqda gəzir. Bu günə qədər təkzib olunmayan bir məlumatı hərbi ekspertlərdən biri açıqladı. Dedi ki, Müdafiə Nazirliyinə ayrılan 200 milyonun 10 faizi Nəcməddin Sadıkova çatıb. Pullar təyinatı üzrə xərclənmədən, işlər başlanmazdan öncə Nəcməddin Sadıkova çatdırılıb. Hərbi ekspertin bu açıqlamasını bir çox mətbuat orqanlar yayıb. Bu məsələ araşdırılmalıdır".

Hüquqşünas deyir ki, “Tərtər işi” ilə bağlı cəmiyyətə mütəmadi və ətraflı açıqlama verilməlidir.

Elşən MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR