İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏK TÜRKİYƏ

8722 21.02.2009 07:05 Yazarlar A A

Azərbaycanlılar çox xəyanət görüblər; özününkülərdən də, özgələrdən də. Ölkəmizin qonşuları, hətta demokratik Gürcüstan da daxil olmaqla bizə münasibətdə həmişə zatıqırıqlıq yapıblar. Elə hey zərbə yemişik, xəyanət dadmışıq...
Amma Azərbaycan insanı tək bir ünvandan xəyanət gözləmir; bunu ağlına belə gətirmir; TÜRKİYƏ BİZİ SATMAZ deyir...di.
İndi də deyir, amma bir az şübhə ilə, narahatlıq və qorxuyla.
Az öncə Türkiyənin baş bakanı Tayyib Ərdoğanı “Davos fatehi” elan edən, ona münasibətdə heyranlıqla öygülər yağdıran Azərbaycan mediası indi “AKP Azərbaycana xəyanət etdi” manşetini verir. Nələr baş verdi, nə dəyişdi ki, bir neçə gün ərzində Fatehin partiyasını xəyanətdə suçladıq?!
İlk olaraq “Radio Liberti”dən duyulan bu xəbəri - Türkiyənin Ermənistanla sərhədləri açmaq qərarını verməsini və bu zaman ermənilərin qarşısında illərdir qoyduğu əsas şərtdən - Dağlıq Qarabağın işğal altındakı ərazilərini boşaltması - geri çəkilməsini, nəhayət, iki gün öncə Azərbaycan rəsmiləri də təsdiqlədilər. Prezidentin İcra Aparatı ictimai-siyasi şöbəsinin müdiri, Azərbaycan iqtidarının faktiki olaraq sözçüsü olan Əli Həsənov rəsmən bəyan etdi ki, Türkiyənin Ermənistanla münasibətlər qurması üçün Dağlıq Qarabağla bağlı şərtdən imtina etməsi xəbərini rəsmi Ankara nə təsdiq, nə də təkzib edir. Bu ifadənin açması budur ki, Azərbaycan iqtidarı həmin xəbərin gerçək olması barədə ən azı şübhəlidir. Deməli, ortada AKP-nin ermənilərlə yeni anlaşması var və bu o dərəcədə məxfi aparılıb ki, Azərbaycan hakimiyyətinin doğru-dürüst bilgisi belə yoxdur.
Heyrətamiz gəlişmədir. Həm də ona görə ki, bu barədə Türkiyə ictimaiyyətinin, Türkiyənin Azərbaycandakı səfirliyinin də bilgisi yoxdur.
Türkiyə rəsmilərinin bu iddialarla bağlı açıqlamaları isə gerçəkdən də ümumidir; rəsmi Bakı yarım aydır ki, rəsmi Ankaradan konkret və qəti inkar ala bilmir; ermənilərlə münasibətlərin yaxın və uzaq gələcəyi barədə əvvəllərdə olduğu kimi net bir açıqlama da verilmir. Görünən odur ki, rəsmi Bakı ilə rəsmi Ankara arasında bir soyuqluq, etimadsızlıq yaşanmaqdadır. Və biz də ortada qalmışıq. İki vətən, bir millət, iki dövlət! Hamısı da bizimki!
Qəzza olaylarına görə haqlı olaraq Peresə bağıran və bununla bizlərin də könlünü fəth edən bir başbakan Azərbaycan türklərinin qatili olan Sərkisyanın əlini nə aşkarda, nə də gizlində sıxmamalıydı, onunla anlaşmamalıydı; onu rədd etməli, azərbaycanlıları sevindirməliydi. Ərəblər də bizimdi - din qardaşlarımızdı və Qəzzada İsrailin qətl etdiyi qardaşlarımıza bizlər də çox üzülürük. Amma Azərbaycan türklərini Dağlıq Qarabağda, Xocalıda qanına qəltan edən, 1 milyona yaxın türk-müsəlmanı yurdundan didərgin salan, onları köçmənə çevirən ermənilərə də təpinmək pis olmazdı. Əcəba, sayın Tayyib bəy ərəblərə üzülür də Azərbaycan türklərinə üzülmürmü?
Çox hörmət etdiyim cümhurbaşqanım Abdullah Gül İrəvana getdi, əli Azərbaycan türkünün qanına bulaşmış Sərkisyanla dostluq pozları verdi; ürəyimizə dağ basdı, bizi kiçik düşürdü. Amma o zaman mən qəzetimizdə bu olayı tənqid etməyə qoymadım; “bu, Azərbaycana da, Türkiyəyə də lazımdır” yazdıq. AKP iqtidarının yanlışlarına görə cəmiyyətimizin, insanlarımızın Türkiyəni ittiham etməsinə, Türkiyədən küsməsinə yol vermək istəmədik. Bizim bir Türkiyəmiz var. İllərdir ki, onun Azərbaycanda var olması, Rusiya və İran yanlılarının əks-təbliğatından zərər görməməsi üçün çarpışırıq.
Özümüzə qıyarıq, Türkiyəyə qıymarıq; düşüncəmizin, həyat fəlsəfəmizin mahiyyəti budur! Amma nə yazıq ki, indi AK parti iqtidarı Türkiyəyə də, Azərbaycana da qıydı, bizi çıxılmaz bir duruma düşürdü.
Ermənilərlə anlaşanlar, iş görənlər enində-sonunda peşman olur. Bunu bizlərdən yaxşı kim bilər ki?! 70 il eyni dövlətdə yaşadıq, gedib-gəldik, torpaq verdik, çörək verdik. Sonunda bizə qarşı savaş açdılar, Azərbaycanı, Xəzəri, Türkiyənin yarısını istədilər. 30 mindən çox şəhid verdik. AKP iqtidarı əgər gerçəkdən də ermənilərlə deyilən qədər anlaşıbsa, həmin şəhidlərin qanını tapdayıb, ruhunu incidib.
Ermənilər Türkiyədən indi də torpaq istəyir. Bu ölkənin Ana Yasasında türk torpaqlarına iddia öz əksini tapıb. Bu millət cocuqlarını türk düşmənçiliyi üstündə böyüdür. Bu millət yalançı soyqırımı bütün dünya boyunca Türkiyənin əleyhinə kullanır, onu şantaj edir.
AKP iqtidarı nə yapır? İmperializmin ermənilərin əli ilə başlatdığı 100 illik bir savaşı, bunca mücadiləni ermənilərə gizlicə təslim edir. AKP anlaşdı, Azərbaycan Ermənistana uduzdu. Türkiyəmiz də yenildi.
“AKP-də bir erməni heyranlığı var”- demişdi Tənzilə Rüstəmxanlı xanım əfəndi. Gün keçdikcə gerçəyə çıxır bu iddia. Amma haradan və hansı səbəbdəndi bu heyranlıq? AKP niyə azərbaycanlıları heç olmasa ermənilər qədər sevmir? Bu da bir tərəfə, AKP iqtidarı niyə “Ergenekon”çu adı altında Türkiyədəki Azərbaycan sevdalılarını zindanlara doldurur, onları təqiblərə məruz qoyur? Əcəba, o “Ergenekon işi” bu xəyanətin olası təpkisini önləmək üçünmü tərtib olunub? Türkiyə siyasətindəki, mediasındakı, ordusundakı azərbaycanlılar və Azərbaycanı sevənlər, Dağlıq Qarabağ üçün savaşmağa belə hazır olanlar indiki gizli anlaşmaya mane ola bilməsinlər deyəmi içəriyə salındılar?
Müxbirlərimiz Türkiyədədir. Biz çalışırıq ki, AKP iqtidarının erməni sevdasına Türkiyəmizdən nə qədər qınaqla baxıldığını göstərək. Biz çalışırıq ki, azərbaycanlılar bilsinlər ki, Türkiyə cəmiyyəti, müxalifəti, millət vəkilləri bu xəyanətin içində yoxdurlar - Türkiyə bu xəyanətdə yoxdur! Gələn həftə bir qrup millət vəkili bizim xahişimizlə bu olayı Türkiyə parlamentində qaldıracaq, xüsusi mətbuat açıqlaması yayacaq, Azərbaycanla həmrəyliyini açıq şəkildə ifadə edəcək. Biz Türkiyənin Azərbaycanın yanından ayrılmadığına əminik və bunu göstərmək istəyirik.
Türkiyə adına siyasət yürüdənlərin yanlışlıqlarına Anadolunun özündə qınaq təşkil etmək iddiasındayıq. Bu məsələdə hər kəsdən yardımlarını gözləyirik. AKP-ni yanlışdan, Türkiyəni xəyanətkarlardan döndərək.
Biz bir millət tək dövlət olmağa qadir, hazır və layiqik. Amma iqtidarların yanlışlıqları, millətə deyil, keçici çıxarlara çalışmaları bu hədəfi, bu yolu yayındırmamalıdır. Türkiyədən, türklükdən dönmək yox; Türkiyənin də bizdən dönməsi mümkünsüzdür. AKP iqtidarı da artıq anlamış və bu səbəbdən də geriyə çəkilmək üçün çabalayır. Fəqət, gizlində ermənilərlə nə yapıbsa da bunu bir türlü bacara bilmir.
Azərbaycan da bir Türkiyədir. Hələ 10-11 il əvvəl mən yazılarımda “Azərbaycan Türkiyəsi” ifadəsi işlədərdim. Bu baxımdan AKP iqtidarı yalnız Azərbaycana deyil, Türkiyəyə, özcə dövlətinə, vətəninə yanlış yapıb; “xəyanət” deməyə dilim varmır da; bu baxımdan bütün Türkiyə təpki verməli, etiraz püskürməlidir. Bir ovuc erməniyə bu qədər ağır hesabla uduzmaq, millətin mənafelərini onların ayağı altına atmaq ən ciddi qınaqlara və üsyanlara layiqdir.
Olsun ki, bunu ötəri çıxarlar üçün - Türkiyənin Avropa Birliyinə üzvlüyü naminə etdiklərini söyləsinlər. Nə olsa belə, vətənin bir parçasını, millətin köklü mənafelərini əldən vermək bahasına yapılan hər şey yanlışdır. AKP iqtidarı iş başına gələndən türklük və türk dünyası üçün qırmızı xətt statusunda nə varsa, hamısını tapdamaqla məşğuldur.
Bir azdan Diyarbəkiri də kürdlərə verəcəklər; KKTC-ni zatən təslim etmiş durumdadırlar; Dağlıq Qarabağ savaşında ermənilərlədirlər; Türkiyə ordusunu yıpratmaqda davam edirlər; siyasətdəki milliyyətçiləri bir küncə sıxışdırmaq üçün dövlətin verdiyi yetkiləri kullanmaqdan qəti çəkinmirlər...

***

Biz onlardan çox şey gözləyirdik; aldıq da. Maaləsəf, əks işarə ilə.
Millət vəkili, əski baş bakanımız Pənah Hüseyn Tayyib bəyin möhkəm azarkeşidir; hara getdi, Tayyib bəyə görə dava salmağa hazırdır; hətta AKP-də də belə bir tayyibçi yox; ondan Osmanlını, Xilafəti bərpa etmək qədər böyük gözləntiləri var. Son söz-söhbətlər çıxandan gözə dəymir hörmətli millət vəkili; bir türlü görəmmirəm ki, soruşum: “Nooldu, bəy, Sizin Tayyib bəy bizim bu Qarabağı nədən xilafətində deyil, ermənilərdə görür?..”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR