İnsanlara hürriyət, millətlərə istiqlal!

Tehranın yeni oyunu - “İRNA-Azəri”...

966 15.08.2023 12:27 Siyasət A A

 

İranın dövlət informasiya agentliyi İRNA yaxın günlərdə Azərbaycanda öz bürosunu açacağı haqda xəbəri Prezident İlham Əliyevin iyulun 21-də Şuşadakı  Qlobal Media Forumunda açıqlamışdı. İRNA xəbər agentliyinin Azərbaycan bölməsi artıq fəaliyyətə başlayıb (mənbə: Axar.az). Amma problem ondadır ki,  adıçəkilən rəsmi xəbər agentliyi “İRNA-Azəri” adı ilə fəaliyyət göstərir.  Azərbaycan Konstitusiyasında rəsmi dili “Azərbaycan dili” kimi qeyd olunub, “azəri” ifadəsi  rəsmi olaraq heç bir sənəddə qeyd olunmayıb. 

Yada salaq ki, Şuşada iranlı jurnalist Prezident İlham Əliyevə ““İRNA-Azəri”nin fəaliyyətə başlaması münasibətlərin güclənməsinə necə təsir göstərəcək” sualını ünvanlayıb. Prezident isə cavabında “Mən ümid edirəm ki, "İRNA Azərbaycan" doğrudan da iki ölkə arasında münasibətin güclənməsinə müsbət təsir göstərəcək" deyib.

Hikmət Babaoğlu: “ABŞ Prezidenti Azərbaycanın rolunu qlobal kontekstdə  qiymətləndirir”

Hikmət Babaoğlu: "İRNA-nın Bakı bürosu "İRNA-Azərbaycan" adlandırılmalıdır"

Milli Məclisin deputatı Hikmət Babaoğlu “Yeni Müsavat”a bildirdi ki, Azərbaycanda İranın İRNA agentliyinin Azərbaycan bürosunun açılması özlüyündə müsbət hadisədir. Ona görə ki, Azərbaycan Prezidenti bu agentliyin Azərbaycandakı fəaliyyətinin iki ölkə arasında münasibətlərin güclənməsinə müsbət təsir göstərəcəyini ifadə edib. Əslində bu fikir həm də nə üçün İRNA-nın ölkəmizdə fəaliyyət göstərməsinə icazə verilməsinin cavabıdır: “Yəni Azərbaycan hesab edir ki, qonşu İranla münasibətlər yaxşı olmalıdır və iki ölkə arsında münasibətlər daha da güclənməli və dərinləşməlidir. Bu Azərbaycanın mövqeyi, istəyi və xoş məramıdır. Ancaq İRNA-nın müxbirinin fəaliyyət göstərəcək büronu "İRNA-Azəri" kimi təqdim etməsi bəribaşdan həmin agentliyin, yaxud elə İranın ölkəmizdə bu büronun fəaliyyətində başqa maraqlarının olmasının göstəricisi hesab edilə bilər. Yəni İRNA-nın və İranın marağı, görünür, sadəcə informasiya mübadiləsi, yaxud iki ölkə arasında münasibətlərin yaxşılaşmasına xidmət etmək deyil, daha başqa məqsədlərə hesablanmış ola bilər. Əks təqdirdə, Azərbaycanın adı azəri kimi təhrif edilməzdi. Bu isə o deməkdir ki, biz agentiyin fəaliyyətində bundan sonra da çoxsaylı təhriflərə rast gələ bilərik və nə qədər qəribə olsa da, İRNA bunu söz və mətbuat azadlığı kimi qələmə verməyə çalışa bilər. Deməli, İRNA-nın Azərbaycanda büro açmaq istəyi əvvəlcədən başqa məqsədlərə hesablanmış ola bilər. Bütün bu ehtimalların və ictimai şübhələrin aradan qaldırılması üçün hər şeydən öncə büro “İRNA-Azərbaycan” adlandırılmalıdır. Çünki “azəri” ifadəsi İranda Azərbaycanlıları kiçik göstərmək üçün istifadə edilən bir ifadədir. Yəni azəri sözünün semantik və etimoloji mənasını təhrif edirlər. Ona görə də İRNA-nın Bakı bürosu “İRNA-Azərbaycan” adlandırılmalıdır".

Mediada çalışanların çoxu Azərbaycan dilini yaxşı bilmir”- Qulu Məhərrəmli

Qulu Məhərrəmli: "İRNA-Azəri" "Mazandarandan gəmi ilə gələn uzunqulaq" rolundadır"

Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Qulu Məhərrəmli isə bildirdi ki, İranın dövlət informasiya agentliyi olan İRNA-nın Azərbaycanda fəaliyyətə başlaması artıq bu bölgədə psixoloji-informasiya müharibəsinin, kiber müharibəsinin getdiyinin təzahürlərindən biridir. İRNA-nın Azərbaycan bölməsinin adına gəlincə, İran dövləti tarixən Azərbaycan, Azərbaycan türkü adına qısqanc yanaşıb, bu gün də belədir: ""İRNA-Azəri" də bunun sübutudur. Hələ 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti adına İranda etirazlar olmuşdu. O dövrki İran hakimiyyəti Azərbaycan adında müstəqil Cümhuriyyətin olmasını qəbul edə bilmirdi. Bununla bağlı Məhəmməd Əmin Rəsulzadə silsilə məqalələr yazıb, İranlı “ideoloqlarla” gərgin diskussiyalar aparıb. İndi isə göründüyü kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “İRNA-Azəri” adı ilə razı olmadığını “İRNA-Azərbaycan” deməklə ortaya qoydu. Ad da önəmlidir. Eyni zamanda agentliyin nə məqsədlə burada fəaliyyətə başlaması da önəmlidir. İran əhalisinin böyük bir qismi Azərbaycan türkləridir. Azərbaycan Respublikasında İRNA-nın bölməsinin yaradılması həmin əhalini məlumatlandırmaq, yoxsa Azərbaycana qarşı informasiya savaşının hüdudlarını genişləndirmək üçündür? Bunları, əlbəttə, zaman göstərəcək. Adın “İRNA Azəri” seçilməsinin də xoş niyyətdən irəli gəlib-gəlmədiyi də bölmənin fəaliyyəti ilə tam aydın olacaq. Farslar “azərilər” deyərkən farslara bağlı bir tayfanı nəzərdə tuturlar həmişə. Pəhləvilərin dövründən qəsdən bu cür ideoloji təbliğat aparılır. Azərbaycan Prezidentinin məlum reaksiyası da İranın məqsədinin nədən ibarət olduğunu görərək verilən reaksiyadır. Azərbaycan indiki həssas vaxtda informasiya cəbhəsini genişləndirməlidir. İnsanların, xəbər agentliklərinin sosial şəbəkələrin, məkrli qüvvələrin təsiri altına düşməyinə imkan verilməməlidir. “İRNA-Azəri” deyilən platforma “Mazandarandan gəmi ilə gələn uzunqulaq” rolundadır. Bunu diqqətə almaq lazımdır".

Etibar SEYİDAĞA,

“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR